İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamentinin kürd əsilli spikeri - Keçmiş SEPAH komandiri və qatı rejim tərəfdarı

1340 31.10.2022 13:10 Region A A

Xəbər verildiyi kimi, İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bu gün Azərbaycana rəsmi səfərə gəlir.

Azərbaycanla münasibətlərin gərgin olduğu bu məqamda cənub qonşumuzun parlament rəhbərinin səfəri maraq doğurmaya bilməz. Üstəlik, Məhəmməd Bağır Qalibaf rejim içində nüfuzlu dövlət adamlarından sayılır.

23 avqust 1961-ci ildə Məşhəddə kürd və fars ailəsində anadan olan Qalibaf artıq 19 yaşında İran-İraq müharibəsi zamanı müdafiə qüvvələrinin komandirlərindən biri olub. Daha sonra o, "Rəsulullah" diviziyasına komandir təyin edilib. 22 yaşında Qalibaf artıq "Nəsr" birliklərinin komandanı olub.

Müharibədən sonra Məhəmməd Bağır Qalibaf general Əfşarın komandanlığı altında Müqavimət Qüvvələri və "Bəsic" qüvvələrinin komandir müavini seçilib. 1998-ci ildə Möhsün Rezayi istefa verdikdə və Yəhya Rəhim Səfəvi SEPAH-ın yeni baş komandanı olduqdan sonra o, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava Qüvvələrinin komandanı təyin edilib.

1999-cu ildə tələbə etirazları zamanı İslam İnqilabı Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı kimi Qalibaf islahatçı prezident Məhəmməd Hatəmiyə hədələyici məktub göndərən 24 SEPAH komandirindən biri olub.

Gələcək spiker 2005-ci ildə İranda keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb. Həmin vaxt o, mühafizəkarların əsas namizədi olaraq düşünülüb. Lakin seçkilərə az bir müddət qalmış mühafizəkar qanadın əsas dəstəyi Mahmud Əhmədinejada yönəldilib. Nəticədə seçkilərdə Qalibaf dördüncü yerlə kifayətlənib.

2005-ci il seçkiləri bitdikdən sonra keçmiş namizəd bu dəfə Mahmud Əhmədinejadın əvvəlki vəzifəsinə, Tehran merliyinə iddialı olub. Məhəmməd Əliabadi və Məhəmməd Əli Nəcəfi ilə birlikdə girdiyi yarışda o, Şuranın 15 səsindən 8-ni alaraq paytaxtın meri seçilib.

Qalibafın mühafizəkar görüşlərinə rəğmən, mer vəzifəsində olarkən ABŞ-la dialoqun aparılmasının vacibliyi ilə bağlı fikirləri maraq doğurub.

Tehran meri 2009-cu il seçkilərində prezidentliyə namizəd olmayıb. Həmin vaxt köməkçiləri onun 2013-cü ilin iyununda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb və Qalibaf 16 iyul 2012-ci ildə namizədliyini rəsmən bəyan edib.

Gələcək namizəd keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin növbəti dəfə seçkilərdə iştirakının qəti əleyhdarlarından biri olub. Qalibaf seçki prosesində digər iki namizəd - Əli Əkbər Vilayəti və Qulam Əli Həddad Adillə birlikdə 2+1 adlı koalisiya qurub. İran parlamentinin sədri Əli Ərdəşir də seçkilərdə onu dəstəkləyib.

Lakin 2013-cü il seçkilərində Qalibaf 6 milyon 77 min 292 səs (16,55%) toplayaraq yeni prezident seçilən Həsən Ruhanidən sonra ikinci yerdə qərarlaşıb.

2020-ci ildə İran parlamentinə seçkilərdə Məhəmməd Qalibaf Tehranda 1,2 milyondan çox səs toplayıb. Həmin ilin may ayının 28-də Məhəmməd Bağır Qalibaf Məclisin sədri seçilib. Bu postda o, Əli Laricanini əvəzləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR