Dünyanın ən zəngin və qalmaqallı milyarderi İlon Mask, qlobal maliyyə və texnologiya bazarlarında yeni bir epoxanın əsasını qoyacaq tarixi və sensasiyalı addım atıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu "The New York Times" (NYT) qəzetinin birja mənbələrinə istinadən yaydığı eksklüziv məlumata görə, Maskın kosmos, peyk rabitəsi və süni intellekt nəhəngi olan "SpaceX" şirkəti dünya iqtisadiyyat tarixində reallaşacaq ən nəhəng ilkin kütləvi təklif (IPO) üçün səhmlərinin start qiymətini rəsmən müəyyən edib. Şirkətin rəsmi bəyanatına əsasən, bir ədəd "SpaceX" səhminin qiyməti 135 dollar səviyyəsində dondurulub. Bu qiymət strategiyası isə İlon Maskın hərbi və mülki kosmik imperiyasına kosmik bir dəyər – düz 1,77 trilyon dollar ümumi bazar qiyməti qazandırır.
Bu tarixi birja çıxışı sayəsində "SpaceX" investorlardan cəmi bir neçə gün ərzində 74,4 milyard dollar xalis nağd vəsait cəlb etməyi hədəfləyir ki, bu da dünya maliyyə sistemində indiyə qədər qeydə alınmamış mütləq rekorddur.
Müqayisə üçün qeyd edək ki, indiyə qədər planetin ən böyük IPO rekordu 2019-cu ildə birjaya çıxan Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi "Saudi Aramco" şirkətinə məxsus idi. Həmin vaxt ərəb nəhəngi 1,7 trilyon dollar dəyərində qiymətləndirilmiş və bazardan 29 milyard dollardan bir qədər çox vəsait yığa bilmişdi. İlon Maskın rəqəmsal ordusu isə həm maliyyə həcminə, həm də şirkət dəyərinə görə ərəb şeyxlərinin neft imperiyasını taxtından endirərək zibil qutusuna atır.
Musavat.com






