İnsanlara hürriyət, millətlərə istiqlal!

İTV-nin “düşən maskası” - yeni şou haqda kimlər nə dedi...

1984 26.01.2024 18:47 Şou-biznes A A

Aydın Xan Əbilov: “Azərbaycan tamaşaçısını surəti çıxarılmış, amma zəif hazırlanmış verilişlərlə təəccübləndirmək çətindir”

Ötən ilin dekabrında İctimai Televiziyada (İTV) yeni musiqi layihəsi uğurla start götürüb. “Maska” Cənubi Koreyada nümayiş etdirilən və MBC kanalında yayımlanan dünyaca məşhur “King of Mask Singer” şousunun Azərbaycan versiyasıdır.

2019-cu ilin yanvar ayında proqram Amerika televiziyasında “The Masked Singer” adı ilə efirə gedib.

Bu format Almaniya, Fransa, Rusiya, Meksika, Avstraliya və Tayland da daxil olmaqla dünyanın onlarla ölkəsinə satılıb.

Layihə tez bir zamanda bütün dünyada televiziya tamaşaçıları arasında populyarlıq qazandı və indi bu əyləncə proqramı bizim yerli pərəstişkarlarının qəlbini fəth edir.

a3f7e414-327c-4764-a986-0d1ace34.jpg (439 KB)

Müsabiqənin münsifləri xalq artisti Faiq Ağayev, əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal və Murad Arif, aparıcısı isə Kamilya Babayevadır.

Qeyd edək ki, bu şou “Kimsən sən?” deyən beş nəfər xəfiyyə-jüri və bir-biri ilə ifa rəqabətinə çıxan maskalı məşhurların qarşıdurması üstündə qurulub. Belə ki, başdan-ayağa müəmmalı obraza bürünmüş 12 məşhur tanınmaz görkəmdə səhnəyə çıxır və şou boyunca həm bir-biri ilə, həm də onları tapmağa çalışan jüri ilə mübarizə aparır. Mübarizə zamanı maskanın içindəki məşhur elə etməlidir ki, səsi və səhnə duruşu ilə tamaşaçıların rəğbətini də qazansın, jüri üzvlərini çaşdıra da bilsin.
Verilişin maraqlı tərəfi odur ki, gedişatı izləyə-izləyə tamaşaçılar da bir növ detektivə çevrilirlər. Maskanın altında gizlənən şəxslə bağlı öz təxminlərini sosial şəbəkələrdə paylaşırlar.

Bəs yeni şou nə qədər maraq doğura bilib?

Musavat.com xəbər verir ki, tanınmış jurnalist İradə İsaq verilişlə bağlı təəssüratlarını bu cür qeyd edib:

1699080786_iradeisaq.png (650 KB)

“İTVdə "Maska" verilişini televiziyadan deyil, Facebook-da paylaşılan hissəcikləri izləmişəm. Hələ ən yaxşı hissələri yəni. Müsbətləri öz yerində. Həqiqətən yaxşı hazırlanır. Maskalardan tutmuş çıxışlara qədər. İki məqam ürəyimcə olmadı:

1. Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım Eurovision qalibdir, filan öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Və hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur.

2. İştirakçıların yeri gəldi-gəlmədi bu şounu keçirdiyi üçün İTV-ni, verilişi tərifləməsi, "bizdə də belə layihə çəkilir, ay aman" sözlərini hər dəfə xüsusən qeyd etməsi çox sünilik yaradır. Bu əziklikdən qurtulmaq gərək. Maska nə İTV-nin layihəsidir, nə də burda qeyri-adi nəsə var. Beynəlxalq layihədir, pulu olan alır, alanla da şərt kəsirlər ki, layihənin mövcud standartlarından çıxmaq, keyfiyyəti aşağı salmaq olmaz. Vəssalam, yoxsa dərhal dayandırılar. Mən bir dəfə də elə bahalı layihəni gətirdiyi üçün Acuna təşəkkür edən bir münsif görmədim. Yəni artıq bu əziklik, yersiz tərif sindromunu bitirmək lazımdır. Qalan hər şey əladır.

Orda da ən doğru münsif olaraq Murad Arifi görürəm. Nigar Camalın yerinə isə kimi görürsünüzsə, təbii Azərbaycan və dünya musiqisini bilən, başı çıxan onun namizədliyini yaza bilərsiniz. Mənə də maraqlı olar. Mən Teymur Əmrah olaraq düşündüm. Həm də adamın şou tərəfləri də var”.

1695139146_jale_hesenli.jpg (62 KB)

Teleaparıcı Jalə Həsənli: “Hansı məşhur bu layihədə iştirak etmək istəməz ki? Qonşu ölkələrin telekanallarında yayımlananda o verilişi sevərək izləyirdim. Bizdə ilk veriliş gedəndə baxmamışdım. Səhərisi gün gördüm, dost-tanış telefonuma Xarıbülbülün fotolarını göndərib. Məni o obraza bənzədənlər olub. Açdım verilişi, izlədim və çox bəyəndim. İTV-ni təbrik edirəm. Əziyyətli bir işdir. Yeganə gözümə batan məqam studiyadakı tamaşaçıların bəzən dozasını aşan emosiyalarıdır. Münsif kimi Murad Arifin analizləri mənə maraqlı gəlir. Kamilə xanımın səmimiyyətini sevirəm. Layihəyə bol tamaşaçı və yüksək reytinq diləyirəm".

c7f041d0-7bc4-324c-9a5a-fed2db85defc_850.jpg (48 KB)

Aktyor Vüsal Murtuzəliyev: “Artıq insanlar türk seriallarının növbəti bölümünü izlədikləri həyəcanla bazar gününü, necə deyərlər, iplə çəkirlər. Çox maraqlı layihədir. Peşəkar hazırlanıb. Diqqətlə izləyirəm. Maskanın içindəkilər təəccübləndirməyi bacarır. İctimai TV-ni bu uğurlu layihəyə görə ürəkdən təbrik edirəm. Məncə, bütün yaş qruplarına xitab edən və Azərbaycan tamaşaçısının ürəyincə olan bir şoudur".

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə Musavat.com-a açıqlamasında bildirib:

aydinxan77.jpg (49 KB)

“Müstəqillik dövründə Azərbaycanın istər özəl, istərsə də dövlət kanalları, həmçinin internet televiziyaları çox maraqlı, rəngarəng, tamaşaçıları cəlb edən verilişlər nümayiş etdirirlər. Yəni, reportajlar, proqramlar, seriallar və tok-şoular sosial layihələr formasında Azərbaycan tamaşaçısının diqqətinin cəlb edə biliblər.

Amma sözsüz ki, onların hamısı yüksək səviyyədə deyil. Lakin nəzərə alaq ki, televiziyaların büdcəsi yüksək deyil. Ona görə də televiziyalar az işçi, əməkdaş ilə bu işləri görməyə çalışırlar.

Müstəqillik dövründən etibarən Avropa, Amerika və Türkiyə kanallarının veriliş, proqram estetikası texnologiyası bizə təsir etməyə başladı. Hətta kopyalanmış, sürəti çıxarılmış verilişlər məhz ana dilimizdə, Azərbaycanın insanının iştirakı ilə hazırlandığına görə həm televiziya, həm də mədəniyyət tarixində öz yeri var. Xüsusən də müasir zamanın arxivləşdirilməsi, elektronlaşdırılması baxımından əlbəttə ki, bunlar dəyərləndirilməlidir. Lakin bir çox yeniliklər təqdim edən və onun piarını quran televiziya kanalları bəzən unudurlar ki, onların yenilik dediyi verilişlərə Azərbaycan tamaşaçısı xarici kanallarda çox əvvəl baxıb. İndi sürət, internet, sputnik televiziyası əsridir. İndi Azərbaycanda dünyanın ən müxtəlif televiziya kanalları izlənilir. Bu baxımdan Azərbaycan tamaşaçısını surəti çıxarılmış, amma zəif hazırlanmış verilişlərlə təəccübləndirmək çətindir.

Hesab edirəm ki, İctimai Televiziyada yayımlanan “Maska” şousu Azərbaycan teleməkanı üçün maraqlı verilişdir. Həm rəngarəng, dekorasiya, həm də digər amillər baxımından maraqlı şoudur. Lakin bu həm də 2 il əvvəl yerlimizin qalib gəldiyi, Rusiya televiziyasında yayımlanan “Maska” şousunun bir kopyasıdır. Bütövlükdə münsiflər heyətinə yalnız müğənnilərin iştirak etməsi, ciddi ekspert ola biləcək tamaşaçıların da münsiflər heyətinə dəvət edilməməsi bu tipli verilişlərin ən böyük problemidir. Bəs tamaşaçı nə istəyir, nə gözləyir? Bu məsələ yoxdur. Yenə də eyni şeylərdir. Yüksək səviyyəli yumor görmürük. Amma Rusiya və digər ölkə kanallarında yayımlanan “Maska” şousuna baxanda görürük ki, zarafatlar, kəskin satira olsa da, intellektual yumor, gülüş də var. Amma bizdə görürük ki, Faiq Ağayev, Coşqun Rəhimov nə qədər çalışsalar da intellektual gülüş, şou alınmır. Hətta Murad Arifin iştirakı buna kömək etmir. Hesab edirəm ki, nəsə fərqli bir şey fikirləşmək lazımdır”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR