Qulu Məhərrəmli: "Kitabxana kitab mağazası deyil, onun tamamilə fərqli aurası, fərqli xidmət sistemi, özünəməxsus ab-havası və mühiti var..."
“Sovet dövründən miras qalan kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından ciddi problemlər mövcuddur. Kitabxana fondlarını təhlil edərkən bu çatışmazlıqları aydın şəkildə müşahidə etmişik. Bu gün kitabxanalarımız cəmiyyətin bütün tələbatlarını tam şəkildə ödəyə bilirmi? Təəssüf ki, xeyr. Məhz buna görə də kitabxana sisteminin yenilənməsi və inkişafı dövlət üçün prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib”.
Bu fikirləri mədəniyyət naziri Adil Kərimli Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirələr zamanı səsləndirib.
Nazirin sözlərinə görə, kitabxana sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması və müasir çağırışlara uyğun şəkildə yenidən qurulması istiqamətində həm Mədəniyyət Nazirliyi, həm də hökumət qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Məqsəd kitabxanaları sadəcə kitab saxlanılan məkan deyil, bilik, maarifçilik və ictimai ünsiyyət mərkəzlərinə çevirməkdir.

Ancaq ortaya vacib bir sual çıxır: bu gün insanlar həqiqətən kitabxanalara gedirmi?
Son illərdə Azərbaycanda nəşriyyatların sayı artıb, beynəlxalq və yerli kitab sərgiləri keçirilir, yüzlərlə xarici əsər Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilir. Kitab mağazalarının sayı çoxalır, müxtəlif mövzularda yeni nəşrlər bazara çıxarılır. Sosial şəbəkələrdə kitab müzakirələri aparılır, oxu klubları formalaşır. Bütün bunlar kitab və mütaliəyə marağın müəyyən qədər artdığını göstərir. Lakin eyni dinamikanı kitabxanalarda görmək mümkündürmü?
Müasir dövrdə insanların informasiya əldə etmə üsulları köklü şəkildə dəyişib. İnternet, elektron kitablar, audiokitablar, sosial şəbəkələr və süni intellekt platformaları informasiyaya çıxışı əvvəlki dövrlərlə müqayisədə qat-qat asanlaşdırıb. Bir çox gənc axtardığı məlumatı bir neçə saniyə ərzində telefon vasitəsilə əldə edə bilir. Bu isə ənənəvi kitabxanaların cəlbediciliyini müəyyən qədər azaldır. Digər tərəfdən, o da məlumdur ki, bir çox kitabxanalar hələ də köhnə fəaliyyət modeli ilə işləyir. Bəzi kitabxanalarda fondlar yenilənmir, müasir ədəbiyyat çatışmır, rəqəmsal xidmətlər zəif inkişaf edib. Oxucular üçün rahat iş mühiti, müzakirə və tədbir məkanları hər yerdə mövcud deyil. Nəticədə kitabxana ilə müasir oxucu arasında müəyyən məsafə yaranır.
Ekspertlər hesab edirlər ki, kitabxanaların yenidən cəmiyyətin diqqət mərkəzinə qayıtması üçün onların funksiyası dəyişməlidir. Müasir kitabxana təkcə kitab götürülən yer deyil, seminarların, təqdimatların, yaradıcılıq görüşlərinin, intellektual debatların, təlimlərin və müxtəlif maarifləndirici tədbirlərin keçirildiyi canlı mədəniyyət məkanı olmalıdır.
Bəs sosial şəbəkələr dövründə kitabxanaya marağı necə artırmaq olar?

Mövzu ilə bağlı filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli Musavat.com-a danışıb. Professor qeyd edib ki, internetin meydana çıxmasından və informasiyanın əldə edilməsinin xeyli asanlaşmasından sonra kitabxanalara getmək, orada oturub işləmək əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalıb və məhdudlaşıb: “İndi cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, kitabxanalar əsasən mütəxəssislərin, tədqiqatçıların, əlyazmalarla işləyənlərin və nadir kitablar üzərində araşdırma aparan insanların müraciət etdiyi məkanlardır. Halbuki, əslində vəziyyət tam belə deyil.
Doğrudur, bu gün çoxlu sayda kitablar çap olunur, kitab mağazalarının sayı artır, müxtəlif kitab sərgiləri, təqdimatlar və müzakirələr keçirilir. Bütün bunlar müsbət reallıqlardır. Lakin kitabxana yenə də öz ənənəvi və klassik funksiyasını qoruyub saxlayır. Çünki kitabxana kitab mağazası deyil. Onun tamamilə fərqli aurası, fərqli xidmət sistemi, özünəməxsus ab-havası və mühiti var. İnsan kitabxanaya gedib əyləşəndə sanki gündəlik həyatın səs-küyündən, sosial şəbəkələrin yaratdığı diqqət dağınıqlığından uzaqlaşır. Yazdığı məqalə, üzərində işlədiyi araşdırma və ya öyrəndiyi mövzu ilə bağlı mənbələri toplayarkən tamam başqa bir atmosferə düşür. Kitabxanada hökm sürən sakitlik, intellektual mühit və bilik atmosferi insanın daha məhsuldar işləməsinə şərait yaradır”.
“Kitabxanaların cazibəsini artırmaq üçün nə etmək olar?” sualına Qulu Məhərrəmli bu cür cavab verib:
“Bu, bir tərəfdən kitabxana əməkdaşlarının və bu sahədə çalışan mütəxəssislərin üzərində düşünməli olduğu məsələdir. Digər tərəfdən isə kitabxanaya müraciət edən insanların ehtiyac və tələbatları da nəzərə alınmalıdır. Dünya kitabxanaları bu problemi necə həll edir? Məsələn, ABŞ-dakı Konqres Kitabxanası və ya dünyanın digər böyük kitabxanaları təkcə kitab saxlanılan məkan deyil. Onlar həm də mədəniyyət mərkəzi, ünsiyyət platforması, intellektual müzakirə məkanı və kitab dünyası ilə canlı təmas nöqtəsidir.Məhz buna görə də kitabxanalarda müxtəlif və cəlbedici fəaliyyət formalarının tətbiqi vacibdir. İlk növbədə kitab təqdimatlarının keçirilməsi mühüm rol oynayır. Bundan əlavə, kitabxanaların öz daxilində müxtəlif kitab sərgilərinin təşkili vacibdir. Bu sərgilər həm ayrı-ayrı müəlliflərə, həm də müxtəlif mövzulara həsr oluna bilər. Məktəblilərin kitabxanalara xüsusi proqramlar çərçivəsində dəvət edilməsi, tələbələr və magistrantlar üçün xüsusi günlərin təşkili də maraqlı təşəbbüslərdən ola bilər.Məsələn, “Magistr günü”, “Tədqiqatçılar günü”, “Oxucu günü” kimi layihələr həyata keçirilə bilər. Oxucu disputları və müzakirə klubları artıq ənənəvi formalar sayılsa da, yenə də öz aktuallığını qoruyur. Bununla yanaşı, kitabxanaların daha çox ziyarət olunması üçün yeni və yaradıcı formatlardan istifadə edilməlidir. Azərbaycanda kifayət qədər böyük kitabxanalar fəaliyyət göstərir. Gənclər üçün ayrıca kitabxanalar, məktəb kitabxanaları və müxtəlif ixtisaslaşmış kitabxanalar mövcuddur. Onlar da çalışırlar ki, oxucuları cəlb etsinlər, müəlliflərlə görüşlər təşkil etsinlər və müxtəlif maarifləndirici tədbirlər keçirsinlər. Lakin həyat daim dəyişir, yeni çağırışlar və yeni şərtlər ortaya çıxır. Mənə elə gəlir ki, kitabxana sahəsində çalışan mütəxəssislər də bu dəyişiklikləri diqqətlə izləməli, müasir dövrün tələblərinə uyğun yeni üsul və formalar tətbiq etməlidirlər”.
Xalidə Gəray
Musavat.com






