İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yenə riyakarlığından əl çəkmir - istintaq bitib, amma...

595 06.07.2023 12:17 Siyasət A A

Qabil Hüseynli: “Tehrandakı səfirliyimizə hücumu terror adlandırmayacaqlar, bu qanlı cinayəti malalamağa çalışacaqlar”

“İran Azərbaycanla münasibətləri yumşaltmaq istəyir, istintaqı tələm-tələsik başa vurub şimal-cənub yolunun açılması üçün müqavilə imzalamaq niyyətindədirlər”.

Azərbaycanın Tehrandakı səfirliyində bu ilin yanvarında törədilmiş terror aktından sonra İran ölkəmizə qarşı hər cür riyakarlığı, təxribatları davam etdirdi. İlk gündən indiyədək bu işi obyektiv araşdırmaqdan imtina etdilər və etməkdədirlər də. Və bütün cinayət izlərini itirməyə çalışırlar, hadisəni məişət zəminində baş vermiş insident kimi təqdim etməkdədirlər. İndi də eyni amplualarındadırlar. “Bu ilin yanvar ayında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum acı bir hadisə idi. Bütün aidiyyəti qurumlar hesab edirlər ki, bu hücumu törədən şəxsə qarşı sərt tədbirlər görülməlidir”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu İranın Məhkəmə və Ədliyyə sisteminin özçüsü Məsud Sitayişi deyib. “Bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb”, - o qeyd edib. Ədliyyə rəsmisi bu məsələdə Azərbaycanın da əməkdaşlığının vacibliyini vurğulayıb: “Azərbaycan səfirliyinə baş vermiş hücum iki dost və qonşu ölkə arasında münasibətlərə mənfi təsir edib. Buna görə də ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanları hər zaman vurğulayıblar ki, bu hücumun əsas günahkarı və ya onun baş verməsində rolu olan hər hansı digər şəxs ciddi cəzalandırılmalıdır. İstintaq tamamlandı və bu işdə eyni şəxs təqsirləndirilir”.

Bu, ilk baxışdan normal informasiya kimi görünə bilər, amma de-fakto növbəti riyakarlıqdır. Çünki istintaq bitsə də, Azərbaycana hər hansı rəsmi məlumat verilməyib, bu dövrdə əməkdaşlıq edilməyib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə həmin açıqlamanı şərh edərkən Musavat.com-a qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaqın nəticələri hələ də təqdim olunmayıb. O ki qaldı səfirliyimizin fəaliyyətinin bərpa olunmasına, A.Hacızadə hələlik bununla bağlı danışıqların aparılmadığını vurğulayıb. İran göründüyü kimi, sadəcə, iz azdırmaqla məşğuldur. Sirr deyil ki, bu terrorun arxasında İranın dövlət orqanları dayanıb.  Azərbaycan təbii ki, özü də müstəqil istintaq aparır. Bunun nəticələri nə zaman bəlli olacaq? Habelə, beynəlxalq hüquqa görə İranın iz azdırmaq cəhdlərinin qarşısının alınması üçün daha hansı addımları atmalıyıq?

Yeri gəlmişkən, istintaqın yekunlaşdığı bir vaxtda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər sammitində iştirak üçün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıdadır. Onun səfəri Bakı-Tehran münasibətlərinin indiki vəziyyətinə görə diqqət mərkəzindədir. Onu da deyək ki, iyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyev İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İran səfirliyə hücumu qətiyyən terror hadisəsi kimi qiymətləndirməyəcək: “Onsuz da dünya İranı terroru dəstəkləyən dövlət kimi tanıyır. Onun terrorçu imicinə yeni bir faktın əlavə edilməsi ölümcül hadisə olardı. Bu baxımdan, Azərbaycanla münasibətləri tənzimləmək naminə nələrsə deyəcəklər, amma nə terror adlandıracaqlar, nə də bu hücumun arxasındakı SEPAH generallarının adlarını çəkəcəklər. Bu hadisəni sadəcə olaraq, baş vermiş xoşagəlməz insident kimi qəbul edəcəklər, uzaqbaşı ola bilsin ki, həlak olmuş mühafizə xidməti rəisinin ailəsindən üzr istəsinlər”. Q.Hüseynli vurğuladı ki, Tehran baş verənlərin siyasi mahiyyətinə, İran siyasi dairələrinə toxunmayaraq, bu qanlı cinayəti malalamağa çalışacaq: “Çünki İranın Azərbaycana qarşı münasibətində ənənəvi mahiyyətdən irəli gəlir. Səfirliyimizə olan hücumun SEPAH tərəfindən törədilməsi şübhə doğurmadığından işin arxasındakı gücləri gizlədəcəklər”. Q.Hüseynli iranlı nazirin Bakıda olmasını şərh edərkən qeyd etdi ki, bununla belə, rəsmi Tehran münasibətləri yumşaltmaq istəyir: “Xüsusən Rusiyanın istəyi ilə şimal-cənub dəmiryol xəttinin açılışı gözlənilir. Bu açılışdan əvvəl Rusiya, İran və Azərbaycan arasında üçtərəfli müqavilə imzalamalıdır. Azərbaycan indiyə qədər sənədi ona görə imzalamırdı ki, səfirliyə olan terror hücumunun istintaqının yekunlarını gözləyirdi. İndi tələm-tələsik istintaqı başa vurub, Azərbaycanla şimal-cənub dəmiryol, eləcə də şosse yolunun açılması ilə bağlı müqavilə imzalanmasına nail olmaq arzusundadırlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR