İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üçün “daşları yığmaq” zamanı - Tehran Bakı ilə yandırdığı körpüləri bərpa edə biləcəkmi...

829 11.04.2023 09:17 Siyasət A A

 

Xəbər verildiyi kimi, aprelin 7 və 8-də Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Azərbaycan XİN-dən verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Siyasi müşahidəçilərə görə, Bayramovla Abdullahianın telefon danışığında ilk kimin zəng etdiyi açıqlanmasa da, təşəbbüsün İran tərəfindən gəldiyi ehtimalı daha çoxdur. Çünki Tehran Bakıya qarşı apardığı təzyiq siyasətindən nəticə əldə edə bilməyib və ola bilsin, loyal gediş etmək qərarına gəlib. Daha bir diqqətçəkən məqam telefon  danışıqlarının iki raundda (7 və 8 aprel) aparılmasıdır.

Maraqlıdır ki, İrandan Bakıdakı səfirliyin 4 diplomatının Azərbaycandan deportasiyası olayına gözlənilən sərt reaksiya olmadı. Məsələn, Təbriz konsulluğumuzdan heç kim “persona non qrata” elan olunmadı. Ardınca da telefon danışığı oldu. Lakin az sonra açıqlama verən Abdullahian “düşmənlərin İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalandığını” deyib. Yəni yenə “sionist rejimə” işarə edib. Halbuki “problem və gərginliyin” əsas mənbəyi və səbəbkarı məhz Tehran rejimidir. Demək, özü də gərəkən addımları atmalıdır. Bu isə ilk növbədə Tehrandakı səfirliyimizə terror hücumunun obyektiv, Bakı ilə birgə araşdırılmasından başlaya bilər. Belə bir məram olmayacaqsa, yerdə qalan səylər də səmimi sayılmayacaq və nəticə verməyəcək.

Azərbaycanla İran arasında mövcud layihələrə gəlincə, onlar əsasən Şimal-Cənub nəqliyyat dəhlizi (dəmir yolu) və Naxçıvana alternativ Zəngəzur yolu ilə bağlıdır.

Söz düşmüşkən, nazirlərin telefonla danışdığı gün Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib. Bildirilir ki, Levitin İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaşla görüşləri olacaq. Rusiya prezidenti köməkçisinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə də görüşü nəzərdə tutulurdu. Azərbaycanla normal münasibətlər olmadan isə Rusiya-İran iqtisadi-ticari əlaqələri də tam həcmdə reallaşa bilməyəcək.

Bəs rəsmi Tehran Bakı ilə yandırdığı “körpüləri” bərpa edə biləcəkmi? İran üçün “daşları yığmaq zamanı” çatmadımı? Ən əsası, “daşları” yığıb da təzədən bizə atmayacaq ki?

Ceyhun Məmmədov: İranın Azərbaycanın daxili işlərinə qarışmasına heç bir  haqqı yoxdur - AZƏRTAC

Ceyhun Məmmədov: "Əslində gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasına baxıla bilər, ancaq bu daha çox İrandan asılıdır"

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, İran ən müxtəlif əsassız bəhanələrlə Azərbaycana qarşı addımlar atır. Son zamanlar isə İsraildə səfirlik açmağımızı bəhanə edərək anti-Azərbaycan siyasətini daha da genişləndirib. İran bu cür addımlarla Azərbaycanın İranlı bağlı mövqeyinə və atdığı addımlara təsir etmək istəyir. İranda bəziləri düşünür ki, bu cür addımlarla Azərbaycanın mövqeyinə təsir etmək mümkündür. Ancaq yanılırlar: “Son proseslər də göstərdi ki, İranın atdığı addımlara cavab olaraq Azərbaycan ən sərt qərarları qəbul etməyə hazırdır. İran səfirliyinin 4 əməkdaşlığının ölkəmizdən çıxarılması bunu bir daha təsdiq etdi. İran xarici işlər nazirinin son günlər azərbaycanlı həmkarına arda-arda zəng etməsi İranın Azərbaycanın qəbul etdiyi qərarlardan ciddi narahat olduğunu göstərir. İran niyə narahatdır? İranı hazırda ən çox narahat edən məsələ 30 ildə Azərbaycanda böyük maliyyə vəsaiti ayıraraq yaratdığı şəbəkənin çökdürülməsidir. Bu şəbəkənin çökdürülməsi İranın Azərbaycanla bağlı hədəflədiyi planın süquta uğraması anlamına gəlir”.

Deputat qeyd etdi ki, Azərbaycan həmişə problemlərin dialoq yolu ilə çözülməsində maraqlı ölkə olub, indi də belədir. Əlbəttə, münasibətlərin sonrakı mərhələsi İranın özünü necə aparmasından çox asılıdır: “Əslində mən də düşünürəm ki, gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasına baxıla bilər. Ancaq bu daha çox İrandan asılıdır. İran təxribatlara son qoymalıdır. Ancaq bütün hallarda Azərbaycandakı İran şəbəkəsinin çökdürülməsi istiqamətində addımlar davam etdirilməli, İranın Azərbaycanın daxili işlərinə qarışmasına, İrandan Azərbaycana qarşı təbliğata son qoyulmalıdır. Əlbəttə, İranın ümumi siyasətinə baxsaq, bu siyasətdən geri çəkilmək mümkünsüz görünür. Ancaq bu şəbəkənin Azərbaycan əleyhinə fəaliyyətinin qarşısı indiki həssas məqamda alınmasa gələcəkdə yenə belə xoşagəlməz hallar yaşayacağıq. Azərbaycanın inkişafı və təhlükəsiz gələcəyi bu məsələdən çox asılıdır. Bu məsələni çətin də olsa birdəfəlik həll etməyə çalışmalıyıq”. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu: “Belə telefon danışıqları keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib, çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir”

Politoloq Elxan Şahinoğlu bildirdi ki, İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal telefonla danışması təbiidir. Çünki iki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq. Bu nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir: “Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır. Birincisi, Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir. İkincisi, deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır.

İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azaldacağına inam azdır. Çünki belə telefon danışıqları keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları-İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu strukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə, münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən, İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir".

Politoloq qeyd etdi ki, iki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir: “Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini lideri mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyə etməlidir.

Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR