İnsanlara hürriyət, millətlərə istiqlal!

İran generalı ilə Zakir Həsənovun danışıqlarının pərdəarxası

1107 24.08.2023 09:00 Gündəm A A

Rəsmi məlumatın görünməyən tərəfi budur ki, Təbrizdən keçməklə Hindistan istehsalı olan silah-sursat Ermənistana daşınır

Avqustun 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub. 

Qeyd edək ki, bu, uzun aylardan sonra iranlı generalın Bakıya ilk zəngidir. 

Türk Dövlətləri Təşkilatının sülhməramlı qüvvələri – BAYRAQDAR MEDİA

Alp Arslan İmamqulu

Hərbi ekspert, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, İranın siyasi nöqteyi-nəzərdən münasibətlərin yaxşılaşması istiqamətində atılan addımları təqdirəlayiqdir: “Bu gün reallıq budur ki, İran Azərbaycana düşmənçilik mövqeyində dayanan, bundan əl çəkməyən Ermənistana yardımlarını əsirgəmir. Hindistanın Ermənistana silah tədarükü var, bu məsələdə də İran Ermənistana logistika yollarının təmini baxımından gərəkli dəstək verir. Bu baxımdan, İranla hər hansı yaxınlaşma olacaqsa, biz gərəkli şərtlərimizi qoymalıyıq. Əgər Azərbaycanla qonşuluq zəminində münasibətləri yaxşılaşdırmaq niyyətləri, məqsədləri varsa, Bakı ilə  münasibətlərində çox diqqətli olmalıdırlar. Xüsusən də Azərbaycanın düşməni olan Ermənistanla öz münasibətlərində.  Bu şərtlər yaxınlaşma prinsiplərində ortaya qoyulmalıdır. İran Ermənistanla münasibətlərdə Azərbaycanı nəzərə alacaqsa, düşmən ölkəyə hərbi-siyasi dəstək verməyəcəksə, münasibətlərimiz müsbət yöndə gedə bilər”.

Hərbi ekspert deyib ki, yaxın perspektivdə İran-Azərbaycan münasibətlərində yaxınlaşmanın olacağını zənn etmir: “İran- Azərbaycan yaxınlaşması daha çox Tehranın atdığı addımlardan asılıdır. İndiki dönəmdə vəziyyət belədir”.

Hərbi ekspert bildirib ki, Azərbaycanın Türkiyə ilə münasibətlərinin hərbi-siyasi sahədə inkişafı İranı qıcıqlandırmamalıdır: “Türkiyə NATO ölkəsidir. İran da Türkiyə ilə həmsərhəddir. Azərbaycanın İranla daima münasibətləri olub. Xüsusən, iqtisadi sahədə münasibətlər yaxşı səviyyədə olub. Bu gün iqtisadi münasibətlərlə yanaşı, hərbi sahədə də münasibətləri yaxşı olması tərəflər üçün əlverişli olar. Bunun üçün qarşılıqlı güvən və etimadın olması əsas şərtdir. Təbii ki, İran və Azərbaycan arasında müsəlman dövlətləri olaraq belə bir münasibətlər formalaşarsa, hərbi sahədə əməkdaşlıq baş tutarsa, təqdirəlayiq olar”.

Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirib ki, sıradan məsələlər hərbi attaşelər səviyyəsində müzakirə edilir və lazım olan məruzələr edilir: “General-leytenant Məhəmməd Hüseyn Baqeri ilə Zakir Həsənov arasında regionda təhlükəsizlik məsələləri müzakirə olunub. Bu rəsmi məlumatdır. Rəsmi məlumatın görünməyən tərəfi budur ki, İran ərazisindən Ermənistana aktiv şəkildə Təbrizdən keçməklə Hindistan istehsalı olan silah-sursat daşınır. Tərəflər arasında bu məsələlər müzakirə olunub və Azərbaycan tərəfi baş verənlərə öz narazılığını bildirib. İran regionda sülh və əmin-amanlığın bərqərar olması üçün bəzi məsələlərdə diqqətli olmalıdır Belə məlumatlar da var ki, İran Ermənistana pilotsuz uçuş aparatları verir. Bu və digər məsələlər müzakirə mövzusu olub”.

Hərbi ekspert deyir ki, Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşması ümumilikdə, Cənubi Qafqazda sülhün bərqərar olması baxımından əlverişlidir: “İranın sabiq prezidenti İbrahim Rəisi zamanında, indiki prezidentin dövründə İran Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycana, Azərbaycanın müdafiə naziri İranda səfərdə olublar. İndi zərurət yaranıb ki, proseslərə dərhal müdaxilə olunsun. Bu məqsədlə tərəflər arasında telefon danışığı olub. Belə telefon danışıqları nadir hallarda olur. Adətən, hərbi attaşelər, səfirliklər vasitəsi ilə belə danışıqlar olur. Məsələnin vacibliyi ortada olduğundan müdafiə naziri İranın Baş Qərargah rəisi ilə bu məsələni müzakirə edib. İranın zamanında addım atması, bəzi məsələləri diqqətə alması diqqətə çatdırılıb”.

Hərbi ekspert deyib ki, İranla yalnız sərhəddə və bəzi təlimlərdə hərbi əməkdaşlıq edirik: “İran hərbçilərinin Azərbaycanda, Azərbaycan hərbçilərinin isə İranda hərbi təlimlərə qatılması şəkilində əməkdaşlıq isə yoxdur”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR