İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan beynəlxalq məhkəmələri də bezdirib - Bakının isə 1000 səhifəlik sübutları var!

789 14.11.2023 10:33 Siyasət A A

Çingiz Qənizadə: “Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası məcburi deyil, tövsiyə xarakterlidir”

“Ermənistan Qarabağdan məcburi köçkün edilmiş əhalinin öz evlərinə təhlükəsiz qayıtmaq hüququnun təmin edilməsi üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib”.

Bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mger Marqaryan Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hesabatına həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Marqaryan vurğulayıb ki, BMT beynəlxalq hüququn aliliyinin təmin edilməsi və Beynəlxalq Məhkəmənin qərarlarının icrası üçün xüsusi məsuliyyət daşıyır.

Bu arada o da məlum olub ki, BƏM noyabrın 17-də “Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar” Bakını irqi ayrı-seçkiliyə dair konvensiyanı pozmaqda ittiham edən Ermənistanın iddiası üzrə Azərbaycana qarşı müvəqqəti tədbirlərlə bağlı qərar verəcək.

Xatırladaq ki, sentyabrda Ermənistan Azərbaycana qarşı BMT məhkəməsində iddia qaldırıb. Erməni tərəfi məhkəmədən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyada təsbit olunmuş hüquqların qorunması və müdafiəsi üçün” müvəqqəti tədbirlər görməsini tələb edib. Ümumilikdə on belə tədbir var və onların hamısı Azərbaycan tərəfinə qarşı tələbləri əks etdirir.

Ötən ayın sonunda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Bakı Dağlıq Qarabağla bağlı “min səhifəlik sübuta” əsaslanaraq İrəvana qarşı Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iddia qaldırıb.

Bu iddiaların ölkəmiz üçün hüquqi nəticəsi nə ola bilər? Başqa yandan, eyni qaydada Azərbaycan da qərbi azərbaycanlıların deportasiyası ilə bağlı qarşılıqlı iddia qaldıracaqmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Azərbaycan dövləti Qarabağdan könüllü şəkildə İrəvana getmiş ermənilərin öz evlərinə təhlükəsiz qayıtmaq hüququnun təmin ediləcəyini bəyan edib: “19-20 sentyabrda keçirilən antiterror əməliyyatı zamanı öz yaşadıqları yerləri könüllü şəkildə, əsasən də erməni icmalarının təhriki ilə tərk etmiş mülki vətəndaşların geri qayıtmasına Azərbaycanın dövlət başçısı, diplomatik korpus nümayəndələri beynəlxalq tədbirlərdə dəfələrlə çağırışlar ediblər. Azərbaycan dövləti həm də onların hüquq və azadlıqlarının təminatını öz üzərinə götürüb. Yalnız bir tələb var - qayıdanlar Azərbaycan vətəndaşlığını qəbul etməli və Azərbaycanda yaşayan bütün millətlər kimi hüquq və azadlıqlardan yararlanmalıdırlar. Buyurub qayıtsınlar, kim bizim ölkəmizin ərazisində yaşayaraq ölkə vətəndaşlığını qəbul etmək istəyirsə, qapılar açıqdır. Ermənistan tərəfi bu prosesi əngəlləyir və dayanmadan Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etməklə Azərbaycana qarşı qərarların qəbul olunmasına çalışırlar”.

Çingiz Qənizadə: Vətəndaşların sosial rihafının qorunması Prezident İlham  Əliyevin diqqətindədir - AZƏRTAC

Çingiz Qənizadə

Çingiz Qənizadə deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərarlar imperativ deyil: “Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası məcburi deyil, tövsiyə xarakterlidir. Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı dəfələrlə bu cür qərarlar qəbul ediblər. Ermənistan tərəfi də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı qərarların təsiri altına düşür. Təəssüflər olsun ki, Ermənistanın siyasi hakimiyyəti, erməni rəsmiləri bu günə qədər Türkiyə və Azərbaycana qarşı özlərinin nifrət dolu nitqlərindən əl çəkməyiblər”.

Çingiz Qənizadə deyir ki, Beynəlxalq Ədalət Məhkəməsi hansısa ədalətsiz qərar qəbul edəcəksə, Azərbaycan tərəfinin cavabı dəyişməz olaraq qalır - qapılar açıqdır: “19-20 sentyabrda keçirilən 23 saat 54 dəqiqəlik antiterror əməliyyatından sonra Laçın sərhəd-keçid məntəqəsindən könüllü gedən ermənilərə jurnalistlərin verdikləri suallar və cavablardan da aydın olurdu ki, onların getməsini icmaları tələb edir. Öz icmaları sanki bu adamları qorxudaraq bölgəni tərk etməyi tələb ediblər. Bunun da təbii ki, səbəbləri var. Bu adamları Ermənistan ərazisinə çəkib aparmaqla sonradan beynəlxalq təşkilatlardan yardımlar alınması, onlardan Azərbaycana qarşı istifadə olunması, onlara ayrılacaq maliyyə yardımları hesabına Ermənistan ərazisinə qaçan separatçı rejim tör-töküntülərinin maddi durumunu yaxşılaşdırmaq və bu kimi çirkin niyyətlər dayanıb”.

Çingiz Qənizadə deyib ki, Azərbaycan tərəfinin də bu kimi addımlara hüquqi baxımdan cavabları olacaq: “Bugünlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatına həsr olunmuş konfrans keçirildi. Konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış etdi. Bildirdi ki, Azərbaycan tərəfi də Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmək üçün çoxhəcmli, faktlarla zəngin sənədlər hazırlayıb. Bundan əvvəl, oktyabr ayında Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirmişdi ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan onları Qarabağdakı evlərinə qayıtmağa cəsarətləndirir.

XİN rəhbərinin müavini diqqətə çatdırmışdı ki, Azərbaycan etnik ermənilərin və azərbaycanlıların dinc şəkildə yanaşı yaşadığı öz çoxmillətli icmasını qorumaq istəyir.

Əslində isə Azərbaycan vətəndaşlarına qarşı erməni separatçılarının törətdikləri, 30 il davam edən saysız-hesabsız cinayətlərlə bağlı Bakı Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmalıdır. 30 il müddətində Qarabağ torpaqlarında Azərbaycanın şəhər, qəsəbə və kəndlərini darmadağın ediblər. Həmin ərazilərdə vandalizmlə məşğul olublar, tarixi, dini, mədəni abidələrimizi dağıdıblar. Bu əməllər beynəlxalq humanitar hüquqa ziddir. Beynəlxalq hüquq işğal edilmiş ərazilərdə milli-mədəni abidələrin darmadağın edilməsini qadağan edir. Ermənistan Azərbaycana qarşı bir çox beynəlxalq hüquq normalarını pozub və bu cinayətlər - əyani sübutları olan viranə qoyulmuş, darmadağın edilmiş rayon və şəhərlərimiz göz qabağındadır. Bütün bu cinayətlər ortada ikən Azərbaycana qarşı əsassız iddialarla çıxış edirlər. Bu cür riyakarlıq onları dəstəkləyən, beynəlxalq hüquqdan danışan, lakin beynəlxalq hüquqdan, insanlıqdan, demokratiyadan çox uzaqda olan bəzi təşkilat və ölkələrin siyasi məqsədlərindən irəli gəlir. Bu cür həyasızlıqla Azərbaycana qarşı qərar qəbul etdirib sonradan ölkəmizə təzyiqlər etmək üçün bu qərardan istifadə etməyə çalışırlar. Ümid edirəm ki, Beynəlxalq Ədalət Məhkəməsi belə siyasi oyunlarda iştirak etməyəcək. Bu gün Ermənistan Azərbaycana təzminat verməlidir. İşğal dövründə Azərbaycan dövlətinə, Azərbaycan vətəndaşlarına, sahibkarlıq subyektlərinə vurduğu zərərə görə kompensasiya verməlidir. Bununla belə, Prezident İlham Əliyev humanizm prinsiplərindən çıxış edərək, hər çıxışında ermənilərə sülh təklif edir. Düşmənçiliyə, nifrətə son qoymağa, əməkdaşlığa çağırır. Ermənistan artıq seçim etməlidir. Onlara dayanıqlı sülh lazımdır, yaxud da daim gərginlikdə yaşamaq. Artıq düşmənçilik səhifəsini bağlamağın zamanıdır".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR