İnsanlara hürriyət, millətlərə istiqlal!

İran təzyiq siyasətinə fasilə verib? - ŞƏRH

703 12.04.2023 18:15 Siyasət A A

"İranın Azərbaycana qarşı hücumlarına rəsmi Bakının adekvat cavabları – öz statusuna uyğun fəaliyyət göstərməyən diplomatların çıxarılması, İran şəbəkəsinə qarşı keçirilən əməliyyatlar – fonunda Tehranın müəyyən qədər fasilə götürməyə vadar etdiyi görünür".

Bunu Musavat.com-a politoloq Asif Nərimanlı deyib.

15dc280e9741fd4d708eb1ffec16302a.jpg (134 KB)

O qeyd edib ki, İranın məqsədi əslində müəyyən loyallaşma əldə edərək, şəbəkəsini qorumaqdır: "Bununla yanaşı, Tehran Fələstin məsələsi üzərindən "müsəlmanların hamisi" görüntüsü yaratmaq istəyir və bunu İslam Əməkdaşlıq Təşkilatının gündəminə gətirmək niyyətindədir. Belə bir məqamda Bakı ilə loyallaşmaya ehtiyacları var. Abdullahianın zəngi də buna hesablanmışdı. Eyni zamanda, İranın hazırkı səfirinin dəyişdirilməsi məsələsinin təxirə salınması da bundan qaynaqlanır. Əvvəlcə səfirin dəyişdiriləcəyi, nazirlərin danışığından sonra isə bu məsələnin dayandırıldığı haqda məlumatlar yayıldı. Yeni təyin olunacağı deyilən səfirin hazırkı səfirlə müqayisədə daha sərt mövqeyə malik olması haqda məlumatlar da bu kontekstdə diqqət çəkir. Səfirin gedişi İranın Azərbaycanla bağlı təzyiq siyasətinin davam etdiriləcəyindən xəbər verirdi, lakin bunun təxirə salınması bu siyasətin müəyyən mənada arxaya keçdiyi fikrini yaradır. Prezidentin köməkçisi Hikmət Hacıyevin İran səfiri ilə görüşü də loyallaşmanın mümkünlüyünü, yaxud ən azı bu istəyin olduğunu göstərir".

Asif Nərimanlının fikrincə, bu təmasların İranın Azərbaycana qarşı hücumlarına son qoyması, münasibətlərin düzəlməsi ilə nəticələnəcəyini demək hələ ki, tezdir: "Bundan öncə də belə təmaslar yaranıb, hətta Türkiyə iki ölkənin liderinin görüşünü təşkil etmək təklifini gündəmə gətirmişdi. Daha sonra Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi. Fikrimcə, İran hazırda fasilə götürür, bu fasilənin uzunmüddətli olacağını isə demək çətindir".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib. Bununla bağlı Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR