İnsanlara hürriyət, millətlərə istiqlal!

İncə yollar

1633 30.09.2023 09:48 Yazarlar A A

 

Zəhmətkeşlərimiz bəzən hökumətdən radikal addımlar tələb edirlər, lakin nəzərə almalıyıq ki, səbrlə halva bişir. Səbr edən dərviş, murada ərmiş. Bizim uzun illər çəkən işğal dövründə dünyada müsbət imicdə qalmağımızın, həmçinin, son 3 ildə ermənilərin bütün təbliğat və propaqandalarının, hay-küyünün effekt verməməsinin bir səbəbi haqlı olmağımızdırsa, ikinci səbəbi düşmənə boş yerə arqument verməməyimizdir.

Məsələn, biz heç vaxt terrora əl atmadıq, cürbəcür axmaq “nemezis”, “qisas” proqramları elan etmədik, İrəvanda metro, İcevan yolunda avtobus partlatmadıq. İmkanımız yox idimi? Var idi. Döyüş günlərində ermənilər ağılsızcasına Gəncəni, Bərdəni vururdular, onlarla dinc sakin qətlə yetirildi, biz isə yaşayış məntəqələrini atəşə tutmadıq. Bunun hamısı dünya ictimaiyyətinə təsir edir. Haqlı olduğun yerdə, haqsız durumuna düşməmək - bu, çox vacib, eyni zamanda çətin vəzifədir. Terror, silahsız insanı öldürmək, başqasının evinə göz dikmək və sairə - bunlar hamısı dünyanın qiymətləndirməsinə təsir edən hallardır. “İgid basdığını kəsməz” - bu bizim ata sözümüzdür və atalarımız bu qənaətə elə-belə, boşuna gəlməyiblər.

Yeri gəlmişkən, düşmənçiliyə baxmayaraq ermənilər arasında da tarixən bizim bu mərdliyimizi qiymətləndirənlər olub. Görkəmli erməni yazıçısı Hrant Matevosyanın 1970-ci illərdə yazdığı bir əsəri var, orda “Böyük Ermənistan” xülyalarıyla yaşayan Mesrop adlı erməni ələ salınırdı. Dağda Mesropun başına hansısa bəla gəlirdi, xəsarət alırdı, onu tərəkəmə - azərbaycanlı çobanlar müalicə edirdilər. Matevosyan Mesropun uşaqlığı haqda epizodu da maraqlı yazmışdı. Sən demə Mesropun atası 1905-ci ildə türklərdən (orda azərbaycanlı türklərdən söhbət gedirdi) kimisə öldürür. Türklər - tərəkəmələr bunun qisasını almaq üçün 1918-ci ildə Mesropun atasını meşə yolunda tuturlar. Təsadüfən bu azyaşlı da atasının yanındaymış. Tərəkəmələrdən biri atasıyla bərabər Mesropu da öldürməyi təklif edir, lakin başqası etiraz edir: “Uşağın heç bir günahı yoxdur”. Və yaşlı ermənini öldürərkən uşağın üzünü başqa tərəfə döndərirlər ki, hadisəni görməsin.

Belə humanizm dolu mesajlar bizim ədiblərin - Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəylinin və onlarla başqalarının əsərlərində də var. Həyatda belə faktlar olmasa, əsərə də düşməzdi. Mən yüz faiz əminəm ki, erməni kamança çalanı əfv edən, azad buraxan Qəhrəman yüzbaşı kimi əsgərlərimiz reallıqda var idi (Mirzə Cəlilin “Kamança” dramı). Mirzə Ələkbər Sabiri hələ 1905-ci ildə “Müsəlman və erməni vətəndaşlarımıza” adlı şeir yazmağa dövlət-filan məcbur etməmişdi ki? Qəlbinin səsiylə yazmışdı - həmişə olduğu kimi:

“Əsrimiz xahiş edərkən ittifaqü ittihad,

Cümləmiz əmniyyət içrə almaq istərkən murad,

Beynimizdə yox ikən bir gunə əsbabi-təzad,

Bu vətən övladinə ariz olub büğzü inad,

Müslimanla ermənilər beyninə düşdü fəsad,

Yoxmu bir sahibhidayət, yoxmu bir əhli-rəşad?

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!"

Sözgəlişi, Sabirin elə həmin ildə yazdığı başqa şeirində bu qanlı davaların əsl baiskarının Rusiya olmasına da işarə edilir:

“İki yoldaş, iki qonşu bir vətəndə həmdiyar,

Əsrlərcə ömr edib, sülh içrə bulmuşkən qərar, Fitneyi-iblisi-məlun oldu nagəh aşikar..."

Cəfər Cabbarlının “1905-ci ildə” dramındakı məşhur səhnəni də xatırlamağın yeri var. Orda erməni-müsəlman davası düşür, erməni Allahverdi ilə azərbaycanlı İmamverdi qarşı səngərdə bir-birini tanıyır, silahı atıb görüşürlər, qucaqlaşırlar. Bu zaman qəfil güllə açılır, erməni Arama dəyir. Allahverdi dərhal qışqırır: “Atan kazaklardır!”

Hələlik bu qədər. Böyük bəy demişkən, hər şeyin zamana ehtiyacı var. Amma heç bir halda biz dinc əhali ilə savaşmırıq.

“Qoyunu qoyun, keçini keçi ayağından asmaq lazımdır” - bu da maraqlı məsəldir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR