İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kabus ssenarisi" reallaşır: vaxt azalır, onları sərhəddən çıxarmaq üçün...

3128 28.12.2023 19:27 Dünya A A

İsrail - HƏMAS müharibə başladığı gündən Livan Hizbullahının müharibəyə qarışması və yeni cəbhə açması İsrail üçün “kabus ssenarisi” kimi dəyərləndirilir.

Musavat.com xəbər verir ki, Hizbullah bu həftə İsrailə bir neçə dəfə hücum edib. Bu hücumlar arasında iki israilli xristianın yaralandığı yunan pravoslav kilsəsi də olub.

İsrail Baş naziri Benyamin Netanyahunun sözçüsü Eylon Levi dünən verdiyi açıqlamada "hazırda yol ayrıcında" olduqlarını deyib: "Ya Hizbullah BMT-nin 1701 saylı qətnaməsinə uyğun olaraq İsrail sərhədindən çəkiləcək, ya da özümüz onları geri çəkərik. Hizbullah Livanı tamamilə lazımsız müharibəyə, HƏMAS-ın başladığı müharibəyə sürükləyir. Bizim region daha geniş müharibəyə layiq deyil".

Müharibə kabinetinin üzvü Benni Qantz jurnalistlərə açıqlamasında deyib: "Bütün dünyada olan dostlarımıza deyirəm: Diplomatik həll üçün vaxt azalır. Dünya və Livan hökuməti Hizbullahı sərhəddən çıxarmaq üçün hərəkətə keçməsə, bunu İsrail Silahlı Qüvvələri edəcək”.

658d06dd061030a75658b47f.jpg (66 KB)

İsrailin müdafiə naziri Yoav Gallant da bu həftənin əvvəlində İsrailin indi çoxcəbhəli müharibə apardığını açıqlayıb. İsrail Ordusu Livan sərhədindəki şimal komandanlığının həyəcan vəziyyətində olduğunu açıqlayıb, Baş Qərargah rəisi general-leytenant Herzi Halevi isə "lazım gələrsə hücuma hazır olmalıyıq" deyib.

ABŞ-ın “Washington Post” nəşri müharibənin Livanı da əhatə edəcəyinə dair işarələrin getdikcə artdığına diqqət çəkib: “Hizbullahın təxminən 150.000 raket ehtiva edən böyük bir arsenalı var və döyüşçüləri yaxşı təlim keçir. Livanla müharibə, şübhəsiz ki, regionda əzabları artıracaq”.

“The New York Times” nəşri İsrail hərbi rəsmilərinin müharibəni ikinci cəbhəyə aparmağa hazır olduğunu vurğulayıb.

Daha geniş müharibə təhlükəsi Qəzzada qarşıdurma başlayandan bəri ABŞ və müttəfiqlərinin ən böyük narahatlıqlarından biridir. Bu narahatlıq ABŞ-ı Şərqi Aralıq dənizinə iki təyyarədaşıyan gəmi göndərməyə vadar edib.

658d04fe061030a75658b46c.jpg (78 KB)

Qeyd edək ki, İsrail və Hizbullah sonuncu dəfə 2006-cı ildə baş verən və 34 gün davam edən “Livan müharibəsi”ndə üz-üzə gəlib. Hər iki tərəf qələbəni elan etsə də, müharibədə qalib olmayıb və uduzanlar Livan vətəndaşları olub. Toqquşmalar 1100-dən çox Livan vətəndaşının və 165 israillinin ölümü ilə nəticələnib.

Təl-Əviv administrasiyası 2006-cı ildən Hizbullahla müharibəyə girməkdən yayınsa da, İsrail və Livan arasında BMT-nin nəzarətində olan "Mavi Xətt" boyunca gərginlik yay boyu yüksək olub. Bu gərginlik oktyabrın 7-də baş verən toqquşmalarla pik həddə çatıb.

Hizbullahın tam zamanlı və ehtiyat əsgərlər də daxil ümumilikdə 60 min döyüşçüsünün olduğu və 2006-cı ildə 14 min olan raket ehtiyatının indi 150 minə yüksəldiyi düşünülür.

Təhlilçilər vurğulayırlar ki, böyük dəqiqliklə idarə olunan raket arsenalı və minlərlə təcrübəli qırıcısı olan Hizbullah İsrail üçün HƏMAS-dan qat-qat ciddi təhlükə yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR