İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə Livan arasında

1315 08.04.2023 09:52 Yazarlar A A

“Dostunu göstər, deyim sən kimsən”

(ata sözü)

Livanın cənubundakı terrorçu müsəlman qruplaşmaları İsraili toplu raket atəşinə tutublar, İsrail də bunların  cavabını verib. O bölgədə təkrarlanan hadisədir, yeni nəsə yoxdur. Bəzi zəhmətkeşlərimiz isə guya müsəlman həmrəyliyi göstərir, Livanı müdafiə edir, hökumətimizdən İsraili pisləməyi tələb edir.

Əlbəttə. Livan nə qədər müsəlman dövlətidirsə, mən də o qədər Marsdan gəlmişəm. Ümumiyyətlə, biz niyə Azərbaycanla həmişə hərbi-iqtisadi, siyasi-diplomatik əməkdaşlıq edən İsraili qoyub hansısa mənasız, iki-üç il qabaq az qala tamamilə dağılıb yox olacaq Livanı dəstəkləməliyik? Livan hazırda elə yerdir ki, orda it yiyəsini tanımır. Beyrut limanı partlayanda Livanın Fransa müstəmləkə dövründən qalma qısır dövlətçiliyi də havaya uçmuşdu. Orda siyasi hakimiyyət anekdot kimi bir şeydir, məsələn, əvvəlcədən şərtləşiblər ki, baş nazir şiə, parlamentin sədri sünni, nə bilim, prezident xristian olmalıdır (Ardıcıllığı qarışdıra bilərəm, ancaq məzmun dəyişmir). Guya bununla ölkədəki bütün dinlər hakimiyyətdə təmsil olunacaq, qardaşlıq yaranacaq. Tarix isə əksini göstərib və Livanda həmişə xaos olub. İndi də hökumət ölkənin cənubundan İsrailə raket atanlardan guya xəbəri olmadığını söyləyir, “Hizbullah” və “Həmas”ı pisləyir. Əgər elədirsə, niyə İsraili qınayırlar? Qoy İsrail gəlib orda qayda-qanun qayırsın da bə...

Bir detal da zəhmətkeşlərimiz üçün xüsusi maraq doğurmalıdır: Livan parlamentində ermənilərin “Daşnaksutyun” partiyasının rəsmi fraksiyası var. İki il qabaq hardasa 20 erməni deputatla təmsil olunurdular. Buyurun. Daha nə istəyirsiniz? Livan Ermənistandan sonra dünyada bəlkə ikinci dövlətdir ki, onun bu qədər erməni deputatı var (Səhv eləmirəmsə, hazırda daşnakların heç Ermənistanın özündə bu qədər deputatı yoxdur, Paşinyan onların anasını ağlar qoyub).

Ümumiyyətlə, bir-biriylə dost-qardaş, yaxın olan dövlətlər sırasında Ermənistan-İran-Livan triosu fərqlənir. Buna dünyada “İransayağı müsəlman həmrəyliyi” deyilir.

İsraili müdafiə etməyin əsas səbəbi isə təkcə onun bizə müttəfiq hərəkətləriylə bağlı deyil. İsrail bütün Orta Doğuda (Yaxın Şərq)  yeganə demokratik dövlətdir. Müstəqil jurnalistika, sərbəst seçkilər, qorunan insan haqları, iqtisadi, siyasi, hər cür azadlıqlar - İsraili bütün qonşularından fərqləndirən əsas məsələ bax bunlardır. Biz özümüzə demokratik ölkələri dost bilməliyik, onlarla birgə hərəkət etməliyik, ta adamyeyən terrorçu sistemlərlə yox.

İnsafən Azərbaycan hakimiyyəti bu tip işlərdə həmişə balans saxlamağa çalışır, xeyrini də görüb. Məsələn, bu yaxında İsraildə səfirlik açanda Fələstində də nəsə nümayəndəlik-zad düzəltdilər. İranın bizə qarşı pis münasibətinə baxmayaraq həmişə İran əleyhinə nota və bəyanatların dozasını müəyyən dərəcədə yumşaq eləməyə çalışırlar. Çünki xalq arasında belə şayiələr yayılır ki, guya İran bizə müharibə edər, nəticədə məğlub olarıq və sairə. İranın son yüz ildə hansısa müharibəni udmasını eşidən varmı? Hətta cupbulu bir qələbəsinin yoxluğu da məlum ola-ola... Onların gücü həmişə “hasar üstündən” terror eləməyə çatıb.

Ən azı 2012-ci ildən Ermənistanın İsraildə səfirliyi var. Lakin İran buna heç zaman “mız” qoymayıb. Biz orda səfirlik açanda isə nota göndərdilər. Guya biz hardasa səfirlik açanda birinci İranla məsləhətləşməliyik. Guya bu “ümmətimiz” Qafanda İran konsulluğu qayıranda Bakıdan rüsxət almışdır. 

Sözgəlişi, bu İranın İsrail düşmənçiliyi də başqa anekdotdur. Soruşan yoxdur ki, niyə öz işinizlə məşğul olmur, öz həyatınızı yaşamırsınız, İsrail-ərəb münasibətlərindən sizə nə? İsraildə yaşayan müsəlman ərəblərin insan hüquqları İranda yaşayan ərəblərin hüquqlarından min dəfə yaxşı qorunur. Bəlkə bir gün İsrailin bütün ərəb dünyasıyla münasibətləri tam düzələcək, yenə İran sakitləşməyəcək. Bizdə bəzi mollaların dediyi kimi: “Əşşi, ərəblər Quranı bizim qədər başa düşməyiblər”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR