İranda ötən həftədən başlayan və son gecə daha da kəskinləşən etiraz aksiyaları artıq ölkə miqyasında üsyan xarakteri almaqdadır.
Musavat.com xəbər verir ki, küçələr səngimir, narazılıq dalğası təkcə böyük şəhərlərlə məhdudlaşmır, əyalət və rayonlara da yayılır.
Sosial şəbəkələrdə yayılan çoxsaylı videolar gecə saatlarında küçələrə çıxan kütlələri, yanan obyektləri, təhlükəsizlik qüvvələri ilə qarşıdurmaları açıq şəkildə göstərir.
Məlumata görə, etirazların başlanğıc səbəbi İran iqtisadiyyatında dərinləşən böhran olub. Sürətlə artan inflyasiya, ərzaq məhsullarının bahalaşması, İran rialının kəskin dəyər itirməsi və hiperinflyasiya əhalinin səbr kasasını daşırıb. İlkin mərhələdə etirazlar əsasən Tehran əsnafı və şəhər əhalisinin sosial-iqtisadi narazılığı kimi ortaya çıxsa da, proses qısa müddətdə siyasi məzmun qazanıb.
Hazırda etirazlar 27 vilayəti əhatə edir, universitetlərə, sənaye bölgələrinə və kiçik şəhərlərə yayılıb. Küçələrdə səslənən şüarlar artıq təkcə iqtisadi yox, rejim dəyişikliyi çağırışlarını da ehtiva edir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






