İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycana işi düşüb – Bəs Yasin Hüseynzadə nə oldu?..  

5994 24.01.2024 13:04 Siyasət A A

İranın dini rəhbəri Əli Xamenei islam ölkələrinin hökumətlərini yenə tənqid edib. Onları İsraillə bütün siyasi və iqtisadi əlaqələri kəsməyə çağırıb.

İran mediasının yaydığı məlumatda həmçinin bildirilir ki, Xamenei islam ölkələri rəsmilərinin İsraillə bağlı mövqe və fəaliyyətinin “qeyri-məqbul” adlandırıb. “İslam ölkələri rəsmiləri sionist rejimin həyati damarlarını kəsməli, bu rejimlə siyasi və iqtisadi əlaqələrini dayandırmalı və ona kömək etməməlidirlər”, - o əlavə edib.

Əlbəttə, ilk baxışda emosional çağırışdır. Di gəl, bu - islam ümmətindən çox, sırf İranın dövlət maraqlarından qaynaqlanan bir rica, hətta tənədir. Bu haqda az aşağıda...

İsraillə sıx əlaqələrə malik islam dövlətlərindən biri Azərbaycandır. Bəllidir ki, iki ölkə arasında təkcə hərbi sahədə deyil, digər sferalarda da qurulan əməkdaşlıq xüsusilə son illər xeyli inkişaf edib. Yəhudi dövləti Azərbaycan neftinin alıcılarındandır.

Amma və lakin biz həm də 30 illik erməni işğalından təzəcə qurtulmuş müsəlman ölkəsiyik. Fəqət, 30 ildə nədənsə İrandan, onun rəhbərlərindən müsəlman (şiə) Azərbaycanın müdafiəsi üçün analoji çağırışları, o sırada “işğalçı Ermənistanın həyati damarları kəsməlidir”, “islam dövlətləri məscidlərə donuz, inək saxlayan təcavüzkarla bütün əlaqələri kəsməlidir” kimi sərt sözlər eşitmədik, ədalət görmədik.

Taleyin ironiyasına bax, tam əksinə, özünü “islam respublkikası” sayan İran Azərbaycan ərazisində müsəlmanlara qarşı soyqırımları törətmiş, digər vəhşiliklərə imza atmış vandal Ermənistana hər cür dəstək verdi, faktiki 2-ci Qarabağ müharibəsi bitənədək onun üçün yeganə “nəfəslik” rolu oynadı. Cənub qonşumuz hətta ondan sonra da ərazi bütövlüyü və suverenliyimizə məhəl qoymadan separatçı-terrorçulara köməyini əsirgəmədi – ta ki, rəsmi Bakı dəlil-sübutlu Tehrana etiraz notaları təqdim edənədək...

Halbuki digər islam ölkələri, özəlliklə Türkiyə, Pakistan, Özbəkistan hər hansı xahiş-çağırış gözləmədən işğalçı Ermənistanla bütün əlaqələri kəsdi. Sərhədləri bağladı. Pakistan İslam Respublikası günü bu gün də Ermənistanı dövlət kimi belə tanımır, İrəvan qarşısında Bakı ilə sülh müqaviləsinin imzalanmasını şərt kimi qoyur.

Gerçək müsəlman həmrəyliyi bu. Başqa necə ola bilər(di) ki? Həmçinin musəvi İsrail torpaqlarımızın işğaldan azad olunmasında özünəməxsus rol oynadı, öz modern silahları, PUA-ları ilə tarixi qələbəmizi yaxınlaşdırdı. Qədirbilən xalqımız bunu da unutmayacaq – birilərinin bizə etdikləri tarixi pisliklər kimi...

WhatsApp Image 2024-01-24 at 13.04.10.jpeg (65 KB)

Ötə yandan, üç gün sonra - yanvarın 27-də Tehrandakı səfirliyimizə xain terror hücumunun ildönümü olacaq. Ancaq bir səfirlik əməkdaşının qətli, digərinin yaralanması ilə nəticələnən və iki ölkə arasında diplomatik əlaqələri ən aşağı səviyyəyə salan bu müdhiş cinayət əməlinə İran hələ də hüquqi qiymət verməyib. Terrorçu Yasin Hüseynzadə layiqli cəzasını almayıb.

Ötən bir ildə biz Tehran rəsmilərindən bu xüsusda yalnız quru bəyanatlar, boş vədlər eşitdik. Azərbaycan tərəfinin haqlı şərti isə yerində: terror aktı ədalətli hüquqi qiymətini almayınca, cinayətkar haqq etdiyi cəzaya çatdırılmayınca və Tehran real təhlükəsizlik zəmanəti verməyincə səfirlik öz fəaliyyətini bərpa etməyəcək!

Paradoks da ondadır ki, burdan-bura müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücum edib bir günahsız müsəlmanı öldürən terrorçu-qatili cəzalandırmağa ərinən İran rejimi Azərbaycandan ordumuzun güclənməsi və torpaqlarımızın işğaldan qurtulmasında əvəzsiz rol oynamış İsraillə əlaqələri kəsməyi tələb edir.

İndi buna nə ad verək – siyasi münafiqlik, yoxsa...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR