İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan BMT-də Putini təcavüzkar kimi tanıdı - Paşinyan ipə gedir...

4501 03.05.2023 11:15 Siyasət A A

Bəzi erməni politoloqlar hesab edir ki, Rusiya Ukrayna cəbhəsində aşkar üstünlüyünü elan etsə, Ermənistan hakimiyyətini yıxacaq

BMT Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olunub. Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa məlumat yayıb.

Onun sözlərinə görə, qətnamədə Rusiya təcavüzkar kimi göstərilib. Qətnamə 122 səs lehinə, 5 səs isə əleyhinə olmaqla qəbul edilib. Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiyanın strateji müttəfiqi Ermənistan da var. Azərbaycan səsvermədə iştirak etməyib.

Rusiyanın rəsmi dairələri Ermənistanın anti-Moskva siyasətinə baxmayaraq, görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, dinamik və hərtərəfli inkişaf etdiyini bəyan edirlər. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin İrəvana ötən həftəki səfəri zamanı da Ararat Mirzoyanla görüşdə ikitərəfli münasibətlərlə bağlı ancaq pozitiv bəyanatlar veriblər. Sanki Moskva Ermənistanın anti-Rusiya siyasətini görməzdən gəlir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son olaraq Qarabağa yenidən beynəlxalq missiyasının gətirilməsi təklifinə Rusiya XİN kəskin etiraz edib. Amma belə görünür ki, Moskva da hər imkanda onun əleyhinə fəaliyyət göstərən İrəvana yerini göstərməyə başlayıb.

Rusiyaya qarşı təşəbbüslər cavabsız qalmayacaq - Mariya Zaxarova -  28.04.2022, Sputnik Azərbaycan

Mariya Zaxarova

Belə ki, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva rəsmi İrəvanın Laçın yolu ətrafında vəziyyətin qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib sayır: “Rusiya Laçın yolu ətrafında yaranmış vəziyyətin nizamlanması və onun üçtərəfli razılaşmaların əsas axınına qaytarılması üçün lazımi səylər göstərir. Həm hadisə yerində, həm də siyasi səviyyədə Rusiya sülhməramlı kontingenti vasitəsilə addımlar atılır. Biz rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edirik”.

Rusiyanın budəfəki bəyanatı ənənəvilərdən fərqlənir. Çünki bu dəfə Rusiya XİN 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə Ermənistanın əməl etmədiyinə eyham vurur və onlardan prosesə töhfə verməyi tələb edir.

Qeyd edək ki, bəzi erməni politoloqlar hesab edir ki, Rusiya Ukrayna cəbhəsində aşkar üstünlüyünü elan etsə, Paşinyan hakimiyyətini yıxacaq. Bu arada isə daha iki diqqətçəkən hadisə baş verib. “Şimali Qafqaz-Cənubi Qafqaz” magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qazın nəqli mayın 4-dək dayandırılıb. Ermənistan parlamentinin keçmiş deputatı Hayane Abramyan isə deyib ki, Rusiya Hindistandan aldığı hərbi texnikanın İran vasitəsilə Ermənistana gətirilməsinə mane olur.

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Ermənistanın sabit xarici siyasət kursu olmadığını söylədi: “Rusiyanın qlobal miqyasda mövqeləri və müqavimət imkanları zəiflədikcə, Ermənistanın Qərbə meyllənməsi prosesi də sürətlənir. Ermənistanın sabit xarici siyasət kursu yoxdur və rəsmi İrəvan bir qayda olaraq, öz manevrlərini regional və qlobal proseslərin temporitminə uyğun şəkildə qurur. Mövcud vəziyyət isə Paşinyan hökumətinin daha çox gözləmə mövqeyində dayandığını söyləməyə əsas verir. İrəvan bölgədəki vəziyyətin, qüvvələr nisbətinin qismən da olsa dəyişəcəyinə, yaxud qeyri-müəyyənliyin aradan qalxacağına ümid bəsləyir. Burada Türkiyədə keçiriləcək seçkilər, Rusiya-Ukrayna müharibəsinin daha kəskin fazaya keçə biləcəyi ehtimalı da müəyyən qədər rol oynayır”.

Ermənistan əmrləri Kremldən deyil, Makronun ofisindən alır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə vurğuladı ki, Ermənistanın Rusiya əleyhinə BMT-də səs verməsi birinci hal deyil: “Biz diqqət etsək Paşinyanın əsas siyasəti məhz Rusiyaya qarşı olub. Anti-Rusiya siyasəti Ermənistanın strateji xəttini təşkil edir. KTMT-nin Ermənistanda təlimlərinin ləğvi, bu qurumdan çıxmaq kimi bəyanatlar göstərir ki, Paşinyan bu ölkənin hərbi bazasını da Ermənistandan çıxaracaq. Bu məsələdə Ermənistan hakimiyyətinə konkret olaraq ABŞ və Avropa İttifaqı dəstək verir. Rusiyanın Ukraynada hərbi məğlubiyyəti Ermənistanı cəsarətləndirir. Məhz Rusiyanın Ermənistana qaz verilişini dayandırması təzyiq vasitəsidir. Bu, heç də Paşinyanı anti-Rusiya mövqeyindən çəkindirməyəcək. İlk növbədə Rusiyanın ölkəsindən hərbi bazasının çıxarılmasına başlayacaq. Düşünürəm ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi bağladıqdan sonra Moskvaya qarşı demarşını gücləndirəcək və ABŞ ona dəstək verəcək. Rusiyanın hədəfi Paşinyanı devirmək olub. Ona nail ola bilmir. Ermənistanla Rusiya arasında proseslər qızışır və düşünürəm ki, Paşinyan ölkəsində Rusiyanın mövqeyini sarsıdacaq”.

Görüş yerini dəyişmək olmaz - Kənan Novruzov yazır

 Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Kremlin əsəblərinin tarıma çəkildiyini söylədi: “Sözsüz ki, Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə gərginləşir. Bunun əsas səbəbi Ermənistan baş naziri Nikol Paşinyanın qərbmeyilli siyasət yeritməsi və Qərb mərkəzli sülh platformasının qabağa keçməsidir. Rəsmi Moskva bunu qəbul edə bilmir. Moskvaya elə gəlir ki, Vaşinqton və Brüssel platformalarının önə keçməsinin günahkarı İrəvandır. Əslində bu məsələdə Paşinyanın da müəyyən rolu olmamış deyil. Ümumiyyətlə, Paşinyan hər fürsətdə Rusiyadan uzaqlaşmağa çalışır. Rusiyanın Ukraynada getdikcə zəifləməsi və Qərbin bu dövlətə artan təzyiqləri baş nazirin sözügedən istiqamətdəki addımlarını daha da sürətləndirir. Rusiya da artıq Paşinyanın əlindən bezib. Bu mənada adekvat cavab olaraq Moskvanın da İrəvana təzyiqinin artması, o cümlədən "əzələ nümayişləri" mümkündür".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR