İnsanlara hürriyət, millətlərə istiqlal!

"İsraildə səfirlik açmağımız bir çoxlarını narahat edib" - Elçin Əmirbəyovun israilli jurnalistə MÜSAHİBƏSİ

1989 14.04.2023 09:01 Müsahibə A A

“İsrail bizim üçün mühüm strateji partnyordur. İsrail Azərbaycanın dostudur"

Musavat.com-un məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsrailin “i24News” telekanalının jurnalisti Kristian Maların suallarını cavablandırarkən bildirib.

Fransada yəhudi icmasına yaxınlığı ilə bilinən kanalın əməkdaşı Kristian Malard müasir çağırışlar və dünyanın super güclərinin maraqlarının toqquşduğu bir şəraitdə Azərbaycanın xarici siyasətinin əsas  istiqamətlərinin nədən ibarət olması ilə maraqlanıb. Fövqəladə və səlahiyyətli səfir E.Əmirbəyov bildirib ki, 1991-ci ilin oktyabrında istiqlaliyyətimizi qazandıqdan sonra Azərbaycan regionun siyasi xəritəsində öz yerini tapmağa çalışıb və sözsüz ki, bu yol asan olmayıb. Əsas hədəfimiz müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirmək olub. Müstəqilliyimizin bərpasından qısa müddət sonra biz qonşumuz Ermənistanın hərbi təcavüzünə məruz qalmışıq və beynəlxalq aləm tərəfindən tanınmış qanuni ərazilərimizin 20 faizi uzun müddət Ermənistan işğalı altında qalıb. Bunlar Qarabağın Dağlıq hissəsi ilə yanaşı ətrafda olan yeddi rayonumuzu da əhatə edirdi. Bütün bu ərazilərdə Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalıb, yaşayış məntəqələrimiz isə dağıdılıb. 2020-ci ilin noyabr ayında ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra biz öz ərazi bütövlüyümüzü bərpa etmişik.

İndi regionda sülh yaradaraq və onu möhkəmləndirərək, Ermənistanla münaqişə səhifəsini çevirmək istəyirik. Həmçinin istəyirik ki, işğalda olmuş və azad etdiyimiz əraziləri də tezliklə bərpa edək. Səfir həmçinin jurnalistin indiki şəraitdə sülh yaradılması imkanları haqqında sualını da cavablandırıb.

Deyib ki, ümid hər zaman var. Ancaq bu hər iki tərəfin istəyindən və iradəsindən asılıdır. Azərbaycan isə həmişə bu məsələdə müxtəlif səviyyələrdə öz xoşniyyətli mövqeyini ortalığa qoyub. Məsələn, biz Ermənistana ikinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalamağı təklif etmişik. Biz iki ölkə arasındakı münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasının tərəfdarıyıq. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmək siyasətini yürüdür və məhz bu, sülh yaradılması prosesinə mane olur. Amma biz yenə də ümidliyik. Çünki sülhün alternativi yoxdur. Aparıcı həmçinin Qarabağda yaşayan ermənilərin gələcəyi ilə maraqlanıb və Ermənistanın onların Azərbaycan tərəfdən sərbəst hərəkətlərinə ciddi maneə yaratdığı iddialarının olduğunu xatırladıb. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi bu sualı belə cavablandırıb: “Hər şeydən əvvəl onu vurğulayım ki, bu məlumat reallığı əks etdirmir. Orada yaşayan Azərbaycan vətəndaşları olan ermənilər heç bir blokadaya alınmayıblar. Azərbaycan Ermənistandan ölkəmizin erməni əhalinin məskunlaşdığı Qarabağ bölgəsinə onların hərəkətini heç vaxt məhdudlaşdırmayıb və bu şəffaf şəkildə görünən bir faktdır.

Bunu yoxlamaq da olar. Heç bir blokada yoxdur. Bizim QHT-lərin aksiyaları başlayandan bəri humanitar məqsədlər üçün minlərlə maşın o yoldan müxtəlif istiqamətlərdə hərəkət edib. Oradan həm Qırmızı Xaç, həm də rus sülhməramlılarının maşınları hər gün sərbəst hərəkət edirlər. Ona görə də heç bir blokadadan söhbət belə gedə bilməz. Amma həm də o da məlumdur və bilinməlidir ki, bu yola nəzarət etmək bizim dövlətimizin suveren hüququdur.” Yəhudi əsislli fransız jurnalist əlbəttə ki, Fransanın, onun hazırki prezidenti, Ukrayna-Rusiya münaqişəsində, həmçinin yaxın şərqdə fəallığı ilə seçilən Makronun və o cümlədən də Minsk qrupunun vasitəçilik səyləri, 2020-ci ildə Minsk qrupunun fəaliyyətinin faktiki uğursuzluğa düçar olmasının səbəbləri və ümumiyyətlə, vasitəçilik perspektivləri barəsində də suallar verib.

Bu sualı cavblandıran E. Əmirbəyov vurğulayıb ki, münaqişə başlayandan bəri çoxsaylı şəxslər, ölkələr öz vasitəçilik təklifləri ilə çıxış ediblər, bu məsələdə səylər göstəriblər. Bu gündən danışırıqsa, deyə bilərəm ki, Minsk qrupu artıq keçmişdə qalıb.

Ermənistanla hazırda Avropa İttifaqının vasitəçiliyi ilə birbaşa danışıqlar aparırıq. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişel bu məsələdə fəal və əhəmiyyətli rol oynayır. Fransa isə Avropa İttifaqının fəal üzvü kimi ittifaqın bu vasitəçilik səylərini daha da asanlaşdırmaq üçün onu dəstəkləyə və ona bu məsələdə kömək edə bilər. Aparıcı Ukrayna ilə müharibdə edən Rusiyanın Azərbaycanla Ermənistan arasında vasitəçilik etməsi ilə bağlı sual verib.

Vladimir Putinin bu məsələdə xüsusi ilə də Ukrayna müharibəsinin fonunda oynaya biləcəyi vasitəçiliklə əlaqədar gözləntiləri soruşub.

Azərbaycanın rəsmi təmsilçisi bildirib ki, məhz Rusiya Federasiyasının təşəbbüsü ilə 2020-ci ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sənəd imzalanıb. Bilirsiniz ki, bu müharibə də məhz Ermənistanın təxribatları nəticəsində başlamışdı.

Həmin torpaqlar Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazisidir. Rusiya Federasiyasnın prezidenti Vladimir Putin üçtərəfli bəyanata imza atan üç liderdən biridir. Məhz bu sənəd Azərbaycan və Ermənistan arasıda gedən müharibəyə son qoyub. Rusiyanın da vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması üçün qalan razılaşdırlmamış məsələlər üzrə Ermənistanla danışıqlar aparırıq ki, diplomatik və sülh yolu ilə bu prosesi yekunlaşdıraq. Jurnalist Rusiyanın həm Azərbaycan həm də Ermənistan ilə yaxşı əlaqələrə malik olduğunu vurğulayıb. Fövqəladə və səlahiyyətli səfir E. Əmirbəyov deyib ki, Azərbaycan Rusiya ilə yaxşı qonşuluq münasibətlərinə malikdir. Rusiya ilə tarixi, iqtisadi, mədəni, humanitar bağlarımız var. Həmçinin hərbi sahədə də regionda əməkdaşlığımız mövcuddur.

Rusiya qazından asılılığı aradan qaldırmaq üçün Avropa səylər göstərir. Bu baxımdan Ursula fon der Lyayen Azərbaycanın müstəsna əhəmiyyətini qeyd etmişdi. Amma belə olan vəziyyətdə Avropa ilə  düşmənçilik edən Rusiyadan da ciddi təhdid və qorxu olması faktı da ortalıqdadır, deyə fikirlər səsləndirən jurnalist Azərbaycanın mövqeyinin bu mənada necə olduğunu soruşub. E. Əmirbəyov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ciddi rol oynamağa başlayıb. Bununla yanaşı 2006-cı ildə Azərbaycanı Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri də istifadəyə verilib. İndi isə təbii qazla Avropanın təmin olunması üçün ölkəmiz əhəmiyyətli rol oynamağa başlayıb.

Xüsusi ilə də Avropanın cənub şərqində yerləşən dövlətlər Azərbaycanın qazını almağa böyük maraq göstərirlər. Bu eyni zamanda Avropanın bir mənbədən asılılığını da azaldır. Bilirsiniz  ki, ötən il Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycana gələrək ölkəmizlə strateji əhmiyyətə malik memorandum da imzalayıb. Beləliklə, biz 2027-ci ildən başlayaraq Avropaya qaz ixracını daha da artıracağıq. Bu heç də Rusiya əleyhinə deyil. Bunlar bizim Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığımızı ehtiva edən sənədlərdir.

Jurnalistin Vladimir Putinin Qafqaz siyasəti ilə bağlı sualını da cavablandıran səfir Elçin Əmirbəyov deyib ki, bizim üçün Vladimir Putin qonşu ölkənin prezidentidir.

Bu ölkə ilə bizim praqmatik, qarşlıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Biz ümumiyyətlə, hamı ilə yaxşı əlaqələr qurmaqda maraqlıyıq.

Sizin daha bir qonşunuz cənubda yerləşir. Bu ölkə Orta Şərq və qərb üçün təhdidlər yaradan İrandır. İran nüvə silahına malik olmaq istəyir. Onun Rusiya, Çin və Şimali Koreya ilə sıx münasibətləri var.

Siz belə qonşudan çəkinirmirsiniz?- deyə aparıcı sual verib.

Elçin Əmirbəyov vurğulayıb ki, biz İranla münasibətlərin qonşuluq prinsipi əsasında qurulmasına çalışmışıq. Bu həm də tarixi bağlardan irəli gələn bir məsələdir. Bilirsiniz ki, İran çoxmillətli ölkədir. Orada 30 milyona yaxın azərbaycanlı yaşayır. Biz həm də məhz bu səbəbdən İranla qonşu kimi qarşlıqlı hörmətə əsaslanan münasibətlərin olmasını arzulayırıq. Qəbul etmədiyimiz məqamlar mövcuddur. Amma bizim bu ölkə ilə 700 kilometrə yaxın ümumi sərhəddimiz var.

Biz ikinci Qarabağ müharibəsindən sonra yeni regional əməkdaşlıq sistemini təklif etmişdik. İran da bu təşəbbüsün bir hissəsi olmağa dəvət edilmişdi. Jurnalist öz xalqını əzən bir İran rejimi ilə münasibətlərin necə ola bilcəyəni sualını da verib.

Beynəlxalq məsələlərə müansibətdə hər ölkənin öz siyasəti var və bu normaldır. Həm də hər bir ölkə özü seçir ki, hansı sistemə və yanaşmaya malikdir. Ancaq əsas olan odur ki, təmkinli və qarşlıqlı hörmətə əsaslanan siyasət yürüdülsün. Bu, regionun sabitliyi üçün vacib olan faktordur. Diplomatlar da məhz bunun üçün var. Mədəni, iqtisadi və digər istiqamətlərdə əməkdaşlıq etmək üçün imkanlar hər zaman mövcuddur. Azərbaycan ölkələrin daxili işlərinə müdaxilənin tərəfdarı olmayıb. Xarici siyasətimizdə isə biz hər zaman öz balanslaşdırılmış mövqeyimizə sadiq qalmışıq. Aparıcı İranın Çinlə yaxşı əlaqələrinin olduğunu və son zamanlarda ABŞ-ın qarşı çıxmasına rəğmən Səudiyyə Ərəbistanı ilə Çinin vasitəçiliyi ilə münasibətlərini normallaşdırmağa çalışdığını ifadə edib.

Bu istiqamətdə gedən proseslərə Azərbaycan təmsilçisinin münasibətini öyrənmək üçün sual ünvanlayıb.

Səfir bildirib ki, Azərbaycanın Çinlə yüksək səviyyəli münasibətləri var. Çin Azərbaycanın iqstiqlaliyyətini tanıyan ilk dövlətlərdən biri olub. Bizim çox yüksək səviyyəli siyasi dialoqumuz var. Çox yaxşı və dinamik inkişaf edən iqtisadi əlaqələrimiz mövcuddur. İldən ilə də bu inkişaf edir. Bu yaxşı xəbərdir ki, Çin İran və Səudiyyə Ərəbistanın münasibətlərinin normallaşmasına töhfələr verir. Biz bunu qiymətləndiririk. Çin bizim bölgəmizlə də yaxşı münasibətlərə malik olmaq istəyrir. Xəritəyə baxsanız bizim ölkəmizin daha bir vacib əhəmiyyətini görə bilərsiniz. Biz şimal və cənubdan sanksiyalar altında olan ölkələrlə həmsərhədik. Biz orta dəhlizin keçdiyi Xəzər coğrafiyasında yerləşirik. Bizim Rusiya üçün də bir Cənubi Qafqaz ölkəsi olaraq bu mənada da əhəmiyyətimiz böyükdür. Həmçinin Çin üçün də qarşlıqlı və faydalı işbirliyi baxımından Azərbacyan çox vacib dövlətdir. Ona görə də biz çalışırıq ki, bu mühüm ölkələrlə münasibətlərimizi inkişaf etdirək.

Çin Səudiyyə Ərəbistanı və İran arasında qeyd etdiyimiz kimi vasitəçi olaraq mühüm rol oynayır. Jurnalistin “Biz müttəfiqlik mənasında ayıq-sayıqlığı itirməməliyik” sözlərinə Elçin Əmirbəyov belə münasibət bildirib ki, ayıq-sayıqlıqdan daha mühüm və əsas olan  budur ki, hər iki ölkə uzun müddət keçdikdən sonra münasibətlərini normallaşdırmağa başlamaq haqqında qərar qəbul ediblər.

Türkiyədə qarşıdan prezident və parlament seçkiləri gəlir. Prezident Ərdoğanın vəzifədən getməsi və ya qalması durumunda Türkiyə ilə münasibətləriniz necə olacaq?

Aparıcının verdiyi sualı cavablandıran Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov vurğulayıb ki, Türkiyə təkcə bizim qonşumuz deyil, bundan bizim üçün daha üstün olan bir məkləkətdir, Türkiyə bizim qardaş ölkəmizdir. Bizim Türkiyə ilə hər zaman əla münasibətlərimiz olub. Bu gözəl münasibətlərimiz davam edir. Bu əlaqələr təkcə hökumətlərə bağlı olan münasibətlər deyil. Təbii ki, Türkiyə xalqı prezidenti seçəcək və biz bu seçimə hörmətlə yanaşacağıq. Bizim əlaqələrimiz ancaq dinamik səviyyədə inkişaf edəcək. Yeri gəlmişkən mən türkiyəli qardaşlarımıza zəlzələ nəticəsində baş vermiş böyük faciə ilə əlaqədar bir daha başsağlığı vermək istəyirəm. Bu böyük faciə on minlərlə insanın həlak olmasına səbəb oldu.

Aparıcı Azərbaycanın İsraildə yaxınlarda səfirlik açdığını xatırladaraq Azərbaycanın yəhudi dövləti ilə münasibətlərinə verdiyi önəm haqqında da sual verib.

E.Əmirbəyov bildirib ki, İsrail bizim üçün mühüm strateji partnyordur. İsrail Azərbaycanın dostudur. Səfirliyin açılması da ikitərəfli münasibətlərimizin əhəmiyyətini göstərən faktdır. İndi Azərbaycanın İsraildə diplomatik təmsilçisi, yəni səfiri olacaq. Bu da ikitərfli münasibətlərin bir sıra sahələrdə inkişafına təkan verəcək. Bu əlaqələr qarşlıqlı inama və etibara əsaslanan strateji tərəfdaşlıq və partnyorluq münasibətləridir ki, onlar qarşlıqlı maraq və hörmət əsasında yaradılıb.  Azərbaycanın İsraildə səfirlik açması bir çoxlarında narahatlıq yaradıb.

Bundan çəkinmirsiniz?

Bu suala isə E. Əmirbəyov belə cavab verib: “Azərbaycanın digərlərindən fərqi bundadır ki, bizim dövlətimiz öz maraqlarına uyğun xarici siyasət yürüdür. Bu, başqalarının istəyinə və arzusuna uyğun müəyyənləşdirilən xarici siyasət kursu deyil. Öz maraqlarımıza əsaslanan xarici siyasətdir. İsrail ilə əlaqələrimiz də həmçinin öz milli maraqlarımıza uyğun olaraq müəyyən etdiyimiz siyasətdir. Ona görə də biz bunu etmişik və etməkdə də davam edəcəyik. Bununla paralel olaraq qeyd etmək istərdim ki, Azərbaycanda böyük yəhudi icması var və bu icma İsraildən kənarda mövcud olan, kompakt halda yaşayan ən böyük yəhudi icmasıdır. Bilirsiniz ki, Azərbaycandan çıxmış xeyli yəhudi bu gün İsraildə yaşayır. Onlar İsrailin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Bu faktor da ikitərəfli humanitar münasibətlərimizə müsbət təsir edir.” Jurnalist 1945-ci ildən sonra ABŞ-ın dünyada dominant rola malik olduğunu, indi isə bu mənada Çinin və onun liderinin Birləşmiş Ştataların ciddi rəqibinə çevrildiyini bildirib.

Sizcə, Çin öz istəyinə, yəni, hər şeyi öz nəzarətinə almaq istəyinə çatacaqmı?

Fövqəladə və səlahiyyətli səfir E.Əmirbəyov bildirib ki, onilliklər keçəndən sonra dünyanın nəhəng güclərinin rəqabət imkanları da şaxələnib. Bu neqativ hal kimi qiymətləndirilə bilər. Hətta belə olan halda belə beynəlxalq münasibətlər sistemində oyun qaydalarına münasibət və yanaşma daha diqqətli olmalıdır. Oyun qaydaları dedikdə mən onu nəzərdə tuturam ki, beynəlxalq hüquqa hörmətlə yanaşılmalıdır. Qanunun hakimliyi üstün olmalıdır. Liderlərin istək və arzuları deyil. Xüsusi ilə də BMT-də bu məsələdə beynəlxalq hüquq prinsipləri əsasında addımlar atılmalıdır. BMT bu məsələdə xüsusi çəkisini saxlamalıdır və BMT üvləri də təşkilatın nizamnaməsinə uyğun olaraq davranmalıdırlar. O cümldən də doğrudur, bizim regionumuzda da! Məsələn: 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana hücum edən zaman beynəlxalq hüquq faktiki olaraq heçə sayıldı. Məhz bundan sonra dünyanın bir sıra bölgələrində böyük faciələr yaşandı. Bu münaqişə təhrikedici rol oynadı.

Biz ümid edirik ki, böyük-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüquqa və onun qaydalarına hörmətlə yanaşacaqlar. Aparıcının “Putin və Si Tszinpinin münasibətlərinin möhkəmlənməsi bir mənada qərbə verilən mesajdır ki, biz sizinlə hesablaşmayacağıq” replikasına cavab olaraq fövqəladə və səlahiyyətli səfir E.Əmirbəyov deyib ki, hər bir ölkə kiminlə sıx və ya az yaxın münasibət qurmaqda sərbəstdir, öz seçimidir, o cümlədən də səfərlər də belə başa düşülməlidir. Düşünürəm ki, insanlar bəzən bu səfərlərə daha çox gümanları üzərindən yanaşırlar və təhlil aparırlar. Çin-Rusiya münasibətləri isə sabitlik və təhlükəsizlik, həmçinin beynəlxalq münasibətlərdə proqnozlaşıdırılma baxımından önəm daşıyır.

Aparıcı “dünyada bu qədər münaqişə və qarşıdurmanın olması şəraitində dünyanın gələcəyini necə görürsünüz?” sualını da verib.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vurğulayıb ki, “mən peşəkar diplomat olaraq nikbin olmalıyam. Bütün bu çətinliklərə rəğmən ümidlərimizi itirməməliyik. Düşünürəm ki, insanlar daha çox qərarlı olacaqlar ki, qarşlıqlı hörmət prinsipləri qorunsun. Mən düşünürəm ki, ölkələr də öz addımlarında bu prinsipə hörmətlə yanaşacaqlar.Siz mənim cavablarımdan və hərəkətlərimdən də gördünüz ki, mənim ölkəm bu prinsiplərə və beynəlxalq hüquqa necə xüsusi önəm verir.” Müsahibənin sonunda jurnalist Kristian Malard Azərbaycanın səsini çatdırdığına görə müsahibinə təşəkkür edib.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR