ABŞ ikitərəfli razılaşma və ya daha güclü tədbirlər vasitəsilə İrana qarşı əməliyyatı tezliklə dayandırmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Viskonsin ştatının Çippeva Fols şəhərində kənd təsərrüfatı mövzusunda keçirilən dəyirmi masada deyib: "Biz elə bir nöqtəyə çatmışıq ki, İrandan çox tez bir zamanda çıxmalı olacağıq və bu, çox qətiyyətli bir addım olacaq. İstər kağız parçası ilə, istərsə də güclü tədbirlərlə. Bizim əsasən bununla işimiz bitdi. Bunun kağız parçası və ya daha güclü bir üsulla bitəcəyini görəcəksiniz, baxmayaraq ki, bunun daha asan bir yol olduğunu iddia etmək olar".
Trampın NBC News-a dediyinə görə isə, İran ABŞ hərbi əməliyyatından əvvəl sahib olduğu raket arsenalının təxminən 21-22 faizini saxlayır: "Onların hələ də müəyyən sayda raket və dronları var. Faizlərdən danışsaq, raketlərin bəlkə də 21-22 faizi qalıb. Bu, çoxlu raketdir, amma ilk hücumumuz zamanı olduğu kimi deyil".
Musavat.com






