ABŞ İran mənşəli neftin, neft-kimya məhsullarının və neft məhsullarının istehsalı, satışı, tədarükü və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara 21 avqust 2026-cı il saat 00:01-dək icazə verən sənəd qəbul edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dərc etdiyi sənəddə bildirilir.
Bəs ABŞ-nin İran neftinə yaşıl işıq yandırması İran hansı imkanları açacaq?
Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, ABŞ-nin İran nefti və neft məhsulları ilə bağlı əməliyyatlara icazə verməsi Tehran üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm imkanlar yaradır. Lakin bu addımın təsirləri lisenziyanın müddəti və sonrakı siyasi qərarlardan birbaşa asılı olacaq:
“Əgər tərəflər arasında əldə olunmuş razılaşmalar davamlı xarakter alarsa, İran son onillikdə ilk dəfə olaraq qlobal enerji bazarına daha geniş şəkildə qayıtmaq şansı qazana bilər. Bu isə həm Yaxın Şərqin geosiyasi mənzərəsinə, həm də enerji bazarlarına ciddi təsir göstərə bilər. İran iqtisadiyyatının əsas gəlir mənbələrindən biri enerji sektorudur. Sanksiyalar səbəbindən uzun müddət rəsmi ixrac imkanları məhdudlaşmışdı. ABŞ-ın müvəqqəti lisenziyası İranın neft satışını daha şəffaf və daha geniş bazarlarda həyata keçirməsinə şərait yarada bilər. Bu isə dövlət büdcəsinə milyardlarla dollar əlavə gəlir gətirmək potensialına malikdir.
Sanksiya risklərinin qismən azalması enerji, neft-kimya və logistika sahələrində beynəlxalq şirkətlərin İrana marağını yüksəldə bilər. Hətta qısamüddətli lisenziya belə bazarlara siqnal verəcək ki, Vaşinqton və Tehran arasında müəyyən normallaşma prosesi başlayıb.
Bundan başqa, ixrac gəlirlərinin artması İran rialına təzyiqi azalda, valyuta bazarında sabitlik yarada və inflyasiyanın müəyyən qədər cilovlanmasına kömək edə bilər. Bilirsiniz ki, son illərdə yüksək inflyasiya İran hökumətinin əsas problemlərindən biri olub”.

Deputat hesab edir ki, əlavə maliyyə resursları İranın regional layihələrə və xarici siyasət prioritetlərinə daha çox vəsait ayırmasına imkan verə bilər. Bu isə Yaxın Şərqdə qüvvələr balansına da təsir göstərə biləcək amildir:
“Bu qərar ilk növbədə İranla əldə edilmiş yeni anlaşmaların iqtisadi hissəsinin həyata keçirilməsinə xidmət edir. Vaşinqtonun məqsədi bir tərəfdən nüvə və təhlükəsizlik məsələlərində razılaşmaların icrasını təşviq etmək, digər tərəfdən isə qlobal enerji bazarında əlavə neft təklifinin yaranmasına şərait yaratmaqdır.
Bundan başqa, İran neftinin bazara qayıtması dünya bazarında qiymətlərin sabitləşməsinə kömək edə bilər. Xüsusilə son illərdə enerji bazarlarında yaşanan qeyri-müəyyənlik fonunda bu amil ABŞ və onun müttəfiqləri üçün də əhəmiyyətlidir”.
Etibar Seyidağa,
Musavat.com






