İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan il yarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi və... cavabını aldı

1045 14.03.2022 15:18 Region A A

 

Ceyhun Məmmədov: “Qarşıda Ermənistanı hələ çox ağır günlər gözləyir”

Arzu Nağıyev: “Zəngəzur dəhlizi məsələsi yenə də öz aktuallığını itirməyib”

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyət kəsb edir”.

Deputat Ceyhun Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Millət vəkili qeyd etdi ki, Azərbaycan uzun müddət Ermənistanı gözləyən deyildi: “Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir addım atılmırdı. Ona görə də Azərbaycan enerji layihələrini genişləndirərək bu istiqamətdə müəyyən addımlar atmağa qərar verib. Hesab edirəm ki, Azərbaycanla İran arasında belə bir sənədin imzalanması tarixi hadisədir. Sözügedən memorandum Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi, Azərbaycanın növbəti diplomatik uğurudur. Memorandum imzalanması, həmçinin, Azərbaycan və İran əlaqələrinin sürətlə inkişaf etdiyinin, yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Ermənistan il yarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Ermənistan planlarını reallaşdıra bilmədi. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha əsaslı şəkildə düşünməlidir”. 

C.Məmmədov bildirdi ki, qarşıda Ermənistanı hələ çox ağır günlər gözləyir: “Mövcud layihə İrana, Azərbaycana, eləcə də başqa dövlətlərə əlavə qazanc gətirəcək, bizim Naxçıvana çıxışımızı asanlaşdıracaq. Azərbaycan bu barədə növbəti qələbəsini təmin etmiş oldu. Ermənistan başa düşməlidir ki, bu, onlara edilən daha bir xəbərdarlıqdır. Əgər qarşıdakı mərhələlərdə Ermənistan düzgün olmayan qərarlar qəbul etsə, təxribatlar törətsə, Azərbaycanın cavabı çox sərt və bugünkü kimi fərqli olacaq. Ermənistanın tək yolu Azərbaycanla münasibətlərini bərpa etməkdir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev də Bakı ilə Tehran arasında əldə olunan anlaşmanı yüksək dəyərləndirdi: “Hər şeydən əvvəl yeni layihə İran, Azərbaycan və Gürcüstan vasitəsilə Fars körfəzini Qara dənizlə birləşdirəcək yeni bir nəqliyyat dəhlizi olacaqdır. Artıq bu dəhlizin necə bir effekt verəcəyinin də sınaq rejimi keçirilib və İran məhsulları da daxil olmaqla, Astara sərhədindən Azərbaycana və buradan Gürcüstana, Qara dənizdəki Gürcüstan limanları vasitəsilə Şərqi Avropa ölkələrinə çatdırılması prosesi yoxlanılıb, nəticə müsbət olduğu üçün müvafiq addımlar atılıb. Təbii ki, Ermənistan özünün siyasi ambisiyaları ilə yenə də bu layihədən kənarda qaldı, tənəzzülə uğramış iqtisadiyyatını saxta “tarix “arqumentləri”nə qurban verdi və nəticədə itirdi”. 



A.Nağıyev qeyd etdi ki, İrandan keçəcək dəhlizdə körpülər, Naxçıvana yeni dəmir yolu, avtomobil yolu, paralel olaraq marşrut üzrə rabitə və elektrik təchizatı xətlərinin də çəkilməsi nəzərdə tutulur: “Bu məsələdə bütün regional dövlətlər maraqlıdır, çünki həmin dəhliz Çindən başlayaraq, bütün əraziləri keçib, Türkiyə vasitəsilə Avropaya bir pəncərə açır. Ermənistan yenə də nə 3+3 formatına qoşulmadı, nə də başqa bir alternativ təkliflə çıxış etmədi. Təbii ki, zaman keçir və Ermənistanın yaşadığı xülyalar və emosiyalar bizi yolumuzdan döndərə bilməz”. Bununla belə, deputat qeyd etdi ki, Zəngəzur dəhlizi məsələsi yenə də öz aktuallığını itirməyib: “Odur ki, Ermənistan bu haqda düşünməlidir. Ən əsası, Ermənistan vətəndaşları bununla bağlı ciddi düşünməli, mövqelərini ifadə etməlidirlər. Zənnimcə, bu dəhliz həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən mühüm bir layihədir. Regionda baş verən son hadisələr göstərir ki, iqtisadiyyatdan ciddi siyasət doğur və iqtisadi potensialın şaxələnməsi mühüm bir amildir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR