İnsanlara hürriyət, millətlərə istiqlal!

İti bucaqlar və bıçaq itiləyənlər

1614 04.04.2023 09:50 Yazarlar A A

“Yağ gətirin yağlayaq, Dəsmal gətirin, bağlayaq"

(folklorumuzdan)

Bakı ətrafı qəsəbələrdən birində məktəbin həyəti qəbristanlığa baxır. Orda oxuyan uşaqların ən sevimli əyləncəsi sizcə nə olsa yaxşıdır? Həmin qəbristanlığa gedib ordakı məzarlardan biri ilə şəkil çəkdirmək. İndiki dildə desək, selfi eləmək. Bəs o məzarda hansı ünlü şəxsiyyət dəfn edilmişdir ki, gənc nəsildə onun xatirəsi belə əziz tutulur? Tosu Zəngilanlı.

Məktəbin direktoru, qarovulçular uşaqların qarşısını kəsməkdə acizdir. Valideynləri məktəbə çağırıb şikayət ediblər, sizcə o ata-analar hansı tədbiri görüb? Özləri də eşidən kimi qəbristanlığa qaçıb Tosunun məzarıyla şəkil çəkdirmişlər.

Açığı, bu əhvalat mənə danışılana qədər rəhmətliyi yaxşı tanımırdım. Ad-ayama quruluşuna görə hansısa kriminal avtoritet, yaxud Azərbaycan Yazıçılar Birliyinin üzvü olmasını zənn etdim. Hər halda bizim ulu millətimizin bu iki kateqoriyadan olan insanlara böyük hörməti vardır. Məsələn, Bakıda ən çox şairlərə heykəl qoyulmuşdur. Kriminal avtoritetlərin heykəl-məzarları isə davamlı ziyarət edilən yerlərdəndir.

Uzun sözün qısası, Allah interneti çıxardanın atasına rəhmət eləsin, Həzrəti-Guqul vasitəsiylə Tosu Zəngilanlını axtarışa verdim, qarşıma çıxan ilk video Tosu-nun oxuduğu “Yandırır” mahnısı oldu. Sən demə rəhmətlik Tik-tok fenomeni imiş, orda-burda nəsə komik videolar paylaşırmış. Mahnı və klip haqda nəsə yazmağa ehtiyac duymuram, yalnız klipə Yutub-da ilk şərhi (Nicat Sadıqov adlı yoldaş yazmışdır) burda verim, hörmətli oxucular, o cümlədən mənim kimi Tosu müəllimin həyat və yaradıcılığından kəsirli qalmış zəhmətkeşlərimizə məsələ bir az aydın olsun: “Bu mahnını alarma qoydum, indi heç yerə gecikmirəm, çünki mahnını eşitməmək üçün avtomatik 20 dəqiqə qabaqcadan oyanıram”.

Bəli, müdriklər demişkən, proses sanki bir az uzun çəkdi və hərəmiz bir cür dəli olduq. Bu əhvalatı xatırlamağımın səbəbi isə son qəbul imtahanlarında abituriyentlərin üzərindən çıxan əşyaların fotosu oldu. Orda qatlama, düyməli bıçaqlar, dustaq simvolikalı təsbehlər vardı.

Camaat hadisənin bu yerə gəlməsini tənqid edir. Çünki daha öncə də hansısa universitetin həyətində tələbələr kriminal avtoritetləri tərənnüm edən mahnı çalıb, oynaqlaşırmışlar. Ancaq mən bu tənqidlərə pis baxıram. İzah edim.

Yenə müdriklərdən kimsə deyib ki, insanlar valideynlərindən çox zəmanələrinə oxşayırlar. İndi yetişməkdə olan nəsil örnəyi düz seçibdir. Kimə azarkeşlik etməlidirlər? Bəlkə uğursuz alimlərimizə? Yarısı yaltaq, yarısı da acından günorta duran  sənətkarlara? Dövlət idarələrinin qabağında sürünən vətən müdafiəçilərinə? Bəlkə dərisi soyulan, əlyazmasını yandırıb uşağını qızındıran, izsiz-soraqsız sürgünlərdə yox olan tarixi şəxsiyyətlərimizə? Lətifə danışmayın. Yalnız bir sual verirəm, bunun üzərində hərdən düşünün: Azərbaycan Demokratik Cümhuriyyətini quran şəxslərdən birinin də məzarı Azərbaycanda yoxdur.

Gənclər ətraflarına baxırlar və imtahana hansı vasitələrlə silahlanıb getməyi düzgün müəyyən edirlər. Bıçaq işlətməyi öyrənib bəlkə gələcəkdə ən azı dana kəsib satmağı bacarar, ac qalmazlar. Yoxsa kosinusla kvadrat tənliyin fərqi, ya nə bilim, Azərbaycan dilində feilin məsdər forması hansıdır, bu kimi səfeh elmlər kimə lazımdır? Çağdaş dövrümüzdə bıçaq itiləməyi bacarmaq iti bucağın dərəcəsini bilməkdən önəmlidir.

Ya da gündəmə uyğun bir sual: son hadisədə vurulan deputatın çoxlu kitab oxuduğu söylənir, lakin bu, onu xilas etdimi? Əvəzində üstündə bıçaq gəzdirsə yaxşı olardı.

Universitet insanı ilk növbədə həyata hazırlamaq üçündür, qalanı əfsanədir və qəbul imtahanına bıçaqla gedən gənc əslində imtahana ən yaxşı hazırlaşmış gənc idi. Süni intellekt, robotlar dövründə bizə elm yox, yaxşı bıçaq atan oğlanlar lazım olacaqdır.

O gəncləri də içəri buraxmayıblar... Bəlkə buraxıblar, ümid edirəm heç olmasa bıçağı alıb buraxıblar. Gələcəyimiz bu uşaqlardır.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR