İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycana hədə ritorikasından əl çəkmir - Tehran davanı seçir?

966 04.04.2023 09:14 Siyasət A A

Amerikalı eks səfir hesab edir ki, Tehran sərhədə qoşun yığmaqla Azərbaycanı qorxutmaq istəyir və hökumət istəyərsə, bu təhlükəyə qarşı Birləşmiş Ştatlarla işbirliyi qura bilər; “İranın Azərbaycanla bağlı verəcəyi yanlış qərar tələyə düşməsinə səbəb ola bilər” - politoloq

Belə görünür ki, qonşu İran Azərbaycan əleyhinə təxribatçı mövqeyindən və düşmənçiliyindən tezliklə əl çəkən deyil. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfərinə və orada səfirliyimizin açılışına rəsmi Tehranın əsəbi və hədələyici reaksiyası bir daha təsdiqlədi. Məlumdur ki, Azərbaycan XİN-in buna cavabı operativ və adekvat olub. Ardınca Müdafiə Nazirliyimiz analoji kəskin reaksiya ortaya qoyub. “Terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamları qəbuledilməz və cəfəngiyyatdır” - müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1 aprel tarxili xidməti müşavirədə deyib.

Nazir Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edərək heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib. Beləcə, Tehranın cavabı eyni vaxtda xarici işlər və güc nazirliklərindən layiqincə verilib. Bəs fars-molla rejimi Azərbaycanla hədələyici tonda danışmağın mənasız olduğunu anlayacaqmı?

Əfsus ki, bunun əlamətləri görünmür. Əksinə, Azərbaycan XİN-in cavabından sonra İran XİN-in sözçüsü Naser Kənani tvitter paylaşımında yenə köhnə havanı çalıb. Sitat: “Biz Azərbaycan hökumətindən sionist rejimin xarici işlər nazirinin Azərbaycanla İrana qarşı vahid cəbhənin yaradılması ilə bağlı razılaşması ilə bağlı verdiyi açıqlamaları izah etməyi xahiş etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü cavab verməkdən yayınıb və əvəzində İrana qarşı yeni ittihamlar səsləndirib. Məgər sükutun davam etdirilməsi Bakının strateji tərəfdaşının (İsrailin) verdiyi bəyanatların dolayı təsdiqi deyilmi?”

Qeyd edək ki, Azərbaycan XİN-in sözçüsü öz açıqlamasında “Azərbaycan öz ərazisindən heç vaxt üçüncü dövlətlərə qarşı istifadəyə imkan verməyib” cümləsini də işlətmişdi. İrana başqa nə lazımdır? Kənani isə ardınca dolayısıyla buradakı “5-ci kolona” ismarış yollayaraq yazıb: “Cinayətkar sionist rejimi müsəlman ölkələrinə yaxınlaşmaqla öz ekspansionist məqsədlərinə çatmaq üçün İslam ümmətində ixtilaflar və təfriqə salmağa çalışır. Azərbaycandakı müsəlman bacı və qardaşlara sionist düşmənin əsl niyyətlərindən xəbərdar olmalarını tövsiyə edirik”.

Metyu Brayza: Ermənistan Azərbaycanı cavab tədbirlərə təhrik etmək üçün  mülki obyektlərə hücum edir

Metyu Brayza

Görəsən, İslam ümmətində ixtilaf və təfriqə yaradan İsraildir, yoxsa məscidlərdə donuz saxlayan, azərbaycanlı müsəlmanları etnik təmizlənməyə, soyqırımlarına məruz qoyan, yurd yerlərindən didərgin salan Ermənistanın dostu İran? ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Gununsesi.info-ya açıqlamasında Azərbaycanla İran arasındakı son durumu şərh edərkən deyib ki, Azərbaycanla İran arasındakı hazırkı gərginlik ciddidir və Tehran sərhədə qoşun yığmaqla Azərbaycan xalqını qorxutmaq istəyir: “İran bununla demək istəyir ki, İkinci Qarabağ müharibəsindəki qələbənizdən ruhlanmayın. Həm də İrandakı etnik azərbaycanlıları qorxutmaq istəyir”.

Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayətində İranın rolunun olması barədə iddialara gəlincə, amerikalı diplomat hesab edir ki, bu versiya təsdiqini taparsa, gərginlik dramatik şəkildə artacaq və son dərəcə ciddi təxribatlar olacaq. “İran təhlükəsinə qarşı ABŞ Azərbaycan üçün nə edə bilər” sualına Brayza belə cavab verib: “ABŞ hansısa xüsusi kömək edərmi, bu, inandırıcı deyil. Yəni ABŞ borclu deyil ki, hansısa ölkəni İrandan qorusun. Amma Azərbaycan hökuməti istəyərsə, İran təhlükəsinə qarşı Birləşmiş Ştatlarla işbirliyi qura bilər”. Amma necə, hansı işbirliyi? Az öncə dövlət katibi Entoni Blinken də bildirmişdi ki, “Azərbaycanın İranla sərhədini (Azərbaycanı İrandan) qorumaq lazımdır”. Tehranın gerçək hədəfi nədir, İran müharibəni seçir?

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi bir neçə gündür Azərbaycan tərəfindən izahat istəyir: “Belə görünür Tehran Azərbaycan xalqının ondan izahat tələb etməsini unudub. Səfirliyimizdə terror hadisəsi ilə bağlı İran dürüst bəyanat verdi? Yoxsa Fazil Mustafaya hücumu pisləyərək terrorçuları qınadı? İran XİN yaxşı olardı ki, Azərbaycanın müstəqil, suveren olduğunu və hər hansı davranışına görə heç kimə izahat verməli olmadığını unutmasın. İran hakimiyyəti unutmasın ki, onun Azərbaycanla bağlı verəcəyi yalnış qərar onun tələyə düşməsinə səbəb ola bilər. Yadına müasir qlobal prosesləri və sovetlərin Əfqanıstana daxil olmasını salsın”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar Təbrizdə Baş konsulluğumuzun təhlükədə olduğu məsələsini aktuallaşdırır: “Hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən "Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik" iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu. Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbrizdəki konsulluğun qarşısında “bağlansın” tələbi ilə aksiya təşkil etdi. Ekspertlərinin dili ilə konsulluğu “şeytan yuvası” adlandırdı. Aksiyanın məqsədi “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaqdır. Lakin burada digər səbəb də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi “bağ” olaraq görürlər və bunu qoparmaq istəyirlər. Tehran rejimi konsulluğu bağlamaq məqsədilə hansı addımı ata bilər? Birincisi, səfirliyimizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir. İkincisi, konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edə bilərlər: ekspertlər üzərindən “şeytan yuvası” adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında “Azərbaycanı düşmən kimi” göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR