İnsanlara hürriyət, millətlərə istiqlal!

İran özünü bir daha ifşa etdi

938 04.05.2023 12:52 Siyasət A A

Vətən xainlərini Azərbaycana təhvil vermək əvəzinə sərbəst buraxmağın anlamı nədir?

İranda “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbs edilməsi barədə xəbər vermişdik.

Azərbaycan barəsində dövlətə xəyanət və terrorizm maddələri ilə cinayət işi başlatdığı həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib. İran tərəfi onları saxlasa da, Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər. İran tərəfi onları həbs edib azad etməklə növbəti dəfə qeyri-səmimiliyini nümayiş etdirdi. Azərbaycana qarşı illərdir təxribatlar törədən, barələrində dövlətə xəyanət və terrorçuluq maddələri ilə cinayət işi başlanmış Tohid İbrahimbəyli və Orxan Məmmədovun ETTELAAT-ın nəzarətinə alınması və buraxılmaları əslində gözlənilən idi.

İranın onları Azərbaycana təhvil verib-verməyəcəyi barədə danışan ekspertlər bildirirdilər ki, Tehran mümkündür ki, öz agentlərini, sadəcə, görüntü üçün saxlayıb. Yəni bunu bir manevr olaraq həyata keçiriblər ki, sonradan guya onların sorğulandığı, cinayət tərkibi olmadığı səbəbindən sərbəst buraxıldıqları görüntüsünü yaratsınlar. Bu cür hiylə ilə bu xainlərin həbs adı ilə istirahətə alındığına dair proqnozlar artıq özünü doğruldub. Belə ki, adıçəkilən 2 xaini Azərbaycana təhvil verməyiblər, onların mayın 2-də artıq sərbəst buraxıldığına dair məlumat yayılıb.

İran bununla da növbəti dəfə Azərbaycana qarşı qeyri-səmimi davranışını və agent şəbəkəsinin rəhbərlərini məqsədli şəkildə qoruduğunu nümayiş etdirmiş oldu. Bundan sonra Tehranın hansısa normal siyasətə keçid alacağına inanmaq da mümkün deyil.

İran niyə normal qonşuluq siyasətinə keçid almaq  istəmir? Bu müddətdə Tehran əmin oldu ki, Azərbaycanla konfrontasiya onun daha da zəifləməsinə və molla rejiminə nifrətin artmasına səbəb olur, eyni zamanda hüquqi və diplomatik baxımdan da tükənir. Ancaq bununla belə, öz hikkəli davranışlarından imtina etmir.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, İran Azərbaycan müstəqilliyini qazanandan bu günə qədər qərəzli mövqe sərgiləməkdədir: “Ən böyük qorxuları da İranda yaşayan azərbaycanlıların bir qisminin hüquqlarının mübarizəsinə cəlb edilməsi riskidir. Bu, İran rejimini qorxudur. Tehran Suriyada, Livanda, Yəməndə radikal qruplaşmalar yaradır və bu qruplaşmalar üzərindən həmin ölkələrdə siyasətini gerçəkləşdirir. Azərbaycanda da belə qruplaşmalar yaradıblar, amma həmin qruplar üzərindən istədiklərinə nail ola bilmədilər. İran rejimini narazı salan həm də budur. Son bir ildə İrana bağlı olan Azərbaycandakı qruplaşmaya qarşı dövlət tərəfindən çox ciddi şəkildə iş aparılır. İran bu şəraitdə Azərbaycana yönəlik siyasətini dəyişməlidir. Çünki öz daxilində həddən artıq gərginlik var və əhalinin sosial-iqtisadi durumu ağırdır. Mitinq və yürüşlər səngimir. Belə bir şəraitdə məntiqlə İran qonşu dövlətlərlə normal münasibətlər saxlamalıdır”.

Politoloq deyib ki, İran bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə barışdığı kimi, Azərbaycanla da barışığa cəhd etməlidir: “İran hakimiyyətindəki qruplarda Azərbaycana münasibətdə yekdil mövqe yoxdur. Bəlkə də İran Xarici İşlər Nazirliyi Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Amma SEPAH, dini liderin ətrafının da belə bir mövqeyi, münasibəti sezilmir. Onların münasibəti dəyişməyincə, gərgin münasibətlər davam edəcək”.

Politoloq deyir ki, İran Azərbaycanla münasibətləri normallaşdırmaq üçün heç bir addım atmır: “Səfirliyimizə hücumu araşdırmırlar, İrana gedən tələbəmizdən xəbər yoxdur, indi də Azərbaycanın ekstradisiyasını tələb etdiyi iki şəxsi tutub azad edirlər. Deməli, münasibətləri normallaşdırmaq istəmirlər, bunda maraqlı deyillər. Düşünürlər ki, bizə təzyiq etməklə istədiklərinə nail ola bilərlər. Halbuki son iki il göstərdi ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, bu cür davamlı təzyiqlər bizim Qərblə münasibətlərimizin genişlənməsinə, İsraildə səfirlik açmağımıza səbəb oldu. Təzyiqlər İrana müsbət nəsə vermir. Üstəlik, İranla ortaq layihələrimiz də dayanıb. Məntiqlə İran Azərbaycanla münasibətləri normallaşdırmalıdır. İran 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanla münasibətləri son həddə qədər gərginləşdirdi. Sərhədlərmizi pozdu, sərhədlərimizdə hərbi təlimlər keçirildi, səfirliyimizə hucum təşkil olunması, vətəndaşlarımızın İranda yox çıxması kimi təxribatlar oldu. İran bunu hansı müddətə qədər davam etdirəcək, bu bilinmir. İran normalda bizimlə də Səudiyyə Ərəbistanı ilə olduğu kimi bir qərar verib münasibətləri normallaşdırmalıdır. Həmin vətən xainləri də Azərbaycana təhvil verilməlidir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR