İnsanlara hürriyət, millətlərə istiqlal!

“İndi Xankəndini qarış-qarış gəzmək istəyərdim, evimizin ünvanı isə...” - Flora Qasımova

1723 23.09.2023 10:42 Müsahibə A A

“Xankəndidəki o abidə də götürülməlidir, guya tarixən yalnız erməni kişisi, qocası orada yaşayıb”

Azərbaycanın Xankəndi qapısı açıldı. Separatizmin belini qıran Ordumuzun lokal xarakterli antiterror tədbirlərindən sonra yeni mərhələ başlandı: erməni sakinlərin nümayəndələri Yevlaxa görüşə gəldilər, problemlərini dilə gətirdilər, ertəsi gün Bakı Qarabağın erməni əhalisinə humanitar yardım göndərdi, Prezidentin köməkçisi Hikmət Hacıyev isə silahı yerə qoyan separatçılarla bağlı amnistiyanın nəzərdən keçirildiyini açıqladı.

Beləliklə, xanın şəhərinə doğru iri addımlarla yaxınlaşmaqdayıq. Bu isə gələcəkdə Xankəndidən olan azərbaycanlıların da öz ev-eşiyinə qayıtmaq, birgəyaşayış məsələlərini aktuallaşdırır. “Yeni Müsavat” olaraq bu mövzuda Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, Xankəndidən olan sabiq millət vəkili, bu şəhərdə dünyaya gözünü açıb, burada uşaqlığı keçən, burada müxtəlif vəzifələrdə çalışan hörmətli Flora Qasımova ilə söhbətləşmişik. F.Qasımovanın qəzetimizə müsahibəsini təqdim edirik:

- Flora xanım, Ordumuz separatçı-quldur dəstələrini bir sutka içində diz çökdürdü və təslim oldular. Bundan sonra əminliklə söyləmək olar ki, Xankəndiyə olan qapımız açıldı?

- Əvvəla, Ordumuz lokal antiterror tədbirini məcbur qalaraq keçirdi. Üç ildir ki, 10 noyabr sənədinin iki şərti qalmışdı və icra edilmirdi. Həmin üçtərəfli razılaşmada Azərbaycanın öhdəliyi Laçın yolu idi və onu da yerinə yetirmişdik. Ancaq erməni tərəfinin görməli olduğu iki öhdəlik vardı: Zəngəzur dəhlizinin açılması və Qarabağda qalan 10 minlik ordunun çıxarılması. Sizcə, 10 minlik ordu nə deməkdir? Dünyanın hansı ölkəsində ikinci belə hal var? Onlar dünya ictimaiyyətini aldatmaq istəyirdilər. Amma biz bu addımlarımızla sübut etdik ki, ərazilərimizdə Ermənistan dövlətinə aid 10 minlik hərbi qüvvə qalıb. O baxımdan təbii ki, antiterror tədbiri başlayanda çox sevindim. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra qanunsuz silahlı birləşmələrin dəfələrlə mövqelərimizi atəşə tutması, diversiya fəaliyyəti olmuşdu və nəticədə 2020-ci il, 10 noyabrdan bəri 300-dən çox insan mina qurbanı olub. Amma onlar tarixdən dərs çıxarmadılar. Tarix boyu da onları aldadıblar ki, sizə guya ikinci “erməni dövləti” qurulacaq. Bu da nəticəsi... Axı beynəlxalq hüquq, tarixi həqiqət bizim tərəfdədir, siz nəyə nail ola bilərdiniz? İndi də nəzarətimizdədirlər. İstəsək işığı, suyu, qazı, interneti kəsə bilərik. Əlbəttə ki, bunu etmək fikrində deyilik. Sadəcə, demək istəyirəm ki, hər şey əlimizdədir, Qarabağda necə “dövlət” qura bilərsiniz? Yəni belə yaşamaq olar?

- Hətta BMT Təhlükəsizlik Şurasında son iclasda da Azərbaycana qarşı sənəd qəbul edilmədi. İndi nəyə ümid edirlər?

- Birincisi, Bakıdan Xankəndiyə göndərilən humanitar yükləri qəbul ediblər. İkincisi, antiterror tədbirləri ilə bağlı BMT-də məsələ qaldırılanda demək lazım idi ki, 27 il BMT qətnamələri icra olunmadı, indi nədən danışırsınız? Daha nə qədər dözmək olardı? Biz 44 gün ərzində BMT-nin 4 qətnaməsini icra etmişik, sentyabrın 19-da isə üçtərəfli bəyanatın 4-cü bəndini özümüz yerinə yetirmişik. İnşallah, 9-cu müddəanı da, yəni Zəngəzur dəhlizinin açılmasını da özümüz reallaşdıracağıq. Əgər Ermənistan bu öhdəliyini yerinə yetirməkdən də imtina etməyi uzatsa, bunu da Azərbaycan yoluna qoyacaq. Çünki üç dövlət rəhbərinin imzaladığı razılaşma var, əgər ermənilərin ağlı başına gəlməsə, Zəngəzur dəhlizini öz gücümüzlə açacağıq. Üstəlik, antiterror tədbirləri zamanı mülki erməni əhalisi qorundu. Biz əvvəlcədən xəbərdarlıq etdik ki, dinc insanlar hərbi obyektlərdən uzaq olsunlar, evlərdə qalsınlar, vərəqələr də paylandı... Ona görə də 27 il icra edilməyən BMT qətnamələrindən sonra hansı üzlə Təhlükəsizlik Şurasında deyə bilərlər ki, antiterror tədbirini dayandırın?! Biz onsuz da mülki əhalinin hüquqlarının qorunmasına təminat vermişik.

- Ondan sonra yayılan görüntülər də paradoksal idi: rus hərbçiləri mülki erməniləri çadırlara yerləşdirir və mənim gözümün qabağına bizim insanların işğal zamanı yurd-yuvasından necə qaçqın düşmələri gəlirdi...

“Bizim ailəyə hörmət olub, hətta evimizi yandırmaq istəyəndə qonşular qoymadılar, indisə birgəyaşayış çox çətin olacaq”

- Bəli, onlara 1988-ci illərin, 90-cı illərin kadrlarını göstərmək lazımdır. Bizim nə yaşadıqlarımızı, nələr çəkdiklərimizi görməlidirlər. Ümumiyyətlə, antiterror tədbiri Azərbaycanın, onun Ordusunun qüdrətini dünyaya bir daha nümayiş etdirdi, gücümüzü göstərdik, nüfuzumuz daha da artdı. Ona görə də BMT artıq nüfuzdan düşmüş, sözü keçməyən qurumdur. Onlardan soruşmaq lazımdır ki, ora niyə yığışmışdınız? Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü həm də keçmiş Minsk qrupunun həmsədr ölkələridir. Amma problemin həlli üçün nə ediblər? Odur ki, bir kənara çəkilsinlər, hansı ölkələr obyektivdirsə, onlar daimi üzv olsunlar.

- Bəs, Flora xanım, bundan sonra necə olacaq? Çünki görüləcək iş çoxdur, Xankəndi və ətraf ərazilərdə strukturlarımız olmalıdır, inteqrasiya prosesi kifayət qədər çətindir...

- Azərbaycan həmişə deyib ki, Qarabağda yaşayan erməni əhalisinin sosial-iqtisadi problemlərini həll etməyə hazırdır. Artıq humanitar yardım göndərilib, davamı gələcək, ermənilərin nümayəndələri ilə növbəti görüşlər də keçiriləcək. Ancaq bütün məsələləri həll etmək üçün ilk növbədə separatçılar, xalqımıza qarşı vəhşilik edənlər cəzalarını çəkməlidirlər. Ondan sonra sakitləşəcəklər və biz ora daxil olacağıq. Axı hansı dövlət dözərdi ki, ərazisində başqa ölkənin 10 min hərbçisi olsun? Kim dözərdi ki, onun məzarlıqları, abidələri dağıdılsın? Separatçılar artıq bunu başa düşürlər. Amma sadə erməni əhalisi fikirləşir ki, vaxtilə başımıza gətirdikləri müsibətləri, onların separatçı cinayətkarlarının etdiklərini yada salıb eynisini onlara yaşada bilərik. Deyirlər ki, görün biz neyləmişik? Yəni qorxurlar ki, biz də onlara edərik. Amma belə deyil, onlarla yaşayacağıq. Sadəcə, üzümüzə baxa bilməyəcəklər. Yəni birgəyaşayış çətin olacaq.

- Yeri gəlmişkən, Xankəndi-Şuşa yolunda Milli Qəhrəmanımız Aqarunovun vurduğu erməni tankını abidəyə çevirmişdilər, əsgərlərimiz onu götürdülər, bundan sonra “Biz və bizim dağlar” abidəsi də Xankəndidən götürülməli deyilmi?

- Əvvəla deyim ki, Qarabağ erməniləri 1967-ci ili yada salsınlar. O vaxt da Ermənistana birləşmək tələbi ilə ayağa qalxdılar və cəzalarını verdik. Bundan sonra başlarını aşağı salmalıdırlar ki, sülh içində yaşayaq. Son əməliyyat da onlara dərs olmalıdır. Həmin abidəyə gəlincə, o vaxt qoyulanda uzaqgörənlik olmadı. O vaxtkı rəhbərliyin səhvləri idi. Guya tarixən yalnız erməni kişisi, qocası orada yaşayıb. Xankəndidə Xan bağı qəsəbəsi olub. Ümumən Xankəndi xanlar tərəfindən strateji məkan kimi salınmışdı. Onlar həmin Xan bağında dincəlirdilər. İlk olaraq Xanın ailəsi ora yerləşib. Həmin Xan bağında o qədər meyvə var idi ki...Bəs ermənilərin Xankəndidə nəyi vardı?! Xan bağında onların heç kilsəsi yoxuydu. Bir alban kilsəsi vardı, ibadət üçün ora gedirdilər. Yəni məndən olsa həmin ermənilərin qoyduğu abidəni götürsələr yaxşıdır.

- Flora xanım, hər halda ən böyük arzunuz indi Xankəndiyə getmək, o yerləri qarış-qarış gəzmək olar...

- Əlbəttə! Mənim uşaqlığım orada keçib. Sonra müxtəlif vəzifələrdə işləmişəm. Mənim ailəmi xankəndililər çox yaxşı tanıyırlar. Təbii ki, indi Xankəndiyə gedib şəhəri qarış-qarış gəzmək istəyərdim. Yadımdadır ki, Milli Məclisin deputatı olanda Xankəndi azərbaycanlılarının sayı məsələsini qaldırmışdım. O vaxt iş “Qaçqınkom”a tapşırılmışdı. O zaman məlum olmuşdu ki, Xankəndidən 12 mindən çox azərbaycanlı var. Amma ümumən 15 mindən çox olub, sadəcə, xaricə gedənlər var. Sizə deyim ki, bizim ev Xankəndidə Spandaryan küçəsi, 2 A ünvanındadır. Hətta ev nömrəmiz də yadımdadır. O küçədə tək azərbaycanlı ailəsi biz idik. Uşaq vaxtı məhəlləyə çıxıb oynayardıq. Amma bizə münasibət çox yaxşı idi. Misal üçün milli bayramlarda qonşularla bir-birimizə pay verərdik, xeyir-şərdə iştirak edərdil. Yəni bizim ailəyə hörmət olub. Hətta evimizi yandırmaq istəyəndə qonşular qoymadılar, bankda pulumuz batanda atam gedib pulu ala bildi. Çünki bizim ailəyə, atama elə hörmət var idi. Sadəcə, indi birgəyaşayış çox çətin olacaq. Xocalını necə unuda bilərik? O körpə balaların səsini necə unutmaq olar? Ortalıqda böyük cinayətlər, vəhşiliklər var...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR