İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşuldu

289 01.03.2024 23:51 Dünya A A

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 13-cü sanksiyalar paketinə qoşulub.

Musavat.com xəbər verir ki, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb: "29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulur".

Tədbirlər 2024-cü il martın 1-də yerli vaxtla saat 18:00-da (Moskva vaxtı ilə 20:00) qüvvəyə minib.

İsveçrə hökuməti xatırladıb ki, 2024-cü il fevralın 23-də Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketi şəklində yeni tədbirlər görüb. Bununla əlaqədar Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamenti öz səlahiyyətləri daxilində “İsveçrə sanksiyaları rejimini əlavə olaraq 106 fiziki şəxs və 88 şirkət və təşkilata qədər artırıb”.

Rəsmi Bern bildirir ki, “son vaxtlar sanksiyaya məruz qalan şəxslərin, şirkətlərin və təşkilatların əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksində, o cümlədən raketlərin, dronların, zenit-raket sistemlərinin və digər hərbi texnikanın istehsalı sahəsində fəal işləyir”.

Rusiyanın öz ordusu üçün həssas mal və texnologiya əldə etməsinin qarşısını almaq üçün yeni ticarət tədbirləri də tətbiq edilib. Onlar, digər məsələlərlə yanaşı, ikili təyinatlı malların Rusiyanın hərbi-texnoloji cəhətdən güclənməsinə töhfə verə biləcək 27 yeni şirkətə ixracına qadağa qoyur. Bundan əlavə, Rusiyaya ixracı qadağan olunmuş malların siyahısı genişləndirilib. Söhbət xüsusilə “dronların inkişafı və istehsalı üçün istifadə olunan komponentlərdən” gedir.

Xatırladaq ki, fevralın 23-də Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib. Tədbirlər Rusiyadan və bir sıra digər ölkələrdən, o cümlədən Hindistan, Qazaxıstan, Çin, Serbiya, Tailand, Türkiyə və Şri-Lankadan 106 fiziki və 88 hüquqi şəxsə şamil edilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR