İnsanlara hürriyət, millətlərə istiqlal!

İntellektual parkinq

1729 11.06.2022 09:30 Yazarlar A A

 

Bakının mərkəzində 5 metrlik qanunsuz parkinq yeri davası ilə Formula-1 yarışının başlanması eyni vaxta düşdü. Maraqlı təsadüf idi. Parkinq yerini Şəfiqə Məmmədovaya məxsus Kinematoqrafiya İttifaqımız açmışdı, dərhal xalq üsyanı ilə üzləşdilər, səki bərpa olundu, hətta bir deşik düzəldib içinə çinar ağacı əkdilər. Çinarın xan çinar olması isə xüsusi vurğulandı. Ola bilsin Naxçıvandan gətiriblər. Səkini parkinqə çevirən o gülməşəkər mətbuat katibini isə (bu da gözəl haldır ki, bizdə kino ölüb, lakin onun 2 dənə ittifaqı və 4 dənə mətbuat katibi vardır), məndə olan dəqiq məlumata görə, öldürüb çinarın dibində basdırıblar. Həm gübrələsin, həm də el adətimizdir. Biz təbiətə və şəhərimizə xor baxanlara dözümsüzük.

Ancaq 5 ildir bu vaxtlar paytaxt maşın yarışı üzündən keçilməz bataqlığa, şəhərin mərkəzində yaşayanların, işləyənlərin həyatı cəhənnəmə dönür, hələ 5 il də bu mərəkə davam etməlidir, xalqın narazılığına qulaq asan yoxdur. Heç kim izah eləmək istəmir ki, bu yarışın bizə xeyri nədir, mənası nədir, niyə bu əcaib işə düşmüşük. Parkinq yeri - başqa məsələ. Prinsipiallığımızı nədəsə göstərməliyik. Xalqa arada-bərədə kişilənmək üçün mövzular verilməlidir. Yoxsa seçkini əlindən al, şəhəri əlindən al, torpağı məmurlar qapazlasın, göyündə uçmaq qızıl qiymətinə, suyuna girmək üçün də ucu buluddan nəm çəkən hasarlar aşmalıdır... Bircə ümidimiz qalıb, ona hətta partiya qurub veriblər millətə, başını qatsın. Şair demişkən, “ümid kasıbın çörəyi, ye, Məmməd, ye”.

Müqəddəs “Parkinq döyüşü”ndən sonra mömin xalqımız gərək başbilənlərinə üzünü tutub “Bunu başa düşdük, bəs o nəqliyyatın intellektual idarəçiliyi sisteminin axırı nə oldu, bu işi intellek-tula eləyən adamlar niyə cəzasız qaldılar” soruşaydı. Kimin nə vecinə? Təsəvvür elə, bizim Bakıda hətta Google xəritələrinin avtobus bölməsi belə işləmir. Hökumətimiz, paytaxt rəhbərliyi hansısa yolla onun da başına daş salıblar və indi qıraqdan-bucaqdan gələnlər, şəhərimizin nəğməli-motorlu qonaqları, o cümlədən paytaxt sakinləri avtobus marşrutlarını internetdən öyrənmək üçün... alo141.az, ya da nəsə buna bənzər adı olan bərbad bir sayta doluşmalıdır. Alo, sizin ağlınız yerindədir? Bu nə servisdir, bu nə inkişafdır? Texnofest budur? Bütün dünya ictimai nəqliyyatı inkişaf etdirir, siz niyə camaatı bu nəqliyyatdan bezdirib, uzaq salırsınız?

Təbii ki, Novruzəlini poçta müdir qoyanda, axırı belə olmalıdır. Deyir dünənləri “Koroğlu” metrosunda xalqın quyruğu qapı arasında qalıbmış, qışqırışma düşübmüş. İdarə düzəliş elədi, bildirdilər qapıda qalan çanta olmuşdur. Pah. Ürəyimizə su səpildi. Allah sizdən razı olsun. Hərçənd, xalq da az aşın duzu deyil. Gördün haransa qapı arasında qalıb, Koroğlu kimi nərə çək, qapını arala. Ta qışqırmaq, ağlaşma-şivən nəyə lazım? O cür görkəmli şəxsiyyətimizin adını daşıyan stansiyada belə hərəkətlər etməyin, lütfən. Qışqırmaq istəyən “Xalqlar dostluğu”na, “İnşaatçılar”a, “Neftçilər”ə, bəd ayaqda “Avtovağzal” stansiyasına getsin.

İndi yadıma düşdü, əslində Bülbül prospektindəki o parkinq yeri problem doğurmalıydı, çünki ərazi mistik ərazidir. Yaxınlıqda sovetdən qalma bir yeraltı keçid var, içinə düşəndə elə bil quyuya girirsən. O üzdən camaat yoldan keçir, orda da polis tutub cərimələyirdi. Yaxında bir dar küçə var, dörd-beş il qabaq dövlət büdcəsinin yalan olmasın, yarısı ordan keçən piyadalardan yığılırdı. Sağa dönən yerdə isə bəstəkar Qara Qarayevə qəribə heykəl qoyublar: heykəlin bədəni sola, başı sağa dönərək piano çalır. Sanki sənətkarın belini qırıb, işgəncə altında zorla pyedestala oturdublar.

Yəqin qanunsuz parkinq yeri haqda simfoniya yazırmış. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR