İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş Dağlıq Qarabağ Ermənistanın ərazisi olsaydı...

748 19.09.2023 13:04 Yazarlar A A

Keçmiş Dağlıq Qarabağdakı oyuncaq xunta Rusiya maşınını Xankəndinə buraxsa da Azərbaycanın humanitar yüklə dolu iki maşını biz bu sətirləri yazanda artıq on səkkizinci gün idi ki, Ağdam yolunda gözləyirdi.

Bu nə “prinsip”dir? Ermənilər bununla nəyə nail olmaq istəyirlər? Məgər onlara aydın deyilmi ki, keçmiş Dağlıq Qarabağın “blokada”sı haqqındakı nağıllar ayaq tuta bilmədi, onları Fransadan başqa demək olar ki, heç kim qəbul etmədi? Üstəlik, Rusiya öz maşınını Ağdam-Xankəndi yolundan göndərməklə demək olar ki, özü öz müttəfiqini tamam-kamal ifşa etmədimi?..

Biz bu suallara bircə-bircə cavab verməyəcəyik, çünki onların cavabları hamıya məlumdur. Aydın məsələdir ki, bu yolla ermənilər Azərbaycana təzyiq etmək, Laçın dəhlizini bərpa etmək istəyirlər. Amma əbəsdir. Ona görə ki, erməniləri elə-belə yol yox, nəzarətsiz keçid maraqlandırır ki, bu yolla Xankəndinə silah-sursat daşısınlar.

Əslində heç bir vaxt qanuni “Laçın dəhlizi” anlayışı olmayıb, Azərbaycan heç vaxt ermənilərə belə bir dəhliz verməyibdir. Ermənilər Laçını da, Laçın yolunu da işğal etmişdilər və bu yoldan nəzarətsiz-filansız istifadə edirdilər. Aydın məsələ idi ki, Bakı işğal olunmuş rayonlarını, o cümlədən də Laçını qaytarandan sonra vəziyyət dəyişəcək.

Bir də hansı “dəhliz”dən söhbət gedə bilər? Əgər keçmiş Dağlıq Qarabağ Ermənistanın ərazisi-anklavı olsaydı bəlkə də hansısa dəhlizdən danışmaq olardı.

Amma belə bir şey yoxdur. Həm də bu “məntiq”lə gərək, ermənilər çoxdan bizim Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən dəhliz verəydilər bizə! Bu “məntiq”lə gərək, biz Gürcüstandan bu ölkədə azərbaycanlılar yaşayan ərazilərə keçmək üçün dəhliz tələb edək!..

Bir sözlə, bunlar hamısı absurddur. Əsas odur ki, biz addımbaaddım öz istəklərimizə və məqsədlərimizə çatırıq. Keçmiş Dağlıq Qarabağ problemi bizim gözlərimiz önündən keçib gedib. Yadımıza gəlir ki, hələ otuz il bundan əvvəl ictimai və siyasi müzakirələrdə deyilirdi ki, Dağlıq Qarabağ problemini həll etmək çox asandır, bunun üçün yetər ki, bu bölgəyə aparan yolları-irizləri nəzarətə götürəsən.

Əlbəttə ki, bunu deyən insanlar haqlı idilər. Amma bu işi həyata keçirmək üçün otuz il vaxt lazım oldu. Məsələ bunda idi ki, doxsanıncı illərin əvvəllərində nəinki Azərbaycan Ordusu yox idi, heç Azərbaycan dövlətinin özü belə əməlli-başlı formalaşmamışdı...

Bəli, indi vəziyyət tamam dəyişib. Rusiya “sülhməramlı”ları “partizan” üsulları ilə keçmiş Dağlıq Qarabağa silah-sursat daşımağa davam etsələr də ordumuz demək olar ki, bütün bölgəni nəzarətə götürübdü. O ki qaldı “sülhməramlı”ların fironluğuna, ona da son qoyulacaqdır. Əslində elə bugünlərdə Rusiya Qırmızı Xaç Cəmiyyəti öz humanitar yükünü Ağdam yolundan göndərməklə “sülhməramlı”lar üçün də bir presedent yaratdı.

Onlar da daha anlamalıdırlat ki, Dağlıq Qarabağ Ermənistanın ərazisi və ya anklavı deyil, ona görə də onlar bütün əlaqələri İrəvanla qurmamalıdırlar. Bugünlərdə başqa bir adam yox, Rusiyanın Prezidenti Vladimir Putin bəyan etdi ki, Ermənistan özü Dağlıq Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb. Amma prezident V.Putin bunu ilk növbədə az qala, iki aydan bir dəyişdiyi generallarına, bölgədəki “sülhməramlı” kontingentin komandanlarına izah etsəydi çox yaxşı olardı.

Bir daha deyirik ki, onlar əlaqələrini Bakı ilə qurmalıdır, gəl, nə edəsən ki, bu otuz ildə Kreml Dağlıq Qarabağı daim Azərbaycanın nəzarətindən çıxarmağa çalışıb...

Amma bu oyunlar bitmək üzrədir, Dağlıq Qarabağ addımbaaddım öz sahibinə qayıdır. O ki qaldı bu bölgədəki ermənilərə və onların oyuncaq xuntalarına, onlar kütləvi şəkildə intihar etmək yolunu da tuta bilərlər, di gəl, bu, heç nəyi dəyişməyəcək, çünki qatar çoxdan gedib...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR