İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərin Başlıbelinə qayıdış hazırlığı

1680 13.04.2022 09:50 Yazarlar A A

Kənd ziyalıları ilə rayonun deputatının görüşündə hökumətə təkliflər ünvanlandı

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdış”a dövlət səviyyəsində hazırlıqlar istiqamətində işlər davam etdirilir. Sevindirici hal odur ki, bərpa-quruculuq işlərində işğaldan azad edilmiş rayonların, kəndlərin əhalisi də iştirak etməyə həvəs göstərir. Dövlətin həyata keçirdiyi və keçirəcəyi işlərə dəstək vermək, bu prosesin daha da arzuedilən səviyyədə getməsi üçün yerli sakinlər olaraq təkliflər irəli sürürlər, təşəbbüskarlıq edirlər.
Məsələn, ötən həftənin sonunda Kəlbəcər rayonunun Başlıbel kəndinin ziyalılarının bir qrupu Milli Məclisin deputatı Aqil Məmmədovla görüşüblər. Bakı Mühəndislik Universitetində baş tutan görüş Başlıbel kəndinin bərpa-quruculuq işləri məsələsində sakinlərin istək və təkliflərinin nədən ibarət olduğunun səsləndirilməsi üçün əhəmiyyətli sayılan görüş olub.

İşğaldan azad edilmiş Başlıbel kəndinin bərpasına və quruculuğuna həsr olunmuş görüşdə deputatla yanaşı, Kəlbəcər icra hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov da iştirak edib.

Без названия (9).jpg (120 KB)

Görüşün təşəbbüskarı və təşkilatçısı, Başlıbel kənd orta məktəbinin müəllimi Sabir Mirzəyev giriş nitqində toplantının məqsəd və məramları barədə məlumat verib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, quruculuq işlərinin sürətləndirilməsi və Qarabağa qayıdış Azərbaycanın ictimai həyatında önəmli hadisəyə çevrilib. Zəfərdən dərhal sonra işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı xüsusi Dövlət Komissiyasının yaradıldığını, Prezident İlham Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməlinin qoyulduğunu xatırladan Sabir Mirzəyev erməni zülmündən əziyyət çəkmiş, kütləvi qətliama məruz qalmış Başlıbel camaatının tezliklə öz yurd-yuvasına qayıtmaq istədiyini bildirib.

Görüşdə əhalisinin sayına, işğaldan əvvəlki dövrdə sosial-iqtisadi göstəricilərinə, mədəni inkişaf səviyyəsinə görə Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən sayılan Başlıbel kəndində bərpa və quruculuq işlərinə xüsusi diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Bərpa və yenidənqurma proqramında Kəlbəcərin və ən ucqar kəndi olan Başlıbeli rayon mərkəzi ilə əlaqələndirən yol infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilməsi xahiş olunub. Bildirilib ki, məhz alternativ yolların olmamasına görə işğal zamanı əhalisi mühasirə vəziyyətinə düşən və kütləvi qətliama məruz qalan Başlıbel kəndi rayon mərkəzindən 58 km məsafədə yerləşir. Bərpa və yenidənqurma zamanı rayon mərkəzinin cəmi 16 kilometrliyində yerləşən Qaraçanlı kəndi və “Qoçdaş” yaylağı istiqamətindən Başlıbelə yol çəkməklə bu zonadakı yaşayış məntəqələrinə, o cümlədən Xallanlı, Taxtabaşı və Ağcakəndə məsafəni ən azı 50 faizə qədər azaltmaq mümkündür. Hesablamalara görə, bu təklif reallaşarsa, rayon mərkəzindən Başlıbelə olan məsafə 58 km-dən 20-22 km-dək qısalacaq. Bu, həm də inşasına başlanmış Kəlbəcər-Laçın magistralının dairəvi yol kimi əhəmiyyətini artıra bilər. Belə olduqda İstisu qəsəbəsi ilə Qaraçanlı kəndi arasında yerləşən 11 kəndin də Kəlbəcər-Laçın magistralına çıxışı asanlaşacaq.

Ziyalılar yerli iş adamlarının, təcrübəli mühəndis, konstruktor və texnoloqların Kəlbəcər rayonunda, xüsusilə Başlıbel kəndində həyata keçiriləcək layihələrə dair təkliflərinin nəzərə alınmasının, bərpa proqramlarının icrası mərhələsində onların da iştirakının təmin edilməsinin əhəmiyyətindən danışıblar.

Görüşdə qayıdışa qədər olan dövrdə həlli vacib bəzi məsələlərin reallaşmasına köməklik göstərilməsi xahiş olunub. Buraya aşağıdakılar daxildir:

- Alıbəyli kəndindən (bu yaşayış məntəqəsi keçmişdə Bəylik, 2015-ci ilədək Tirkeşəvənd adlandırılırdı) Başlıbelə qədər olan 11 kilometrlik torpaq yolda cari təmir işləri aparılmaqla avtomobillərin maneəsiz hərəkətinə şərait yaradılması;

- Yaz-yay mövsümündə kənd sakinlərinin, xüsusilə yaşlı nəslin nümayəndələrinin, şəhid ailələri və müharibə veteranlarının öz yurd-yuvasını ziyarət etməsi üçün mövcud qaydalar əsasında səfərlərinin təşkil olunması;

- Yol məsafəsinin uzaqlığını nəzərə alaraq Başlıbel kəndinə ziyarətə gedən sakinlərin icazə müddətinin ən azı 2 (iki) sutka müəyyən edilməsi;

- Ziyarətə yollanan kənd sakinlərinin gecələməsi üçün Başlıbel, Alıbəyli və ya Zülfüqarlı kəndlərinin birində modul tipli qonaq evlərinin tikintisi və s.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Başlıbel kəndində həyata keçiriləcək quruculuq işlərinin yüksək səviyyədə icra olunacağına əminlik ifadə olunub.

İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb – Polisə.az

Çıxışlardan sonra deputat Aqil Məmmədov və rayon icra hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev səsləndirilən təkliflərə münasibət bildiriblər. Qeyd olunub ki, Başlıbel kəndinin bərpası ilə bağlı narahatlıq doğuran bütün məsələlər, onların arzu və istəkləri aidiyyəti dövlət orqanlarına çatdırılacaq.

Qeyd edək ki, Başlıbel kəndi Kəlbəcərin işğalı zamanı və işğaldan sonra ermənilərin dinc əhaliyə qarşı qətliam həyata keçirdiyi kənd kimi tanınır. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın sakini və 9 nəfər əsgər) dağlara sığınıblar. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bu günədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR