İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Urmiya gölünün bərpası ilə bağlı proqramların indiyədək ciddi nəticə vermədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, son 20 il ərzində gölün dirçəldilməsi üçün vahid dövlət proqramının həyata keçirildiyini və bu prosesdə dost ölkələrin dəstəyindən də istifadə olunduğunu bildirib.
Arefin sözlərinə görə, bütün səylərə baxmayaraq, Urmiya gölünün vəziyyətində nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkün olmayıb. Gölün quruması nəticəsində yaranan qum və toz fırtınaları region əhalisinin sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur.
Rəsmi şəxs vurğulayıb ki, son 10 il ərzində Urmiya gölünün su səviyyəsində hər hansı yüksəlmə qeydə alınmayıb. Rəsmi Tehran gölün “istənilən qiymətə” bərpa edilməli olduğunu bəyan etsə də, mövcud göstəricilər ekoloji böhranın dərinləşməkdə davam etdiyini göstərir.
Musavat.com






