İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda antisülh dalğası - Paşinyanın həyatı təhlükədə

1455 28.05.2024 12:31 Siyasət A A

Sülhə qarşı olan qüvvələr bu dəfə kilsə və dindarlardan sui-istifadəyə çalışır; keşiş Baqratın Ermənistanda indiki hakimiyyəti devirmək şansları yoxdur, amma...

Keşiş Baqrat Qalstanyanın günlərdir ki, İrəvanda təşkil etdiyi aksiyalar səngimir. Mayın 27-də də kütləvi aksiya təşkil olunub. Hər keçən gün etirazçıların sayı durmadan artır. Artıq keşiş baş nazir Nikol Paşinyanı əvəz etmək üçün iddiasını ortalığa qoyub.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı aksiyalarla bağlı diqqətçəkən bir status paylaşıb: “Bakıdan erməni cəmiyyətinə dəqiq mesaj göndərilməlidir ki, baş nazir Nikol Paşinyanı devirib sərhəd razılaşmalarından imtina etsələr, bu onlara baha başa gələcək, elə bilməsinlər ki, danışıqlar sıfır nöqtəsinə qayıdacaq”.

Paşinyanın həyatına təhlükə ciddidirmi? Keşişdən baş nazir çıxarmı?

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov ermənilərin Paşinyanın arxasında dayandığını söylədi: “Ermənistanda indi baş verənlər bir müddət öncə Qarabağda separatçıların təşkil etdikləri etiraz aksiyalarına bənzəyir. Ermənilər sanki bir millət kimi anadan narazı doğulublar. Bu narazı millət "böyük Ermənistan" yaratmaq xülyası ilə yüz illərdir ki, bir dövlətin qucağından düşüb, o biri dövlətin qucağına otururlar və hər dəfə də düşünürlər ki, yeni sahibləri onlara bu fantaziyanı gerçəkləşdirməkdə kömək edəcək...

Fikrət Yusifov.jpeg (199 KB)

 Fikrət Yusifov

Nəhayət, yüz ildən sonra ortaya gerçəkləri olduğu kimi anlaya bilən bir Paşinyan çıxdı və xalqının böyük bir hissəsini qəflət yuxusundan ayılda bildi. Ermənistan üçün bu yeni bir tarixdir. Sadə və az-çox ağlı başında olan hər bir erməni başa düşür ki, bu bölgədə onlar üçün süni yolla düzəldilmiş dövlətdə qalıb yaşamağın yeganə yolu Azərbaycan və Türkiyə ilə torpaq davasından deyil, normal əməkdaşlıqdan keçir. Bu gün Ermənistanda əhalinin ortalama 70%-ə qədəri bu düşüncədədir. Əks halda, 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra keçirilmiş seçkilərdə Nikol Paşinyan böyük üstünlüklə qələbə çala bilməzdi.

Baqrat adlı bir keşiş də xaricdən idarə olunan marionetdir. O yaxşı bilir ki, heç nə edə bilməz, erməni xalqı Paşinyanın arxasında dayanıb. Paşinyan bundan tam arxayındır. Lakin keşiş də ona həvalə olunmuş missiyanı yerinə yetirməyə məhkumdur.

Paşinyanı sıradan yalnız sui-qəsdlə çıxara bilərlər. Hesab edirəm ki, Paşinyan bunu çox yaxşı başa düşür və bu səbəbdən mümkün təhlükəsizlik tədbirləri görür..."

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov bildirdi ki, Ermənistan özünün 106 illik dövlətçilik tarixinin bəlkə də ən ziddiyyətli dönəmini yaşamaqdadır: “İlk növbədə, Azərbaycanın hərbi-siyasi qələbələri ilə regionda yaranan yeni reallıq fonunda İrəvan ənənəvi konsepsiyasından əl çəkməyə məcbur edilib. Artıq Paşinyan və komandasının simasında Ermənistana elə bir hakimiyyət rəhbərlik edir ki, onlar 3 il ərzində iki dəfə kapitulyasiyaya imza atdıqları üçün Azərbaycanın güc və imkanlarını, o cümlədən Azərbaycana qarşı ərazi iddialarının mümkün fəsadlarını praktik olaraq dərk edirlər. Bu mövqeni qəbul etmək istəməyən Ermənistan müxalifətinin aparıcı simaları isə əksinə, ənənəvi təcavüzkar ideologiyaya sədaqəti qoruyur, habelə Ermənistanın məğlubiyyətlərindən sonra revanşizmin əsas daşıyıcıları qismində çıxış edir. Eyni zamanda ölkə Qərblə Rusiya arasında var-gəl etməkdədir...

Keşiş Baqrat Qalstanyan məhz belə bir situasiyada meydana çıxıb. Əslində daha çox savadsız, populist və demaqoq radikal kimi xarakterizə olunan bu keşişin əvvəllər İrəvana yürüş etmək kimi niyyəti və sosial bazası yox idi. Lakin aksiyaların gedişində bu situasiyadan regionda gərginliyi artırmaq və sülh prosesinə maneə olmaq istəyən Qərb də, mövcud antirus siyasətə son qoymaq üçün Rusiya da istifadə etmək qərarına gəldi və Qalstanyanın birdən-birə şar kimi şişməsinin kökündə bu amil dayanır. Reallıqda təbii ki, bu keşiş əslində lider yox, sadəcə, gülünc marionetdir. Üstəlik, verilən dəstəyə baxmayaraq indiki məqamda böyük xalq kütlələri də Qalstanyana laqeyddir və ciddi sosial bazası yoxdur. Hətta mənsub olduğu kilsə belə ona rəsmən, yaxud açıq formada dəstək vermir. Eyni zamanda hələ ki keşişin mitinqinin əsas auditoriyasını təşkil edən Sərkisyan-Köçəryan cütlüyünün tərəfdarları da Baqrat Qalstanyanı potensial lider kimi qəbul etmir.

Belə bir durumda isə Paşinyanın devrilməsi, yaxud hakimiyyətə əyalət keşişinin gəlişi ən azı indiki məqamda real deyil. Xüsusən Qərbin Azərbaycanda təcavüzkar məqsədli niyyətlər naminə hərəkət imkanını tam itirdiyi, Gürcüstanda dayaqlarından məhrum olmağa başladığı bir dövrdə, eyni zamanda həm də Rusiya tərəfindən Paşinyana qarşı dolayısı ilə dəstəklənən keşişə birmənalı etimad göstəriləcəyi ağlabatan deyil".

Düşmən təkçə kənarda yox, həm də içimizdədir”-Turan Rzayev

Turan Rzayev

Politoloq Turan Rzayev isə son aksiyalar barədə bunları deyib: “Ermənistandakı aksiyaların motivi dəyişib. Yəni keşiş Qalstanyanı nə Qazağın 4 qeyri-anklav kəndinin Azərbaycana verilməsi, nə də Ermənistandakı sosial iqtisadi problemlər narahat edir.

Birincisi, kilsə proseslərə açıq şəkildə dəstək verir və bu, aksiyaların miqyasını artırır. Qalstanyanın dini fiqur olması ətrafında inanclı şəxslərin toplanmasına gətirib çıxarır. Bu, aksiyaların müəyyən mənada dini motiv aldığını deməyə əsas verir.

İkincisi, Qalstanyan həm də xaricdən dəstək alır. Xüsusilə proseslərin pərdəarxasında Rusiyanın olması versiyası daha inandırıcıdır. Çünki Qalstanyanın Tavuş səfərində görüşdüyü müxalifət nümayəndələri də məhz Rusiyaya bağlı şəxslərdir. Kreml indiki məqamda qərbmeyilli Paşinyanın yerində Qalstanyanı görmək istəyə bilər.

Üçüncüsü, Qalstanyan Rusiyanın, kilsənin və xalqın dəstəyinin fərqindədir. Buna görə də artıq Ermənistan baş nazirliyinə iddiası olduğunu gizlətmir. Hətta baş nazir kimi xarici ölkə nümayəndələri ilə görüşür, bəyanatlar verir.

Ermənistanda baş verən proseslər 2018-ci il hadisələrini çox xatırladır. Həmin vaxt heç kəs Nikol Paşinyanın hakimiyyəti ələ ala biləcəyini düşünmürdü. Bu mənada Qalstanyanın Paşinyanı devirib, hakimiyyətə gəlməsi riskləri var.

Qalstanyanın günü-gündən güclənməsi, Paşinyan hakimiyyətinə alternativ olması rəsmi Bakının maraqlarına uyğun deyil. Məsələ ondadır ki, Paşinyan bölgədəki reallıqları anlayır və sülhdə maraqlı olduğunu əyani şəkildə göstərir. Paşinyanın bu düşüncəyə gəlməsi üçün bir genişmiqyaslı müharibə, bir neçə əməliyyat baş verdi. Paşinyanın devrilməsi sərhəd razılaşmalarının və sülh danışıqlarının taleyini qeyri-müəyyən edə bilər. Ən əsası isə yarımçıq danışıqlar Bakının maraqlarına uyğun olmadığı üçün regionda yeni gərginliyin yaranması mümkündür.

İndiki məqamda Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaz. Lakin sülh prosesinin sıfır nöqtəsinə qayıtmaması üçün danışıqlar sürətləndirilməlidir. Bundan başqa, İrəvana açıq şəkildə xəbərdarlıq edilməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR