İnsanlara hürriyət, millətlərə istiqlal!

İran şahının oğlunu İsrailə gətirən səbəblər - nəticə nə ola bilər...

1716 20.04.2023 09:15 Siyasət A A

İranda rejim dəyişikliyindən danışıldığı, İsraillə münasibətlərin gərginləşdiyi bir vaxtda daha bir maraqlı proses yaşanıb. Belə ki, İran şahının oğlu Rza Pəhləvi İsrailə səfər edib. O, Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

R.Pəhləvi bu tarixi və heç də təsadüfi olmayan səfəri zamanı Milli Holokost Memorial Muzeyində Holokost qurbanlarının xatirəsinə təşkil edilən mərasimə də qatılıb. O, tədbirdə Netanyahu və İsrail Prezidenti İsaak Hersoqla yanaşı dayanıb. Pəhləvi “i24NEWS”a müsahibəsində tədbirdə iştirak etməyin və Holokost qurbanlarını yad etməyin onun vəzifəsi olduğunu bildirib.

Qeyd edək ki, Pəhləvi 17 apreldə Təl-Əvivin Ben Qurion hava limanına enib. Burada onu Yad Vaşemdəki mərasimdə müşayiət edən İsrailin kəşfiyyat naziri Gila Qamaliel qarşılayıb. 43 il sürgündə olan, molla rejiminin qatı əleyhdarı olan Pəhləvi hazırda ABŞ-da yaşayır. Pəhləvinin indiki anda İsrailə gəlməsi, qeyd etdiyimiz kimi, təsadüfi ola bilməz. Böyük ehtimalla bundan sonra İranda molla rejimi daha da narahatlıq keçirəcək. Çünki mümkündür ki, molla rejiminin çöküşündə Pəhləvi amilindən məharətlə istifadə edilsin. Bəzi iddiaçılar isə hesab edir ki, İran terrorçu xislətinə sadiq qalaraq Pəhləviyə qarşı terror törətməyə də cəhd edə bilər. Ümumiyyətlə, bu prosesdə hansı çalarlar sezilir? Nəticə nə ola bilər?

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov

Əli Orucov: “İsrail Pəhləvidən, sadəcə, görüntü kimi istifadə edəcək”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rza Pəhləvini proseslərə ciddi şəkildə təsir edə biləcək fiqur saymır: “İranda Pəhləvi rejiminin süquta uğramasından 45 il ötür. İslam inqilabından sonra İranda çox şey dəyişib. İdeoloji, fəlsəfi və siyasi düşüncələr də tamamilə fərqlidir. Belə olan halda Pəhləvi rejiminə olan bəzi nostalji hissləri nəzərə almasaq, İran cəmiyyətini Pəhləvilərlə bağlayacaq tellər demək olar ki, yoxdur. Şahın tərəfdarları şah devrildikdən sonra ölkədən qaçdılar. Onların bir qismi artıq ya həyatda yoxdur, ya siyasətdə deyil, ya da ictimai həyatda fəal rol oynayırlar. Bu baxımdan da hesab etmirəm ki, Rza Pəhləvi faktoru İrandakı proseslərə ciddi təsir edə bilsin. Onun İsrailə səfəri əksinə, olan-qalan tərəfdarlarını da çəkindirəcək. Çünki İran cəmiyyətinin İsrailə baxışları düşmənçilik aurasında formalaşıb. Ancaq bu səfər İranın molla rejimini qıcıqlandıra bilər.

Pəhləvinin İsrailə səfəri və qarşılanma törəni, məncə, onun əleyhinə işlədi. Baxmayaraq ki, o, İsrailin dəstəyini almaq və özünü vacib fiqur kimi təqdim etməyə səy göstərdi. İsrail Pəhləvidən, sadəcə, görüntü kimi istifadə edəcək. İsrailin İran cəmiyyətinə təsiri o qədər də güclü deyil ki, hansısa fiquru siyasi gündəmin əsas faktoruna çevirsin. Fikrimcə, İran terror və təxribatlar törətmək məsələsində böyük təcrübəyə sahib olsa da, bu alətdən yeri gəldi-gəlmədi istifadə etməklə özünü ciddi zərbə altına salmaz. Tehran üçün Rza Pəhləvi böyük təhlükə sayılmır. Sadəcə, qıcıqlandırıcı rol oynaya bilər. İsrail üçün bu gün ən böyük təhlükə və yeni reallıqlar yarada biləcək amil Bakıdır, Azərbaycandır. Odur ki, əsas hücum xətti və təzyiqlər xarici siyasətdə Azərbaycana yönəlib. Rza Pəhləvinin İsraildə səfər çərçivəsində İsrail ictimaiyyətinə xoş gələcək hərəkət və addımları əsasən özünün sanbalını və əhəmiyyətini artırmaqdan başqa bir şey deyil. Amma İsrail hökuməti bütün vasitələrdən istifadə etməkdə mahir olduğunu hər kəs bilir".

Asif Nərimanlı:"Biz deyirik Ankara, bunlar deyir ...."

Asif Nərimanlı: “Molla rejiminin Pəhləviyə qarşı hücumlar edə biləcəyi də istisna edilməməlidir”

Siyasi analitik Asif Nərimanlının bu səfərlə bağlı ehtimalı belədir: “İsrail İran rejiminə qarşı hərbi və siyasi olmaqla iki müstəvidə hərəkət edir. Hərbi müdaxilə ön planda idi və bu məqsədlə beynəlxalq koalisiyanın yaradılmasına çalışırdılar. Netanyahunun ABŞ və Avropa səfərləri buna hesablanmışdı, lakin proseslər göstərdi ki, İrana qarşı beynəlxalq koalisiyanın yaradılması planı təxirə düşməsə də, istənilən nəticəni verməyib. Burada Rusiya ilə döyüşən Qərbin ikinci cəbhənin açılmasını istəməməsi, Çin amili və digər səbəblər önəmlidir. Hərbi müdaxilə məsələsində hələ istədiyini ala bilməyən İsrail rejimin siyasi yolla dəyişdirilməsini ön plana çıxarıb, Pəhləvinin səfəri də bununla bağlıdır. Bu, həm də İranın parçalanacağı planlarının olduğuna dair fikirlərə qarşı atılmış addım hesab oluna bilər. İranda rejimin dəyişməsini istəyən qüvvələr ölkənin parçalanacağından qorxurlar, İsrail, yəni rejimin dəyişməsini istəyən qüvvələr Pəhləviyə dəstək verməklə məqsədin parçalanma yox, rejimin dəyişdirilməsi olduğunun mesajını verirlər. Pəhləvinin SEPAH daxilində müəyyən qüvvələrlə əlaqəyə keçdiyi haqda məlumatlar bu kontekstdə diqqət çəkir. Mümkündür ki, SEPAH daxilindəki qüvvələr İranın parçalanmasının qarşısını almaq üçün mövcud rejimin dəyişdirilməsinə razı olsunlar. Bəllidir ki, molla rejiminin aşağıdan dəyişdirilməsi ehtimalı azdır, aksiya aylardır davam etsə də, nəticə əldə edilmədiyi də bunu göstərir. Bu baxımdan, rejim daxilindəki qüvvələrin hərəkətə keçməsi və Pəhləvi ətrafında birləşməsi ssenarisi mümkün görünür. Molla rejiminin Pəhləviyə qarşı hücumlar edə biləcəyi də istisna edilməməlidir. O cümlədən ordu içində və siyasi çevrələrdə Pəhləvi ilə birləşmə potensialı olan qüvvələrin, xüsusilə Şahçılar olaraq bilinən qrupların neytrallaşdırılması istiqamətində addımlar ata bilər”.

 Ermənistanda aksiyalar başladı - hökumətə qarşı 5 cəbhə

Aqşin Kərimov: “İndi həmin tamaşada Pəhləvi də rol almalıdır”

Siyasi şərhçi Aqşin Kərimov isə qeyd etdi ki, Rza Pəhləvinin İsrailə səfəri bəzi qaranlıq məqamlara işıq tutmaq üçün şanslar verir: “Rza Pəhləvinin İsrailin planı olduğuna inancım zəifdir, o, daha çox ABŞ-ın proyekti kimi siyasi səhnədə canlanır. Qısası, Pəhləvinin əsas donoru Vaşinqton, köməkçi dəstəkçisi isə İsraildir. Hesab etmirəm ki, Pəhləvinin İranda hakimiyyətə hazırlanması üçün plan mövcuddur, o, sadəcə olaraq, müəyyən situativ gedişlər üçün piyada kimi ortaya atılıb. Pəhləvi ABŞ-ın qlobal siyasətinin mərkəzində dayanan insan hüquqları mövzusunu İranda inkişaf etdirmək təlimatını icra etməyə çalışır. Ancaq İsrailə bu mövzu tamamilə yaddır. Lakin ABŞ-la İsraili ortaq bir təhdid birləşdirir - bu, İranın regiondakı hərbi mövcudiyyəti, böyük sayda proksi qüvvələrə malik olması, nüvə silahı əldə etmək iddiaları ilə əlaqədar olan təhlükəsizlik məsələləridir. İsrail üçün İrandakı daxili qarışıqlıqlar ona görə lazımdır ki, bu, ölkənin nüvə obyektlərinə qarşı effektiv əməliyyatlar keçirmək imkanlarını genişləndirə bilər. ABŞ-ın isə planı bir qədər fərqli xüsusiyyətə malikdir, o, İrana qarşı zərbələrdə tərəddüd edir və İsraili də böyük miqyaslı əməliyyatlardan çəkindirir. Bu, İran teatrında fərqli bir tamaşanın qurulması üçün şərtlər formalaşdırır və indi həmin tamaşada Pəhləvi də rol almalıdır. Lakin onun rolu epizodikdir və geniş təsir imkanları olduğuna inanmıram. Çünki İrandakı etirazların mərkəzində dayanan gənclərdir və onlar üçün Şahın irsinin davamçısı o qədər də cəlbedici deyil. Üstəgəl, SEPAH İrandakı etirazların yönləndirilməsində iştirak edir və mümkündür ki, Pəhləvi kartına qarşı Tehranın da öz kozırları var. Ancaq təbii ki, İran Pəhləvi amilinə qarşı cavab addımları ata bilər və o, dünya üzrə molla rejiminə dissident mövqedə dayananları, yəhudi iş adamlarını, Qərbdən olan siyasətçiləri öldürmək planlarını aktiv saxlayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR