Diyetoloq Çisem Gündüz yay aylarında su əvəzinə çay və qəhvə içərək maye ehtiyacının qarşılandığını düşünməyin yanlış vərdiş olduğunu bildirib.
Musavat.com-un xəbərinə əsasən, o deyib:
“Kifayət qədər su içilməməsi, ağır yeməklərə üstünlük verilməsi, nəzarətsiz meyvə istehlakı və səhv içki seçimləri həm çəki nəzarətini çətinləşdirir, həm də müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər”.
Mütəxəssis yay aylarında tərləmə ilə birlikdə orqanizmin daha çox maye itirdiyini bildirib:
“Artan temperaturun təsiri ilə bədənin suya olan tələbatı artır. İtirilən mayenin bərpası üçün müntəzəm su içmək böyük əhəmiyyət daşıyır. İnsanların ən çox etdiyi səhvlərdən biri su əvəzinə çay və qəhvə içməkdir. Çay və qəhvə suyun yerini tutmur, əksinə, bədənin maye ehtiyacını daha da artıra bilər”.
Çisem Gündüz yay aylarında qidalanma vərdişlərinin də mövsümə uyğun şəkildə tənzimlənməli olduğunu vurğulayıb:
“Qızartma və qovurma kimi ağır yeməklər əvəzinə zeytun yağlı tərəvəz yeməkləri, soyuq şorbalar və taxıllı salatlar seçilməlidir. İsti havalarda ağır qidaların qəbulu həzm sisteminə yük yaradır və ürək-damar problemlərini də tətikləyə bilər”.
Həkim yay meyvələrinin istehlakından da danışıb:
“Əncir, üzüm, qovun və qarpız yay mövsümünün ən çox sevilən meyvələrindəndir. Lakin bu meyvələrin qlisemik indeksi yüksəkdir. Xüsusilə diabet xəstələri istehlak miqdarına diqqət etməlidir. Sağlam insanlar üçün gündəlik meyvə qəbulu qadınlarda orta hesabla iki, kişilərdə isə üç porsiyanı keçməməlidir”.
Yüksək temperaturun qida təhlükəsizliyi baxımından da risk yaratdığını bildirən Çisem Gündüz əlavə edib:
“Ət, toyuq, balıq, yumurta və süd kimi tez xarab olan qidaların açıqda saxlanılması qida zəhərlənmələrinə səbəb ola bilər. Yay aylarında xüsusilə çöldə satılan qidaların saxlanma şərtlərinə diqqət edilməlidir. İsti havalarda sərinləmək məqsədilə qazlı və şəkərli içkilərə yönəlmək də zərərlidir. Bu içkilər həm əlavə kalori qəbuluna səbəb olur, həm də həzm sisteminə mənfi təsir göstərir. Bunun əvəzinə soyudulmuş bitki çayları, mineral su və su əsaslı içkilər seçilə bilər. Beləliklə, həm maye, həm də elektrolit balansı daha sağlam şəkildə qoruna bilər”.
Musavat.com






