İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ən böyük hadisələri: torpaq və ədalət zəfəri – məşhur vəkilin yazısı

493 28.12.2023 13:22 Ölkə A A

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın qəbulu ilə başlayan hüquq islahatları ən yaxın tariximizə qədər davam edir və görünən odur ki, ölkə rəhbərliyi müasir çağırışlara uyğun olaraq bu islahatları davam və inkişaf etdirməkdə israrlıdır.

Konstitusiyamızın qəbulundan bu vaxtadək hüquqi dövlət quruculuğu prosesində xeyli əhəmiyyətli işlər görülmüş, dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha güclü təmin edilməsi üçün mütərəqqi və çoxsaylı qanunlar qəbul edilmiş, məhkəmə-hüquq sistemi sivil qaydalara uyğun olaraq yenilənmiş və bu proses fasiləsiz olaraq aparılmaqdadır.

Təkcə son 5 ildə məhkəmə-hüquq sistemini əhatə edən mütərəqqi dəyişikliklərin az bir hissəsini sadalamaqla deyə bilərik ki, bu sahədə daha çox inkişafa nail olmaq üçün ortada ciddi iradə var.

Bu dövrdə məhkəmə sisteminin maddi-texniki bazası xeyli gücləndirilmiş, Bakı şəhərində və regionlarda yeni və müasir inzibati binalar məhkəmələrin, dolayısı ilə vətəndaşlarımızın istifadəsinə verilmişdir. 20 il əvvəl obyektiv ya subyektiv səbəblərdən məhkəmə iclaslarının  xeyli hissəsi hakimlərin xidməti kabinetlərində aparılırdısa, indi məhkəmə iclasları hətta ən ucqar rayonlarda belə qanunla nəzərdə tutulmuş qaydada və mühakiməyə uyğun müasir tələblərə cavab verən şəraitdə keçirilir.

m1.jpg (62 KB)m2.jpg (41 KB)

Dövlət orqanları ilə vətəndaş arasında hüququn pozulması ilə bağlı işlərə baxan ixtisalaşdırılmış ayrıca inzibati məhkəmənin yaradılması xüsusi vurğulanmalıdır. Müşahidəçilər bunu dövlətin insan hüquq və azadlıqlarının müdafiəsinə olan diqqətinin göstərici hesab edir.

Elektron məhkəmə sisteminin istifadəyə verilməsi, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması insan hüquqlarının müdafiəsini daha da asanlaşdırmaqla, bu sahədə süründürməçilik və bürokratiyaya demək olar son qoyub.

Mübahisələrin məhkəməyə qədər həlli üçün mediasiya prosesinin tətbiq edilməsi, ailə, əmək və sair mübahisələr üzrə mediasiya prosesinin tətbiqinin məcburi olması məhkəmələrdə iş yükünün azaldılmasına, hüquqlarının müdafiəsi məqsədilə vətəndaşların az vəsait xərcləməsinə, uzun və yorucu məhkəmə çəkişmələrinə cəlb edilməməsinə xidmət edir.

 İnsan hüquq və azadlıqlarının daha geniş həcmdə təmini üçün mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktların siyahısına Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrin əlavə edilməsi də xüsusi vurğulanmalıdır. Bu da təbiidir ona görə ki, ölkəmiz müstəqilliyinin ilk illərindən istər beynalxalq, istərsə də regional (Avropa) səviyyədə olan insan hüquq və azadlıqlarının müdafiəsinə dair bütün sənədlərə qoşulmaqla onları milli qanunvercilik sistemimizin tərkib hissəsinə çevirib.

Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi, vəkilin bütün məhkəmə instansiyalarında dövlət hesabına iştirakının təmin olunması ədalət mühakiməsinin hamı üçün əlçatan olmasına xidmət etmiş olur.

Mülki işlər və kommersiya mübahisələrində ədalətli məhkəmə araşdırmasının təmini üçün işlərin baxılması və həll edilməsinə dair ağlabatan müddətlərin müəyyən edilməsi, apellyasiya və kassasiya şikayətlərinin  qanunda nəzərdə tutulmuş forma və məzmununa riayət edilməsinin məcburi olması, habelə kassasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi son illərin ən mütərəqqi dəyişiklikləri hesab edilir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, həmçinin məhkəməyə ictimai etimadın daha çox güclənməsinə xidmət edən hüquq islahatlarının az bir hissəsini sadalasam da, cəmiyyətdə “səssiz” keçən son islahat xüsusi qeyd olunmalıdır.

Qeyd etdiyimiz hüquq islahatlarının təməlini qoyan Konstitusiyamızda Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublika elan edilir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməklə məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Dövlət hakimiyyətinin bir qolu kimi məhkəmə hakimiyyətinin nə qədər müstəqil olması, digər hakimiyyət qollarından asılı olub-olmaması hüquqi dövlət quruculuğu müddətində uzun illər müzakirə predmeti olsa da, nəhayət ki, tezliklə yola salacağımız 2023-cü ildə bu müzakirələrə birdəfəlik son qoyan ciddi dəyişikliklər oldu.

Təbii ki, 2023-cü ilin ən əsas hadisəsi Ali Baş Komandanımız İlham Əliyev cənablarının Qarabağın mərkəzi Xankəndidə, Xocalıda və digər şəhərlərdə üçrəngli bayrağımızı ucaldaraq mümkünsüz görünəni mümkün etməsi oldu.  

m3.jpg (87 KB)

2023-cü il həm də çox böyük hüquqi dövlət islahatının reallaşması ilə də tariximizə yazıldı.

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2023-cü il tarixli Sərəncamı ilə İnam Kərimov Azərbaycan Respublikası Ali Məh­kəməsinin sədri təyin edildi.

m4.jpg (60 KB)

Az sonra Prezident İlham Əliyevin təşəb­büsü ilə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna mühüm dəyişikliklər edilərək məhkəmə hakimiyyətinin tam müstəqilliyi nəzəri və praktik olaraq təmin edildi. Qanuna edilən dəyişikliklər sözün əsl mənasında inqilabi hüquq islahatları olmaqla hüquq dövlətinin təməlini daha da möhkəmlətdi.

9 iyun 2023-cü il tarixli qanunla “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanununa əlavə və dəyişikliklərin edilməsi, habelə bu qanunun icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Ədliyyə Nazirlyi haqqında Əsasnamədə” dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2023-cü il tarixli Fərmanı hər hansı mübahisə yeri qoymadan hüquqi dövlətin təməl prinsipi olan hakimiyyətlərin bölünməsi prinsipinə tam əməl olunmasını təmin etdi.

Məhkəmə-Hüquq Şurası haqqında qanuna edilən dəyişikliyə görə məhkəmə hakimiyyətini idarə edən Məhkəmə-Hüquq Şurasının 15 üzvündən üçdə ikisi – 10 nəfəri məhkəmə hakimiyyətinin təmsilçiləri, qalan 5 nəfər üzvündən ikisi icra və qanunverici hakimiyyətin, daha 3 üzvü isə vəkillik təsisatının, hüquqşünas alim və nüfuzlu hüquq ictimaiyyətinin nümayəndəsi oldu.

Dəyişikliklərin ən önəmli hissəsi isə Məhkəmə-Hüquq Şurasının sədrinin Məhkə­mə-Hüquq Şurasının hakim üzvləri sırasından Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilməsidir. Ali Məhkəmənin yeni təyin olunmuş sədri İ.Kərimov sözügedən dəyişikliklərə uyğun olaraq yenidən formalaşan Məhkəmə-Hüquq Şurasının sədri seçildi. İnam Kərimov ölkə və beynəlxalq hüquq ictimaiyyəti arasında yetərincə nüfuzlu, ölkəmizin hüquq siyasəti və dövlət quruculuğuna mühüm töhvələr verən peşəkar hüquqşünas kimi tanınır və qəbul edilir. Və belə bir şəxsin məhkəmə hakimiyyətinin başına gətirilməsi ölkə başçısının uğurlu kadr siyasəti kimi qəbul olunmaqla yanaşı islahatların daha da dərinləşəcəyindən xəbər verir.

m5.jpg (57 KB)

Adıçəkilən qanuna dəyişiklik və fərman cəmiyyətdə səssiz ötüşsə də, fikrimcə məhkəmə hakimiyyətinin tam olaraq müstəqil olmasını təmin edən ciddi islahat hesab olunur. Ona görə ki, qanuna edilən bu dəyişiklik və sözügedən fərman məhkəmə hakimiyyətinin idarəçiliyini tam olaraq elə bu hakimiyyət təmsilçilərinin özünə verdi.

Dəyişikliklə Məhkəmə Hüquq Şurasının üzvlüyündə 1 üzvün qanunverici, 1 üzvün isə icra hakimiyyəti təmsilçisisinin olmasına, Azərbaycan Respublikasının Prokurorluğuna üzvlükdə yer verilməməsi fikrimcə tamamilə əsaslıdır. Ona görə ki, sivil (beynəlxalq) təcrübə də bunu diktə edir.

Daha bir önəmli məqam qanuna “hakimlərin konfransı” maddəsinin əlavə edilməsidir. Hakimlərin konfrasında bütün məhkəmələrin, o cümlədən kassasiya və apellyasiya instansiyası məhkəmələrinin, eləcə də birinci instansiya məhkəməsi olan ixtisaslaşdırılmış məhkəmələrin və rayon (şəhər) məhkəmələrinin nümayəndələri təmsil olunur. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının hakim üzvlərini və hüquq ictimaiyyətinin nümayəndəsini seçir. Bu isə o deməkdir ki, mənsub olduqları məhkəmə hakimiyyətinin idarə edilməsi üçün yaradılan qurumun – Məhkəmə-Hüquq Şurasının həlldeci səsə malik üzvlərini hakimlər özləri seçməklə müstəqilliklərini təmin etmiş olurlar.

Hazırda görünən odur ki, məhkəmə hakimiyyətini idarə edənlərin əsas hədəfi bu sahəyə dair daha mütərəqqi qanunların qəbul edilməsi üçün təşəbbüslər etmək, məhkəmə təcrübəsini daha da təkmilləşdirmək, bir sözlə islahatları daha da dərinləşdirməklə qanunun aliliyinin tam təmin olunmasına, ədalət mühakiməsinin səmərəliliyinin və məhkəməyə etimadın daha da artmasına nail olunsun.

Arzu olunandır ki, qeyd edilən islahatlardan sonra ölkəmizdə ədalət mühakiməsi günü də olsun. İnanıram ki, ədalət və ya ədalət mühakiməsi gününün təyin olunması çox da uzaqda olmayacaq.

 akif.jpg (122 KB)

Akif Əlizadə

Vəkil, Xəzər Universitetinin baş müəllimi

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR