İnsanlara hürriyət, millətlərə istiqlal!

Kennedinin prezident vədləri: “Bakıya qarşı sanksiya... ” - ermənilər niyə sevinir?

2067 25.07.2024 10:01 Siyasət A A

Siyasi şərhçi: “Biz bundan da qatı ermənipərəst liderlər görmüşük...”

Qalmaqallı imicinə görə tanınan ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi yenidən Azərbaycanı gündəmə gətirərək “Zartonk Media”ya müsahibəsində prezident olacağı təqdirdə Azərbaycana qarşı “ermənilərin Qarabağdan zorla qovulmasına” görə sanksiyalar tətbiq edəcəyini bildirib. 

Aydındır ki, ABŞ-ın mərhum baş prokurorunun oğlunun Ağ Evin Oval kabinetində kreslo tutmaq şansını heç kim ciddi şəkildə düşünmür. Bununla belə, Co Baydenin prezidentlik yarışından geri çəkildiyi xəbərindən sonra bu iyrənc siyasətçi mətbuat konfransı keçirərək bildirib ki, indi “əsas mübarizə onunla Donald Tramp arasında olacaq” və “sandıqlarda Trampı qabaqlayır”. Buradan belə nəticəyə gələ bilərik ki, Kennedinin ağır çəkili Trampı və ehtimal ki, Demokratlardan prezidentliyə namizədi Kamala Harrisi məğlub etmək üçün gözlədiyi əsas vasitə erməni seçicilərin səsləridir. Bu barədə Haqqın.az yazır. Əbəs yerə deyil ki, kiçik Kennedi öz seçki kampaniyasında Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Ambaryanın tezislərindən vaxtaşırı istifadə edərək Azərbaycana hücum edir. Məsələn, bu ilin yanvarında Cənubi Kaliforniyada erməni icması liderlərinin təşkil etdiyi toplantıda o, prezident olduqdan sonra “Qarabağ üzərində suverenliyi mütləq Ermənistana qaytaracağını” bildirmişdi.

Ambaryan Kennedinin bəyanatını alqışlayaraq qeyd edib ki, “erməni məsələsini prezident seçkisi kampaniyasının gündəmində saxlamaq vacibdir” və “həm hazırkı prezident Cozef Bayden, həm də onun əsas rəqibi Donald Tramp Qarabağın itirilməsinə  görə günahkardır”. 

İndi isə kiçik Kennedi təkcə “Rusiya neftinin Avropa ölkələrinə satılması səbəbindən” Azərbaycanı sanksiyaların tətbiqi ilə hədələməklə kifayətlənmir, həm də Avropa İttifaqı ölkələrini bu sanksiyalara cəlb edəcəyinə söz verir.  Yeri gəlmişkən, “Zartonk Media” internet nəşrinə müsahibəsində Robert Kennedi də Türkiyə haqqında danışıb, rəsmi Ankaranı “Suriyanın şimalında kürdlərin soyqırımı”nda və “Kiprin yarısının işğalında” ittiham edib. O, NATO-nun Türkiyəni “dayandırmaq” üçün lazımi tədbirlər görmədiyini və prezident seçildikdən sonra Şimali Atlantika Alyansının roluna yenidən baxacağını bildirib. Kiçik Kennedinin fikrincə, ABŞ-da inqilab başlayacaq, onun idealizmə, yoxsa qaranlıq reqressiv qüvvələrə əsaslanacağı yeganə sual olaraq qalır.

“Seçim bizimdir”, - prezidentliyə namizəd əlavə edib.

Bundan əvvəl Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsdə məruz qalan keçmiş prezident Donald Tramp kiçik Robert Kennedinin təhlükəsizliyini təmin etməyə çağırmışdı. Tramp hesab edir ki, Kennedinin “ailə tarixini nəzərə alaraq” təhlükəsizliyi təmin edilməlidir.

Qeyd edək ki, Robert Kennedinin eyni ad-soyadlı atası Robert F.Kennedi 1968-ci ildə prezidentliyə namizədlyini verdikdən sonra sui-qəsd nəticəsində öldürülüb.

Donald Tramp üçün “erməni məsələsi” nə indiki, nə də əvvəlki seçki kampaniyalarında aktual deyildi. Seçki yarışını tərk edən Cozef Bayden də erməni diasporunun isterik çağırışlarına baxmayaraq, Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərqərar etməsinə cavab olaraq Bakıya qarşı sanksiyalar tətbiq etməkdən yayındı. Ağ Ev administrasiyası belə qənaətə gəlib ki, ABŞ-ın Cənubi Qafqaz regionunda milli maraqları və xarici siyasət prioritetləri üçün Azərbaycanla münasibətlər erməni diasporunun səsindən daha vacibdir.

Nəticədə Amerika Erməni Milli Komitəsinin uğur şansı olmayan namizədin seçki kampaniyasını maliyyələşdirməkdən başqa çarəsi qalmayıb. 

Kennedinin yalanlarına necə reaksiya verməli? Seçkidə qalib gələcəyi nə qədər qeyri-ciddi səslənsə də, o, ABŞ kimi dövlətdə prezidentliyiə namizəddir, hətta Trampın ona vəzifə vəd etdiyi deyilir. Erməni lobbisinin səsləri nəyi həll edə bilər? Kamala Harris də erməni lobbisinin maraqları naminə belə çıxışlar edə bilərmi?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Robert Kennedinin ermənipərəst mövqedən çıxışı bizim üçün yeni deyil: "Biz bundan da kəsin çıxışların şahidi olmuşuq və bundan da qatı ermənipərəst liderlər görmüşük. Onların içində ən ermənipərəsti Co Bayden idi ki, ömrünü ermənilərə xidmətə həsr eləmişdi. Ancaq Co Bayden prezident seçildikdən sonra erməniləri ən çox narazı salan prezidentlərdən oldu. Ona görə də hesab edirəm ki, bu gün Robert Kennedinin ermənilərin səsini qazanmağa hesablanan çıxışlarının nəticəsi uzağı ona bir neçə milyon xeyir gətirər. Başqa bir nəticəsinin olacağına inanmıram. Onsuz da ABŞ imkan daxilində, mümkün saydığı qədər ermənipərəst mövqe tutub və bundan sonra da tutmaqda davam eləyəcək. Seçiləcəyi təqdirdə Kamala Harris də eyni mövqeni tutacaq, eyni bəyanatlar verəcək. Donald Trampdan da mən elə də böyük fərqli mövqe gözləmirəm. Azərbaycana imkan daxilində hamısı öz maraqları üçün təzyiqlər göstərəcəklər”.

Ekspert vurğuladı ki, biz də bu təzyiqlərin qarşısında indiyə qədər nə cür dayanmışıqsa elə də dayanmalıyıq: “Robert Kennedi kimilərini nə çox ciddiyə almamalıyıq, nə də tam laqeyd qalmamalıyıq. İşimizi milli maraqlarımıza uyğun  şəkildə gücləndirməliyik. Çox təəssüf ki, biz bu sahədə hələ də lazım olan səviyyəyə çata biıməmişik. Fəallaşmalıyıq, aktiv olmalıyıq, eyni zamanda öz mövqeyimizdə qəti dayanmalıyıq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR