İnsanlara hürriyət, millətlərə istiqlal!

İpoteka şərtlərinə dəyişiklik vətəndaşa nə verəcək - təhlil

1673 15.12.2022 09:21 İqtisadiyyat A A

Ekspert: “Bu, bankların risklərini azaldır, vətəndaşın ala biləcəyi kredit məbləğini məhdudlaşdırır”

Azərbaycanda ipoteka krediti şərtlərinə bəzi dəyişikliklər edilib. Bu dəyişiklikləri Nazirlər Kabineti ipoteka krediti borcalanın aylıq məcmu gəlirinin hesablanması qaydasında aparıb. Qurumdan verilən məlumata görə, qərar əhalinin ipoteka kreditindən faydalanmaq imkanlarının artırılması, ipoteka krediti almaq istəyən şəxslərin gəlir və xərclərinin təhlili işinin təkmilləşdirilməsi məqsədini daşıyır.

Qərarla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) muzdlu işdən əldə edilən gəlirləri MEİS-in “Sığorta” altsistemi ilə yanaşı, “Əmək müqaviləsi bildirişi” altsistemi və vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş digər təsdiqedici sənədlərə əsasən müəyyən ediləcək, tarif (vəzifə) maaşı azalan borcalanların orta aylıq gəlirləri isə dəyişiklik baş verən tarixdən sonrakı real gəlirlərinə uyğun hesablanacaq.

Başqa sözlə, qərara əsasən, borcalanın (borcalanların) orta aylıq gəliri aşağıdakı qaydada hesablanacaq:

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 26 min 129 ipoteka krediti  verilib - AZƏRTAC

- borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində olan ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;

- borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə;

- borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində tarif (vəzifə) maaşı azaldıqda, orta aylıq gəlir müvafiq dəyişiklikdən sonrakı formalaşmış gəlirlərin faktiki ayların sayına bölünməsi yolu ilə.

İndiyə qədər borcalanın (borcalanların) orta aylıq gəliri bu qaydada hesablanırdı:

- borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;

- borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə.

Bir neçə həftə əvvəl isə güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilib. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na dəyişiklik olunub. Fərmana əsasən, şəhidin övladları, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları, Azərbaycanın Milli Qəhrəmanının övladları güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

İndiyə kimi gənc ailənin üzvü olan şəhid ailəsinin üzvü (əri/arvadı, övladları) və Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik idi.

İpoteka kreditləşməsi sahəsində daha bir yenilik budur ki, əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsi elektronlaşdırılır.  Milli Məclisin “Notariat haqqında” Qanuna qəbul etdiyi dəyişikliyə əsasən dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq ediləcək.

İpoteka və Kredit Zəmanət Fondunda hesab edirlər ki, Nazirlər Kabinetinin 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik etməsi müvəkkil bankların kredit risklərini daha düzgün qiymətləndirməsinə, borcalanların ödəniş intizamının daha da yaxşılaşmasına səbəb olacaq: “Dəyişiklik ipoteka kreditləşməsi mexanizminə əlçatanlığın artırılması, xidmətlərdə şəffaflığın, operativliyin və məmnunluğun təmin edilməsi, ipoteka krediti almaq istəyən şəxslərin gəlir və xərclərinin təhlili işinin təkmilləşdirilməsi və daha da dürüstləşdirilməsi məqsədini daşıyır.

Məlum olduğu kimi, son illər ərzində dövlət xidmətlərinin avtomatlaşdırılması, informasiya sistemlərinin inteqrasiyası hazırda ipoteka krediti üçün müraciət edən şəxslərin gəlirlərinin daha ədalətli və obyektiv qiymətləndirilməsinə əlavə imkanlar yaradır. Hazırda müvafiq qaydaya dəyişiklik imkan verir ki, vətəndaşların muzdlu işlə əlaqədar gəlirlərinin hesablanması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi ilə yanaşı, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemi ilə də nəzərə alınsın. Bu məlumatların obyektiv səbəblərdən nəzərdə tutulmuş qaydada əldə edilməsi mümkün olmadığı hallarda müvafiq dövr üzrə gəlirlərin vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş digər təsdiqedici sənədlərə əsasən hesablanması imkanını yaradır.

İpoteka krediti kimlərə verilməlidir? – ŞƏRTLƏR VƏ CƏDVƏL - Günün Səsi

Qərarda nəzərdə tutulan digər dəyişiklik borcalanların ödəniş qabiliyyətlərinin daha dürüst məlumatlar əsasında qiymətləndirilməsi ilə əlaqədardır. Qərara əsasən vəzifə maaşı azalan borcalanların orta aylıq gəlirləri dəyişiklik baş verən tarixdən sonrakı real gəlirlərə uyğun hesablanacaq. Bu da öz növbəsində müvəkkil bankların kredit risklərinin daha düzgün qiymətləndirilməsinə, eləcə də borcalanların ödəniş intizamının daha da yaxşılaşdırılmasına səbəb olacaq".

İKZF-nin statistikasından aydın olur ki, fond yaranandan indiyədək onun vəsaitləri hesabına 42 min 49 ipoteka krediti verilib. Onların ümumi məbləği 2 milyard 398 milyon 888 min 919 manat təşkil edib. Sentyabrda açıqlanan məlumata əsasən, həmin dövrə qədər verilən ipoteka kreditlərinin (2,2 milyard manatdan yuxarı) təxminən 34 faizi güzəştli kateqoriyalara aid şəxslərə, 68  faizi isə gənclərə və gənc ailələrə verilib. Regionlarda verilən kreditlərin payı 22 faiz təşkil edib.

2022-ci ilin iyulunda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara adi ipoteka kreditlərinin verilməsi üçün əlavə limitlər ayrılıb. Nəticədə bu ilin yanvar-oktyabr ayları ərzində fond xətti ilə 354,9 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7  faiz çoxdur. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1 faiz azalaraq 320,3 milyon manata düşüb.

10 ayda İKZF istiqraz buraxmaqla 275 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 37,5 faiz çoxdur. İl ərzində fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9 faiz artaraq 95,2 milyon manata çatıb.

2023-cü ildə dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 101 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Milli Məclisdəki büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun dediyinə görə, bunun 87,7 milyon manatı güzəştli ipoteka kreditlərinin verilməsi üçün fondun nizamnamə kapitalının artırılması, 13,3 milyon manatı isə biznes kreditlərinə zəmanətlərin verilməsi məqsədilə ayrılacaq.

Mərkəzi Bankın statistikasına əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların bütün növ - biznes, ipoteka və istehlak kreditləri portfeli artıb. Belə ki, 31 oktyabr 2022-ci il tarixinə bankların kredit portfeli 19 milyard 470,8 milyon manat məbləğində qiymətləndirilir (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,9 faiz). Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 19,2 faiz - 2 milyard 861,5 milyon manata qədər artaraq bankların bütün kredit portfelinin 14,7 faizi səviyyəsinə çatıb. Oktyabrda portfel 3,1 faiz artıb.

Qeyd edək ki, özəl bankların ipoteka şərtləri əksər vətəndaşlar üçün əlçatan olmadığına görə dövlət vəsaiti hesabına verilən kreditlərə maraq böyükdür. İKZF rəhbərliyinin açıqladığı məlumata görə, 2021-ci ildə ipoteka kreditləri üzrə ödənişqabiliyyətli tələbin məbləği 1,2 milyard manat, 2022-ci ilin I yarısında isə 0,7 milyard manat təşkil edib. 2021-ci ildə fond bunun cəmi 356 milyon manatını təmin edə bilib. Bu isə tələblə müqayisədə cəmi 30 faizə yaxın təklif deməkdir.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Nazirlər Kabinetinin son qərarı vətəndaşların deyil, bankların xeyrinədir: “Bu dəyişiklik reallıqda ipoteka krediti götürmək istəyən vətəndaşın vəziyyətini pisləşdirir. Əgər indiyədək vətəndaşın gəliri son 12 aylıq gəlirin həcmindən yola çıxaraq hesablanır və krediti qaytarmaq qabiliyyəti müəyyənləşirdisə, bundan sonra belə olmayacaq. Əgər vətəndaşın gəliri 9 ay yüksək, 3 ay aşağı olubsa, yüksək gəlir nəzərə alınmayacaq, ödəmə qabiliyyəti 3 ayın göstəricisi əsasında müəyyənləşəcək. Bu da vətəndaşın ala biləcəyi kreditin məbləğinin daha aşağı hesablanmasına səbəb olacaq. Bu addım bankları və İpoteka və Kredit Zəmanət Fondunun risklərini azaltmaq məqsədi daşıyır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR