Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransa qatılacaq. Yerli KİV-in məlumatına görə, Armen Qriqoryan bununla əlaqədar iyunun 24-25-də işgüzar səfərlə Polşanın Qdansk şəhərində olacaq.

Bildirilib ki, Ermənistan rəsmisi səfər çərçivəsində Ukraynanın bərpası məsələlərinə həsr olunmuş konfransın işində iştirak edəcək. Bundan əvvəl Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində Ukrayna lideri Zelenski Moskvadakı 9 May paradında ölkəsinin PUA-larının da görünə biləcəyini hədə ritorikası ilə bəyan etmişdi. Onun bu bəyanatı Kremlin Ermənistan hakimiyyətinə qəzəblənməsi ilə nəticələnmişdi. Hətta buna görə Paşinyan iqtidarını cəzalandırmağa çağırışlar olmuşdu. Baş nazir isə qeyd etmişdi ki, Ermənistan Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi deyil. İndi isə Qriqoriyanın səfəri Kremli qıcıqlandıra bilər. Onsuz da Rusiya rəsmiləri Ermənistanı “ikinci Ukrayna” olmaqla təhdid edirlər.
Bu addım Moskvada necə reaksiya doğuracaq?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a bildirdi ki, əslində, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 24-25 iyun 2026-cı il tarixlərində Polşanın Qdansk şəhərində keçiriləcək "Ukraine Recovery Conference"da iştirakı rəsmi İrəvanın Qərbə inteqrasiya və Rusiyadan uzaqlaşma kursunun davamıdır: “Aydındır ki, Qriqoryanın bu konfransa qatılması, xüsusən İrəvanın Rusiyanın "qırmızı xətt" kimi gördüyü Ukrayna məsələsində birbaşa Avropa ilə əməkdaşlıqda ehtiva olunan bu cür addımlarını Kreml "dost olmayan" hərəkət kimi xarakterizə edir və cavabsız qoymaq niyyətində deyil.
Bildiyiniz kimi, Rusiya artıq Ermənistandan bəzi ərzaq və içki məhsullarının idxalına məhdudiyyətlər qoymaqla öz gücünü nümayiş etdirib. Habelə Rusiya səfiri “məsləhətləşmələr” üçün Moskvaya çağırılıb. Bu da iki ölkə arasındakı diplomatik münasibətlərin ən aşağı səviyyədə olduğunu göstərir. Kremlin Ermənistanı "ikinci Ukrayna" olmaqla hədələməsi və Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməyə çağırması İrəvana qarşı daha sərt addımların atıla biləcəyini göstərir.
Həmçinin, Rusiya Ermənistanın ixracı üçün kritik olan bazarlara girişi çətinləşdirə və ya qapada, Ermənistanın enerji sektorunda Rusiyanın dominantlığı istənilən an bir təzyiq alətinə çevrilə bilər. Digər tərəfdən, Ermənistan daxilindəki müxalif dairələrə dəstəyini artıraraq daxili siyasi gərginliyi körükləməsi Moskvanın həmlələri artırmaq niyyətini ortaya qoyur.
Lakin Baş nazir Nikol Paşinyanın "Ermənistan Rusiyanın müttəfiqi deyil" bəyanatı və Avrasiya İqtisadi İttifaqından çıxmaq və ya Avropa İttifaqına üzvlük məsələsində referendum keçirmək təklifi İrəvanın artıq "körpüləri yandırmaq" bahasına olsa belə, geosiyasi vektoru dəyişməkdə qərarlı olduğunu nümayiş etdirir. Üstəlik, rəsmi İrəvanın Qərblə dərinləşən münasibətləri, o cümlədən Avropa İttifaqının Ermənistandakı mülki missiyası və maliyyə yardımları Moskvanın Ermənistan üzərindəki ənənəvi təsir mexanizmlərini getdikcə zəiflətmək üçün ciddi zəmin yaratmaqdadır”.
Cavanşir Abbaslı,
Musavat.com






