İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfirliyimizin açılmasını istəyir- mesajların mənası

1142 03.05.2023 08:37 Siyasət A A

Ekspert: “Bütün bunlara son verilmədən münasibətlərin normallaşması mümkün deyil”

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi brifinqdə İran-Azərbaycan münasibətləri barədə danışıb. Bu haqda İran Teleqram kanallarında məlumat yayılıb. O bildirib ki, xarici işlər nazirlərinin telefon danışıqlarından sonra iki ölkə arasındakı münasibətlər nisbətən yaxşılaşıb: “İranla Azərbaycan arasında razılaşma, xüsusən xarici işlər nazirlərinin üç raundda aparılan telefon danışıqları çərçivəsində iki ölkə münasibətlərinin nisbətən yaxşılaşdığını görürük. Anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə rəsmilərimiz tərəfindən dialoq üçün bir sıra praktiki addımların atıldığını müşahidə edirik. Ümid edirik ki, iki ölkənin əlaqələri öz təbii axarına qayıdacaq”.

Kənani siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələrin davam etdiyini vurğulayıb: “İki ölkə arasında ticarət əməkdaşlığı prosesi hələ də inkişaf edir. Bu artım tempinin yüksələn xətlə davam etməsinə ümid edirik”. Kənani İran-Azərbaycan münasibətlərində yeni səhifə açmağı vacib sayıb: “Yeni atmosferə ehtiyac var. Gərginliyin yaranması ikitərəfli əlaqələri pozur və qonşular arasında soyuqluq yaratmaqda həmişə öz xeyrini güdən tərəflərin maraqlarına xidmət edir”.

Tehranın mesajlarıdan aydın olan budur ki, gərginliklər aradan qalxmaqdadır və İran əlaqələrin əvvəlki vəziyyətə qaytarılmasını, o cümlədən səfirliyin fəaliyyətinin bərpasını arzu edir. Bəs bu mümkün olacaqmı?

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, İran adlanan ölkənin rəsmi təmsilçiləri Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasından daha çox, rəsmi Tehranın Azərbaycana olan münasibətinin normal, sivil məcraya qədəm qoymasından söz açsalar, bu istiqamətdə əməli addımlar atsalar, daha yaxşı olar. İranın Azərbaycandan gözləntiləri əsassız mülahizələr və iddialar üzərində qurulub. Azərbaycanın iradlarının təməlində isə konkret faktlar dayanır: “Azərbaycan dövlət müstəqilliyinin bərpasının ilk günlərindən başlayaraq, qonşu dövlət kimi İranın maraqlarını təhdid edə biləcək heç bir addım atmayıb, amma qarşı tərəfdən bunun əksini görüb. Bu illər ərzində İranın ərazi bütövlüyünü, suverenliyini, təhlükəsizliyini təhdid edə biləcək heç bir davranışa yol verilməyib. İranın Azərbaycan-İsrail münasibətləri barədə iddiaları isə cəfəngiyyatdan və naqis əməllər üçün bəhanə yaratmaqdan başqa bir şey deyil. İran isə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə İrəvana hərtərəfli dəstək verib, təcavüzkarı silah-sursatla, yanacaqla, ərzaq məhsulları ilə təmin edib. Vaxtilə işğal altında olan Azərbaycan torpaqlarının talan edilməsində İran şirkətləri və bu ölkənin vətəndaşları birbaşa iştirak ediblər. Şuşanın işğalının ləkəsi hələ də İranın alnındadır və heç zaman silinməyəcək. İran Azərbaycan torpaqlarının işğaldan azad edilməməsi üçün bütün mümkün vasitələrdən istifadə edib, Ermənistana kəşfiyyat məlumatları ötürüb. İranın xüsusi xidmət orqanları Azərbaycan ərazisində terror aksiyaları həyata keçiriblər, radikal qrupları maliyyələşdiriblər, dövlətimizə qarşı ideoloji təxribatlar törədiblər. Xəzərin hüquqi statusu ilə bağlı məsələ hələ də İranın əsassız iddiaları nəticəsində öz həllini tam şəkildə tapmayıb. İran bu gün də Azərbaycan Respublikasının əsas ərazisini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin gerçəkləşməsinə mane olur, sülh prosesini əngəlləməyə çalışır. Yəni molla rejiminin Azərbaycana münasibətdə sərgilədiyi nə müsəlmanlığa, nə də insanlığa sığmayan davranışların sayı o qədər çoxdur ki, saymaqla bitməz. Bu baxımdan, qarşılıqlı münasibətlərin normallaşmasının yeganə şərti İranın bu əməllərinə son qoymasıdır. Bütün bunlara son verilmədən, münasibətlərin normallaşması mümkün deyil. Əlaqələrin əvvəlki vəziyyətə qaytarılması da həmçinin. Yəni münasibətlərin yaxşılaşması, iqtisadi əlaqələrin güclənməsi üçün addımları İran tərəfi atmalıdır. Azərbaycan İranla qonşuluq münasibətlərində onsuz da həmişə maraqlı olub”.

Politoloq qeyd etdi ki, əvvəllər Azərbaycan İranın əməllərinə, sadəcə, göz yumurdu, molla rejiminin nə zamansa öz ideoloji və geosiyasi təxribatlarına ümid bəsləyirdi. Lakin 44 günlük müharibənin ilk günlərindən rəsmi Tehran ölkəmizə qarşı təxribatlarını daha açıq müstəviyə keçirdi və Ermənistanın yanında olduğunu qabarıq şəkildə nümayiş etdirdi. Məhz bu səbəbdən, münasibətlərin normallaşması etimad mühitinin formalaşmasından, etimad mühitinin formalaşması isə rəsmi Tehranın təxribatlarına tamamilə son verməsindən birbaşa asılıdır. Bu, olacaqsa, münasibətlər təbii ki, yaxşılaşacaq, əlaqələr inkişaf edəcək.

Səfirliyin bərpasına gəldikdə isə E.Mirzəbəylinin qənaətinə görə, bu, yalnız terror aksiyasını həyata keçirən və onu sifariş verən şəxslərin ədalət məhkəməsi qarşısında dayanmasından, layiqli cəzalarını almasından və diplomatlarımızın təhlükəsizliyinə əminlik yaradan mexanizmlərlə təminat verməsindən sonra mümkün ola bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR