İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda məscidlər boş qalıb - niyə Türkiyədə belə şey yoxdur?

794 18.08.2023 12:58 Gündəm A A

Rəsul Mirhəşimli: “İnsanlar dinin hikmətini, ədalətini ilk növbədə ruhanilərdə görmək istəyirlər”

İranın dini lideri Əli Xameneyinin Yəzd əyalətindəki nümayəndəsi, Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getməməsindən gileylənib. O, məsələ ilə bağlı narahatlığını İran mediasına müsahibəsi zamanı dilə gətirib (Axar.az).

“Virtual aləmdə məscidlərə qarşı təbliğatın artması vətəndaşların, xüsusilə gənclərin siyasi və ictimai qərargahlarımız sayılan məscidlərə marağının azalmasına, məscidlərin boş qalmasına səbəb olub. Hakimiyyəti bununla bağlı tədbirlər görməyə, gənclərin məscidlərə getməsi üçün stimullaşdırıcı addımlar atmağa çağırıram”, - Nasiri iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını, yeniyetmə və gənclərin dini təhsilə maraq göstərmədiyini bildirmişdi.

Əlbəttə ki, bu vəziyyətə görə əsas günahkar İslam dini, Qurani-Kərim yox, xalqa qarşı qəddar davranmaqla, yüzlərlə günahsız insanı həbsə atmaqla (biri elə Fərid Səfərli), edam etməklə, ümmət deyil, dövlət maraqlarına üstünlük verməklə islami dəyərləri illərdir gözdən salan fars-molla rejimidir - məscidlərdə donuz saxlayan Ermənistanın sadiq dostu olan bir rejim.

Rəsul Mirhəşimli - 55

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a danışarkən namazın mahiyyətini müxtəlif aspektlərdən şərh etdi:  “Namazın fərdi və mənəvi bir ibadət olduğu qədər ictimailəşdirici cəhəti də var. Xüsusilə vacib namazların camaatla qılınmasının zərurəti ondakı ictimai məzmunun miqyasını göstərmək baxımından əhəmiyyətlidir. İslamda məscidlərin tarix boyu müsəlman fərdlərin ictimailəşməsində böyük xidməti və rolu olub. Çünki məscidlər təkcə fərdlərin namaz qılması üçün tikilmir. Peyğəmbərimiz Hz.Məhəmməd (s) Mədinəyə hicrət etdikdən sonra orada məscid tikdirdiyi zaman müsəlmanların plan və layihələri, fərdi, ailəvi, ictimai və digər əlaqələri baxımından bütün problemləri bu ibadət evində müzakirə edilir, məsləhətləşmələr aparılırdı.

Bir zamanlar məscidlər növbəti əsrlərə damğasını vuracaq elmi fəaliyyətlərin və çevrələrin mərkəzi olmaq status qazanırdı. Elmin və sivilizasiyanın ilk nüvələri, demək olar burada qoyulub. Demək olar ki, İslam sivilizasiyası bir çox hallarda məscidlərdən başlayıb. Məscidlər ibadət yeri olmaqla yanaşı, toplu olaraq, camaatlarla icra edilən ibadət yerləri həm də müsəlman fərdlərin ictimailəşməsində və ictimai şüurun qazanılmasında əsas funksiyaları yerinə yetirir. Fərdin ictimailəşməsi və ilk İslam mədəniyyətinin formalaşmasında məscidlərin xüsusi rolu olub. İslamda ilk şəhərlər kimi mədəniyyət subyektləri də məscidlərin ətrafında təşkil edilib.

İslamda ibadət sisteminin məqsədlərindən biri də müxtəlif sosial status qruplarından və sinif strukturlarından imtina edərək insanları ləyaqət və təvazökarlıqla eyniləşdirən sosial model yaratmaqdır. Kasıb-zəngin, alim-cahil, aristokrat və ya orta təbəqə, məmur - sadə vətəndaşa bərabər status verməkdir. İslam dininin hikmətində insanlar arasında fərqlilik yalnız təqvanın dərəcəsi, yəni günahlardan qorunmağın miqyası ilə ölçülür. Bu mənada camaat namazının fərdlərə gətirdiyi qardaşlıq və bərabərlik ruhudur. Çünki mədəni və sosial vəziyyətindən asılı olmayaraq hər bir müsəlman bu namaz vasitəsilə birliyə, həmrəyliyə, ortaq düşüncəyə və ləzzətə nail olur".

R.Mirhəşimli vurğuladı ki, məscidlərdə gənclərin sayının azalmasından şikayət edənlər ilk növbədə özlərinin hərəkət və davranışlarına diqqət etməlidirlər: “Belə bir deyim var - dünyanı düzəltmək istəyənlər öncə özlərini düzəltməlidirlər. İnsanlar dinin hikmətini, ədalətini, bərabərliyin təntənəsini ilk növbədə ruhanilərdə görmək istəyirlər. Əgər ruhani insanlarla sadə müsəlmanlar arasında fərqlər kəskin görünürsə, təəssüf ki, bu neqativləri insanlar dində axtarmağa çalışır. Kəskin yaşayış fərqləri, din adamlarının ədalətsizliklər qarşısında susması, bir çox hallarda din xadimlərinin ədalətsizliklərin arxasında dayanması... Bu amil də insanların ibadət evlərindən uzaqlaşmasına səbəb olur. Son zamanlar İranda baş verən siyasi proseslərin də mənfi təsiri var. Ədalətsizliklərlə üzləşən gənclər həmin ədalətsizliklərin başında dayanan din xadimlərinin arxasında namaz qılmaq istəmirlər. Səbəblərdən birini də bu məqamlarda axtarmaq lazımdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR