İnsanlara hürriyət, millətlərə istiqlal!

İntim videoları yayılan FHN zabiti ilə bağlı YENİ XƏBƏR

3791 26.04.2023 16:31 Son xəbər A A

Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, prosesdə prokuror çıxış edib. O, Zaur Mirzəyevə 5 il 6 ay həbs cəzası verilməsini istəyib.

Prokuror bildirib ki, Zaur Mirzəyevə qarşı ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Növbəti məhkəmə iclasında təqsirləndirilən polkovnikin vəkili müdafiə nitqi ilə çıxış edəcək, ardınca özü son sözünü deyəcək.

Zaur Mirzəyevin işi üzrə zərərçəkmiş qismində tanınan 2 qadından biri ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbilə məhkəmədə mülki iddia qaldırıb.

43-yaşlı Zaur Mirzəyev özünü qismən təqsirli bilir. O, qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib. O, gizli çəkilişləri də ünsiyyətdə olduğu qadınlar tərəfindən sonradan özünün şantaja məruz qala bilməsi ehtimalını nəzərə alaraq, işini ehtiyatlı tutması kimi izah edib. Deyib ki, kompüterində olan həmin görüntüləri qətiyyən yaymaq niyyəti olmayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, nazirlik zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləriylə nazirliyin nüfuzuna zərbə vurub.

Zaur Mirzəyev onunla bağlı aparılan istintaqdan narazı qalıb. Hesab edir ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib. Məhkəmə prosesinin əvvəlində vəkili məhkəmədə vəsatət qaldırmışdı ki, cinayət işi təkrar araşdırma üçün istintaqa geri qaytarılsın. Lakin vəsatət təmin olunmamışdı.

Zaur Mirzəyevin məhkəməsində şəxsi həyatla bağlı məqamların olduğu əsas gətirilərək, proses qapalı keçirilir. Hərçənd, zərərçəkmişlərdən biri məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi.

Sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-in 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR