İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Türk respublikalarına ZƏNGƏZUR MESAJI

1002 17.03.2023 18:58 Siyasət A A


Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşündəki çıxışı zamanı Azərbaycan prezidenti Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur Türk dünyasını birləşdirən əsas halqadır və Zəngəzurun Ermənistana verilməsi bu halqanın qoparılmasına xidmət edib.

Sitat: “Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur”.

Ölkə başçısı qeyd edib ki, Zəngəzurun erməniləşdirilməsi sistematik şəkildə aparılıb və 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub, bölgədən Azərbaycan izi silinib.

Azərbaycan prezidenti deyib ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatı kobudcasına pozaraq Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.

İlham Əliyev çıxışında Azərbaycan və Orta Asiya türk respublikaları arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib: “Əməkdaşlıq əlaqələri şaxələnir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb”.

Prezidentin Ankara toplantısındakı çıxışı geniş və çoxşaxəli olub. Lakin diqqət çəkən məqam Zəngəzur dəhlizi və türk dünyasını birləşdirən nəqliyyat dəhlizinə xüsusi vurğu etməsi olub. Son aylarda Qarabağ ətrafında yaranan vəziyyət, Zəngəzur dəhlizi mövzusu hələ də Bakı üçün prioritet mövzu olaraq qalır. Əslində, yalnız Bakı üçün deyil, bütünlükdə türk respublikalarının inteqrasiyasında maraqlı olan bütün tərəflər üçün indi Zəngəzur məsələsi həlledici əhəmiyyət kəsb edir.



İ.Əliyevin də qeyd etdiyi kimi, hazırda Çin sərhədindən İstanbula qədər böyük bir coğrafiyanı birləşdirən dəhlizin üzərindəki yeganə maneə məhz Zəngəzurdur.

Zəngəzur məsələsinə İrandan Fransaya qədər bir çox dövlətlərin həssas, ölüm-qalım məsələsi kimi baxmasının səbəbi onun strateji əhəmiyyəti və necə deyərlər, böyük bir dəhlizin yeganə qırılan nöqtəsi olmasıdır.

Azərbaycan prezidentinin bu məsələni türk respublikaları başçılarının sammitində xüsusi vurğulaması həm də Zəngəzur məsələsinin təkcə Azərbaycan üçün deyil, bütünlükdə türk dünyası üçün vacib olduğunu yada salmaq idi.

Əgər Zəngəzur dəhlizi Türkiyə üçün Orta Asiyaya çıxışdırsa, Orta Asiya respublikaları üçünsə Avropaya ən yaxın, etibarlı və əhəmiyyətli dəhlizdir. Bu mənada, indiki məqamda Zəngəzur məsələsi həm də türk dövlətlərinin ortaq mövzusu olmalıdır. Çünki Zəngəzurdan keçəcək dəhliz  təkcə enerji daşınan yol deyil, həm də mənəvi körpü, türk ölkələri arasında bağları gücləndirəcək bir vasitədir. Bu bağın qurulması, dəhlizin sonuncu halqası olan Zəngəzur dəhlizinin açılması üçün hər kəs çalışmalı, dəstəyini əsirgəməməlidir. Çünki əks təqdirdə, itirən yalnız Azərbaycan deyil, həm də Orta Asiya və Türkiyə olacaq. Buna görə də Zəngəzur məsələsində türk respublikalarının da fəal olması, “əlini daşın altına qoyması” lazımdır. Çünki 100 ildən sonra ilk dəfə türk dünyası arasında sağlam bir körpünün qurulması fürsəti yaranıb. Bu fürsəti dəyərləndirmək lazımdır.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR