İnsanlara hürriyət, millətlərə istiqlal!

İşgəncəli yazı

2035 04.10.2022 10:30 Yazarlar A A

Yaxud hamıya bir gözlə baxmaq haqqında

Dünya tarixində çox savaşlar olub, hələ indən sonra da olacaqdır, bu sahədə qətiyyən nikbin deyiləm, çünki tarixi oxumağı xoşlayıram, bir az da biologiyadan xəbərim var. Bu savaşların içində ən iyrənci etnik savaşlardır. Başqa millətdən olduğu üçün insanı öldürmək. Ancaq hörmətli oxucu sual verər: “Guya dini savaşlar iyrənc deyilmi? Sən duanı başqa əllə edirsən deyə bir-birini öldürənlər olub”. Yaxud ərazi işğalı üçün savaşlar...

Haqlı əks-arqumentlərdir. Lakin bunlarda yenə hansısa maddi, mənəvi maraq var. “Mənim dinim yayılsın, Allah bizi eşitsin”, “Çox yer tutaq, çörəyimiz çoxalsın” kimi məntiqlərlə. Etnik kimliyə görə adam öldürmək isə sırf vəhşilikdir.

O mənada, son günlərin beynəlxalq diskussiyası ətrafında nəsə yazmaq mənə çox çətindir. (Guya belə sifariş var. Sadəcə, mövzu hər yırtıq-bucaqdan gözümə girir, işgəncə verir, məcburam). Ermənistan və Azərbaycan arasında əsirlərin öldürülməsi, hərbi cinayətlər temasında mübahisəni nəzərdə tuturam.

Burada kim haqlıdır, onu tərəflər müəyyən edə bilməz. Hansısa neytral, dövlətüstü qurum olmalıdır və yanılmıramsa, Haaqa tribunalı təxminən belə işləri araşdırır. Qoy hər iki tərəf əlində olan faktları təqdim etsin, araşdırma aparılsın, günahkarlar tapılıb cəzalansın. Bu cür mövzuları mətbuatda, lirik-pafoslu tonlarda çürütməyin mənası yoxdur.

Əgər bizim hərbçilər hansısa hərbi cinayətə yol veribsə, onları cəzalandırmaq ilk növbədə hakimiyyətə lazım olmalıdır. Nəyə görə? Çünki əgər doğrudan da kimsə erməni əsiri vurub öldürübsə, sabah erməni işğalçıların əsir düşməyə hansı marağı olacaq? Son nəfəsinə qədər vuruşmaq istəyəcək, çünki bizim əlimizə keçsə onsuz öldürüləcəyini düşünəcək. Məsələn, yada salın, 2020-ci ildə ordumuz Qarabağda az qala yüzlərlə əsir almışdı. Şirak batalyonu idi, nə zibil idi adı, yadıma salmağa marağım yoxdur. Sonra həmin əsirlər dəyişdirildi, ölkəmiz üçün müəyyən siyasi mənfəətlər əldə olundu.

Təbii ki, “müharibə səhnələri zamanı qanunlar susur” (Seneka), o cür qanlı savaşda, psixologiyası darmadağın olmuş, affekt vəziyyətindəki adamlardan mərhəmətli davranış gözləmək də bəlkə mənasızdır. “Müharibə qaydaları” - yəqin ki, bəşəriyyətin düzəltdiyi ən tragikomik söz birləşməsidir. Bir növ, tavtologiyadır. “İlk öncə”, “Müharibə başlayırsansa, artıq bunun özü qaydasızlıqdır. Müharibə vəhşilikdir. İdiotizmdir. Cinayətdir. Axmaqlıqdır. Buna qatılan, kiminsə evini dağıtmağa, torpağını işğal etməyə gedən adam öncədən bilməlidir ki, onu orada gül-çiçəklə qarşılamaq istəyənlərin faizi sıfır tam mində neçəsə olar, ya olmaz.

Müharibə zamanı vəhşilik edənlərin, bunu yayanların da belə məntiqi var ki, qoy bir daha kimsə bizə qəsd eləmək istəməsin. Məsələn, Xocalı haqda eks erməni prezidenti Sərkisyanın ingilis yazarı Tomas de Vaal-a söylədiyi məşhur cümlə var, məzmunu belədir ki, Xocalıya qədər azərbaycanlılar bizim zarafat elədiyimizi düşünürdülər. Doğrudan da, o dövrdə ərazilərimizin itirilməsində Xocalı kadrlarının televizorda nümayişi neqativ anlamda böyük rol oynamışdı. Camaat məhz “bizi də Xocalının gününə salacaqlar” düşünərək, bəzən heç döyüşmədən, müqavimət göstərmədən evini atıb qaçmışdı.

Lakin bu vəhşilik və ardınca onun nümayişinin ermənilərə xeyri oldumu? Olmadı. Deməli, bu tip cinayətlərdən heç bir tərəfə fayda yoxdur.

Sülhə çağıranları, pasifistləri, kosmopolitləri təhqir etmək, damğalamaq da faydasız, mənasız fəaliyyətdir. Hər millətin quzğunu da var, göyərçini də, hələ sərçəsi də. Rəngarəngliyimiz bizim gücümüz, inkişafımızın bünövrəsidir. Balans pozulanda, qida zənciri qırılanda biosferdə növlərin məhvi prosesi gedir. Hamının eyni, bir fikirdə olduğu ölkə dağılmağa məhkumdur. SSRİ-də yaşamısınız axı. Nə tez unutdunuz? Hətta gülünc şüar vardı: “Partiya və xalq yekdildir”.

Sadəcə, mən bir sülh bəyanatı gördüm, onun altında bəziləri özünü “Azərbaycan” deyə təqdim etmişdi, halbuki 20 ildir buradan çıxıb gedibdir, bəlkə xarici vətəndaşlıq alıbdır. Sən niyə indi özünü “Azərbaycan” kimi təqdim edirsən? Azərbaycan deyilsən axı. Nə var, düz yazın. Çaşqınlıq yaratmayın. Nəhayət, bizim özümüzün özümüzə işgəncə verməyimiz haqda zırpı bir “Tərtər işi” ortadadırsa, bizi etnik cinayətlərdə suçlamaq absurddur. Bunu ermənilər üçün yazıram. Bizdən artıq oğlan deyilsiniz.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR