İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Şuşa mesajları

837 05.05.2023 10:57 Siyasət A A

Prezidentin çıxışı çox vacib istiqamətlərlə bağlı Azərbaycanın mövqeyinin məharətli formada nümayiş etdirilməsidir

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı maraqlı mesaj və bəyanatlarla yadda qalıb. 

Türkiyə haqda

Prezident deyib: “Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək. Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Bu, istər hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun. Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi”.

Üçtərəfli bəyanat: nə atəşkəs razılaşması, nə də...

Prezidentdən sitat: “İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənubi Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu”.

Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirak edib  | Aran qəzeti

İran haqda

İlham Əliyev deyib: “Biz hər zaman İranla əlaqələri inkişaf etdirməyə çalışmışıq və demək olar ki, 20 il ərzində Prezident olaraq mən dəfələrlə İranda rəsmi səfərdə olmuşam. İranın əvvəlki prezidentləri dəfələrlə Azərbaycana səfər edib. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və düşünürdük ki, bu əlaqələrin böyük potensialı var. Çünki qonşularla yaxşı əlaqələrin olması hər zaman yaxşıdır, xüsusilə tarixdə xatırlanası çox məqam olanda.

İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan daha çox gözləntilərimiz var idi. Azərbaycanda yaşayan insanlar kimi biz İranla Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudur. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəylik nümayiş etdirməsi daha təbii olardı.

İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs verib.

Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Səfirliyimizə silahlı hücum edən şəxsin səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız olublar. Onun əlində “Kalaşnikov” avtomatı var idi. O, girən kimi atəş açdı, birini qətlə yetirdi, digərlərini yaraladı. Yalnız bir cəsur əməkdaş əliyalın olaraq, onu silahsızlaşdırdı və sıxıb çölə çıxara bildi. Sonra 40 dəqiqə ərzində nə polis, nə təhlükəsizlik əməkdaşı, heç kəs görsənmədi. O, yenidən soxulmağa cəhd etdi. “Kalaşnikov” avtomatından atəş açırdı, gətirdiyi çəkicdən istifadə edirdi. Daha sonra “Molotov kokteyli” də gətirmişdi. Qapını çəkiclə sındıraraq içəri daxil oldu və həmin yaralı əməkdaş yenidən onu sıxaraq çölə çıxara bildi. Sonra həmin şəxs polisə yaxınlaşır. Çöldə də kameramız var. O, istifadə etdiyi “Kalaşnikov” avtomatını və “Molotov kokteyli”ni verir. Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?

Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir.

Azərbaycanla İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik".

Sülh, yoxsa müharibə...

Prezident sülh danışıqları haqda danışıb: “Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar.

Çünki bütün geosiyasi vəziyyət - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik".

***

Prezident İlham Əliyev Şuşada beynəlxalq konfransda iştirak edir - VİDEO -  Şafaqna Azərbaycanca

Azərbaycan Prezidentinin Şuşadakı çıxışını siyasi təhlilçilər çox vacib istiqamətlərlə bağlı Azərbaycanın mövqeyinin məharətli formada nümayiş etdirilməsi hesab edirlər.

Politoloq Murad Sadəddinov bildirdi ki, Prezident İlham Əliyev Şuşada son çıxışında İranla bağlı məsələlərdə tamamilə səmimi danışıb və hər şeyi olduğu kimi təqdim edib və tələblərimizin gündəmdə olduğunu bəyan edib: “İran Prezident İlham Əliyevin mesajlarını düzgün dəyərləndirməlidir və nəticə çıxarmalıdır. Prezident İlham Əliyev İranla normal qonşuluq münasibətlərində maraqlı olduğumuzu İranla bağlı müəyyən müsbət tonlu fikirlərlə dilə gətirməklə yanaşı, əlavə bir mesajını da vermiş oldu ki, heç kim bu mövqeyimizi bizim nədənsə çəkinməyimiz kimi başa düşməsin, Azərbaycanla təhdid və terror dilində danışmağın təsiri ola bilməz. Bununla Prezident həm də işarə etmiş oldu ki, Azərbaycana qarşı qonşu dövlətdən terror və təhdidlər edilib. Tehrandakı səfirliyimizə qarşı terror aktı barədə səsləndirdiyi fikirlər də bunu təsdiq edir. İran hesab edirdi ki, səfirliyimizə terror aktı Azərbaycanı qorxudacaq və Azərbaycan ədalətli, düzgün mövqeyindən əl çəkəcək. Ancaq İran yanıldığına yəqin ki, bu müddətdə xeyli dərəcədə əmin olub, həmçinin İlham Əliyevin Şuşadan verdiyi bəyanatları dinlədikdən sonra əmin olacaq”.

Politoloq qeyd etdi ki, Vaşinqtonda nazirlərin keçirdiyi görüşlərdən çox böyük gözləntilərin olmadığını Prezident də müəyyən formada ifadə edib. Həqiqətən də Vaşinqtonda keçirilən həmin görüşlərdə sülh sazişinin razılaşdırılacağı gözlənilimirdi: “Çünki Ermənistanla Azərbaycan arasında sülh sazişinin razılaşdırılması və ya bağlanmasına nail olmaq üçün bir çox komponentlər var ki, onlar həll olunmalıdır. Onlar həll olmadan ciddi nəticə əldə eləmək mümkün deyil. Şübhəsiz ki, bunu Azərbaycan Prezidenti hər kəsdən yaxşı bilir. Rusiya və bir çox dövlətlər öz maraqları naminə Ermənistanla Azərbaycan arasında danışıqlara təsir etməyə çalışırlar. Bu maraqlar çox zaman toqquşur. Ona görə də bir tərəfin vasitəçiliyi ilə hansısa bir böyük və yekun nəticələr əldə olunması perspektivi zəifdir. Güman edirəm ki, cənab Prezident də məlum fikirləri ifadə edərəkən bu məsələləri nəzərdə tuturdu. Şübhəsiz ki, danışıqlarda, məsələlərin diplomatik müstəvidə həll olunmasında maraqlı olduğumuzu ölkəmizin birinci şəxsi bir daha nümayiş etdirdi. Danışıqlar məsələnin müsbətə doğru inkişafında təkan rolunu oynaya bilər. Təsadüfi deyil ki, Rusiya dərhal növbəti danışıqların Moskvada keçirilməsi təşəbbüsünü qaldırdı”.

M.Sadəddinovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın müharibə tərəfdarı olmadığını da bəyan eləməsi mühüm məsələdir: “Prezident tamamilə doğru bəyan elədi ki, Azərbaycan müharibə istəmir. Azərbaycan həqiqətən də heç zaman müharibə tərəfdarı olmayıb. Müharibənin, silahlı qarşıdırmaların səbəbkarı, onu başladan həmişə Ermənistan olub. Azərbaycanın apardığı mübarizə həmişə məhz öz torpaqlarının müdafiəsi və azad olunması üçün edilib. Bu artıq biz torpaqlarımızı azad etmişik. Hazırda da müharibə etmək fikrimiz yoxdur. Bunu bir daha Azərbaycan ən yüksə səviyyədə bəyan etdi. Bu, həm də Ermənistaın bütün dünyaya haraya saldığı "Azərbaycan Ermənistanı işğal etmək istəyir" təbliğatına cavabdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR