İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Bakıya seçki üzərindən həyasız ərazi iddiası

2142 09.02.2024 17:44 Siyasət A A

Çingiz Qənizadə: “Bu cür açıqlamalar onu göstərir ki, sülh müqaviləsinə gedən yolda böyük maneələr var”

Ermənistan baş naziri Nikol Paşinyanın xüsusi tapşırıqlar  üzrə səfiri Edmon Manukyan Azərbaycana yenə şər-böhtan yağdırıb, həyasız yalanlar söyləyib. Ölkənin rəsmi şəxslərindən, hətta Paşinyanın yaxın adamlarından olan və Xankənddə prezident seçkisi ilə bağlı səsverməsinin şokundan çıxa bilməyən bu zat özünün X sosial şəbəkəsində növbəti dəfə sayıqlayıb. 

Sitat: “İlham Əliyev adətən Bakıda səs verir. Azərbaycan qanunvericiliyinə görə, o heç vaxt Stepanakertdə (Xankəndi – red.) səsvermə hüququna malik olmaq üçün qeydiyyatda olmayıb. Burada diqqət çəkən məqam odur ki, Əliyev əvvəlcə Dağlıq Qarabağın dinc əhalisinə qarşı əsassız müharibəyə (?! – red.) başlayıb, sonra Azərbaycan vətəndaşı adlandırdığı insanları etnik təmizləməyə (?! – red.) məruz qoyub. İndi o, etnik təmizləməyə məruz qalmış (?! – red.), seçkidə iştirak etməyə kimsənin olmadığı Stepanakert (Xankəndi – red.) şəhərinə gedib, ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. Əvvəlcə beynəlxalq ictimaiyyət dinc əhaliyə hücumu (?! – red.), sonra 100 mindən çox insanın etnik təmizləməyə (?! – red.) məruz qalmasını səssizcə seyr etdi, daha sonra Azərbaycanın xahişi ilə “Stepanakert” şəhərini Xankəndi adlandırmağa başladı. Lakin bütün beynəlxalq qanunlara, o cümlədən Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinə görə, yerli əhalinin qərarı olmadan adlar dəyişdirilə bilməz”.

Yəni yenə sırtıqcasına etnik təmizləmə iddiası, digər sayıqlamalar. 

Əvvəla, erməni əhalinin Qarabağda qalıb Azərbaycan qanunları ilə, dinc şəraitdə, hamı kimi, digər milli azlıqlar kimi yaşamasına görəsən nə mane olurdu? 

İkincisi, Nikol Paşinyanın adamı “stepanakert”in adının dəyişdirilməsi üçün yerli əhalinin hansı razılığından, hansı beynəlxalq qanunlardan və Azərbaycanın bununla bağlı Avropa Şurası qarşısında götürdüyü hansı öhdəlikdən danışır? Özü də Azərbaycan “stepanakert” adını dəyişməyib, sadəcə, onun öz tarixi adını (Xankəndi) bərpa edib. 

Nəhayət, Prezident İlham Əliyevin niyə də Xankəndində səs vermək hüququ olmasın ki? Azərbaycan vətəndaşı Xankəndində səs vermək üçün nə vaxtsa orada mütləq qeydiyyatdamı olmalıdır? 

Bu elə Azərbaycana qarşı davam edən ərazi iddiası deyilsə, nədir? Seçki günü ölkədə minlərlə insan qeydiyyatda olmadığı başqa ünvanda səs verib. Ümumiyyətlə, belə xəstə təfəkkürdə olan bir komanda ilə Bakının sülh müqaviləsi imzalaması mümkünmü? 

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, Edmon Manukyanən bu cür sərsəmlərinə o qədər də ciddiyə almaq lazım deyil:

1be7577f1bd518123a1f0a7a021cfa3e.jpg (45 KB)

“Sülh danışıqlarından söz açan, “bəzi minalanmış sahələrin xəritələrini verəcəyik” deyən və bir tərəfdən də öz ölkələrinin konstitusiyası və gerbinin dəyişdirilməsi ilə bağlı addımlar atacağını bəyan edən bir siyasi hakimiyyətin rəhbərliyi, Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Manukyan yenə də Azərbaycana qarşı qarayaxmalarından əl çəkmir. Məlumdur ki, Edmon Manukyan  Paşinyanın sözçüsüdür, əgər  onun xüsusi tapşırıqlar üzrə səfiri belə danışırsa, onda belə anlamaq ki, bu həm də Paşinyanın mövqeyidir.

Danışıqlarından da görünür ki, bir neçə məsəldə bu xüsusi tapşırıqlar üzrə  səfir olan Edmon Manukyan yenə də savadsız və məntiqsiz ifadələri ilə Azərbaycana böhtan atmağa çalışır.

Birincisi, Edmon Manukyan cənab Ali Baş Komandan İlham Əliyevin Xankəndidə səs verməsi məsələsinə toxunarkən bilməlidir ki, hər bir Azərbaycan vətəndaşı seçki günü  qeydiyyatda olduğu ərazidən kənarda olacaqsa öncədən həmin məntəqədən çıxarış alaraq, digər məntəqədə çıxarışını təqdim edərək səs vermək hüququna malikdir. Ali Baş Komandan həmin gün Xankəndi deyil, Ağdaşda, digər olsaydı orada səs vermiş olardı. Edmon Manukyan isə “İlham Əliyev heç vaxt Xankəndidə qeydiyyatda olmayıb və orada səs verməsi düzgün deyil” kimi  gülünc iddialar səsləndirir.  Bu onu göstərir ki, səfir statusu daşımasına baxmayaraq o,  hüquqi prosesudurları kifayət qədər bilmədən şərh edir, boşboğazlıq edir və bütün imicini zərbə altına qoyur.

 Edmon Manukyan həmçinin qeyd edir ki, guya Xankəndidə “100 mindən çox insan etnik təmizləməyə məruz qalıb, “stepanbakert”  adı dəyişdirilərək Xankəndi  edilib, bütün beynəlxalq qanunlara, o cümlədən Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinə görə, yerli əhalinin qərarı olmadan adlar dəyişdirilə bilməz”. Birincisi həmin ərazidə heç vaxt 100 min erməni yaşamayıb, ola bilsin ki, erməni əsilli şəxslərin sayı 30 min  civarında olub. Onların da böyük əksəriyyəti işğal dövründə işğalçı orduya, separatçı rejimə bu və digər formada köməklik göstərib, Azərbaycana qarşı daim kin və nifrət səsləndiriblər. Dəfələrlə mülki şəxslərin dilindən “biz  azərbaycanlılarla birlikdə yaşaya bilmərik və heç vaxt da yaşamayacağıq” kimi sözləri xarici televiziya, mətbuat vasitələrində görmüşük. İndi həmin insanların burada qalmaq üçün üzü yoxdur. Onlar bilirlər ki, Azərbaycan xalqının üzünə dik baxa bilməyəcəklər. O qədər çirkin hərəkətlər, cinayətlər törədiblər ki, bilirlər qala bilməyəcəklər, ona görə könüllü şəkildə gediblər. Amma Azərbaycan dövləti humanistlik nümayiş etdirərək, yenə də qapılarını bu insanların üzünə açıb,  “işğala qədər orada yaşayan ermənilər buyursunlar, gəlsinlər əmlakların sahib olsunlar, amma təbii ki, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra bu bölgədə yaşaya bilərlər” deyə bildirib. Çünki onlar Ermənistan vətəndaşıdırlar və ölkəmizdə ikili vətəndaşlıq qadağandır. Bu baxımdan onların  hansısa müraciəti, qərarı ilə bu ərazinin adının dəyişdirilməsi məsələsində heç bir hüquqları yoxdur”.

Çingiz Qənizadənin sözlərinə görə Ermənistanın siyasi hakimimiyyətinin davrnaışları onu göstərir ki, onlar sülh müqaviləsinin imzalanmasında o qədər də maraqlı deyillər:

“Sülhdən danışan bir dövlətin, siyasi komandanın nümayəndəsinin bu cür danışması əslində sülh müqaviləsinin imzalanmasına gedən yolda böyük bir maneələrin olduğunu qabaqcadan xəbər verir. Yəni, Edmon Manukyan və onun kimilərinin bu cür sərsəm ifadələri, fikirləri bir daha onu göstərir ki, Ermənistan siyasi hakimiyyəti sülh müqaviləsinin imzalanmdasında  o qədər də səmimi deyillər. Səbəb bu ola bilər ki, ya özlərinin daxilində olan Azərbaycan dövlətinə, xalqına, cənab Ali Baş Komandana qarşı qeyri-simpatiyalarında davam edirlər və yaxud xaricdən onları sülh müqaviləsi imzalamağa tələsməməyə və bunu maksimum ləngitməklə bağlı tapşırıqlar verilir.

Nəzərə almalıdırlar ki, bu gün sülh müqaviləsi Azərbaycandan daha çox  Ermənistana lazımdır. Əgər bu gün kasıb, dilənçi vəziyyətində yaşayan milyonlarla erməni vətəndaşının iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaq istəyirlərsə, Azərbaycan və  Türkiyə ilə münasibətləri tənzimləməli, sülh müqaviləsi  imzalamalı və Zəngəzur dəhlizini açmalıdırlar. Zəngəzur dəhlizini açmaqla həm də özlərinin bu dəhliz  vasitəsi ilə dünyaya çıxışını təmin edə bilərlər.  Bütün bunları Ermənistan siyasi hakimiyyəti başa düşməli, anlamalıdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR