İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin 92 faizlik qələbəsi - hansı paytaxtlara və nə mesajı verdi?

517 09.02.2024 12:37 Siyasət A A

Azərbaycanın zəfərinə kölgə salmağa çalışan paytaxtların seçkiləri pozmaq niyyəti də iflasa uğradı

Azərbaycanda keçirilən 7 fevral növbədənkənar prezident seçkisinin nəticələri rəsmən elan olunub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edərək bildirib ki, Azərbaycanın hazırkı prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkisində liderlik edir. Artıq dünyanın bir çox paytaxtlarından təbriklər gəlməkdədir.  


7 fevral seçkisinin ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və digər ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Bu, danılmaz gerçəklikdir ki, Prezident İlham Əliyev müstəqil Azərbaycan tarixinə Xankəndidə bayraq qaldıran, hərbi parad keçirən lider kimi adını yazdırıb. Fevralın 7-də isə prezident seçkisində ilk dəfə Xankəndi şəhərində səs verməyə üstünlük verdi və zəfərimizin geridönməzliyini bir daha nümayiş etdirmiş oldu. Seçkiqabağı Qərbdən Azərbaycana xeyli təzyiqlər oldu. Ölkədəki seçkiqabağı vəziyyətlə bağlı qərəzli açıqlamalara şahidlik etdik. Aydındır ki, əsas hədəf Azərbaycanın qətiyyətli prezidenti İlham Əliyev idi və bu da təsadüfi deyil. Seçki göstərdi ki, bir ovuc müxalifətin boykot taktikası seçici fəallığına heç bir təsiri olmadı, əksinə, seçicilər məntəqələrə axın etdilər. Bu, həm də Qərbin bəzi dairələrinə xalqın İlham Əliyevə etimadının hansı səviyyədə olduğunu göstərdi.

Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 7-də prezident seçkisinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib. Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edən dövlət başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində keçirildiyini qeyd edib. Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırıb.

Qeyd etdiyimiz kimi, seçkilər ərəfəsində Azərbaycanın üzərinə gələnləri hamımız gördük... Anti-Azərbaycan qüvvələr və paytaxtlar var gücləri ilə qələbələrimizə kölgə salmağa, seçki prosesini pozmağa çalışdılar. Xankəndidə səs verən Prezident İlham Əliyevin 90 faizlik qələbəsinin bəlli paytaxtlara mesaj olduğunu ekspertlərimiz də təsdiqlədir.

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

 Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbəni və öz torpaqları üzərində suverenliyini tam təmin etməsini sinirməyən çevrələrə bu seçkidə üç mesaj verildi: “Birinci mesaj xalqın mesajı idi. Bu xalq 2020-ci ilin 27 sentyabrında sübh açılar-açılmaz necə yollara çıxaraq cəbhəyə gedən əsgərlərinə dəstək sərgiləyirdisə, 7 fevralda da seçki məntəqələrinə o cür axın etdi. Amma o zaman onlar daha çox torpaqlarının 30 ilə yaxın işğalda qalmasının doğurduğu qəzəbdən qaynaqlanan emosiyanın təsiri altında yollara tökülmüşdülərsə, bu dəfə ağılın diktəsi ilə səsvermə paradına çıxmışdılar. O zaman sifətlərdə gözlədikləri əmrin verilməsinin doğurduğu sevinclə yanaşı, gedənlərin bir hissəsinin dönməyəcəklərini bildiklərindən həyəcan da vardı. Bu dəfə isə qazanılan Zəfərin doğurduğu sevinc və qürurla səsverməyə gedilirdi. Və insanlarımızn əksəriyyətinin sifətində bir əzm də görməmək mümkünsüzdü. Bax, bu sevinc, qürur və əzm həmin o qələbəmizi həzm etməyən yırtıcı güclərə Azərbaycan xalqının elə həm də əslində Azərbaycan Ordusu olduğu, öz Müzəffər Ali Baş Komandanının arxasında durduğu, demək idi. Bəlkə də tarixdə ilk dəfə idi ki, səsverməyə gedən hər kəs təkcə seçici yox, həm də Əsgər təsiri bağışlayırdı". S.Alıyev qeyd etdi ki, xaricdən vebkameralardan 7 fevral seçkisinin gedişini on minlərlə izləyən olub: “Bu izləyənlərin arasında təbii ki, həmin yırtıcı güclərə real vəziyyət haqda dosyelər hazırlayan qurumlar da var. Fikrimcə, onlar yüksək seçki fəallığı, seçici yetkinliyini görüb də, liderimiz kimi, bu xalqa da istəklərini diqtə etdirməyin mümkünsüzlüyünü dərk edəcəklər. Bu seçkidə bir mesajı da həm mütəşəkkil şəkildə, sanki döyüşə gedirlərmişcəsinə səsvermə məntəqələrinə axışmaqla, həm də Müzəffər Ali Baş Komandanlarının zəfərini ölkənin hər yerində küçələrə çıxaraq bayramsayağı, öz qələbələri kimi qeyd etməklə Azərbaycan gəncliyi vermiş oldu. Hər yerdə gənclərdən öz dövlətlərinə qarşı "piyada" kimi faydalanan rəngli inqilab və idarəolunan xaos istehsalçıları bizimkilərin timsalında yenə də ağıllı və qeyrətli gənclər gördülər. Onlar Milli Şuradakı bəzi antimilli ünsürlər, ABŞ-da həm də bloger funksiyasını yerinə yetirən, belə demək mümkünsə, xanım, kitab oxumadığını qəhrəmanlıq kimi təqdim edən Tik-Tok təlxəyi və digərləri vasitəsilə seçkini boykot planlarının iflasa uğradığını anlamamış deyillər. Yeri gəlmişkən, bu, Əli Kərimlinin növbəti faciəsidir ki, Qərbin təşkil etdiyi  boykotun de-fakto “lideri” o, yox, məhz həmin təlxək oldu. Burada o da unudulmamalıdır ki, Ermənistanı yeni qarşıdurmaya, buradakıları isə boykota sövq etmək əslində eyni planın tərkib hissəsidir. Bir hissə artıq “status”un ardınca göndərildi. Revanşizmə həvəsləndirilənlər də yəqin bundan nəticə çıxarmamış olmayacaqlar". Deputat səsvermənin nəticəsinə dayanaraq bildirdi ki, üçüncü və ən mühüm mesaj isə doğmaları ilə birgə Xankəndidə səs verən Azərbaycan Prezidenti cənab İlham Əliyevin mesajı oldu: “Buna mən əslində səsvermədən çox, Qərbdəki bəlli çevrələrə və Ermənistanda onların təsiri altında olanlara xəbərdarlıq ağırlıqlı bir bəyanat kimi baxıram. Belə düşünürəm ki, Müzəffər Ali Baş Komandanımızın Xankəndidə səsverməsi məqsəd və mesaj baxımından orada keçirilən hərbi paraddan elə fərqlənmirdi. Mesaj bundan ibarət idi ki, Bakı Azərbaycanın paytaxtı və siyasi mərkəzi olduğu kimi, Xankəndi də artıq hərbi mərkəz rolu oynayır. Yırtıcı güclər nə qədər cəhd etsələr də, "miatsum"çuları öz qanadları altında təzədən Qarabağa yeridə bilməyəcəklər! “Status”la “Stepanakert” eyni yerdədirlər, Makron kimilərin Şeyx Nəsrullahlıqları heç bir nəticə verməyəcək. Xankəndidən gedənlərin də elə özlərini həmin Şeyx Nəsrullahın guya diriltəmək istədiyi ölülərin qohumları kimi aparmaları da bunun təsdiqidir. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın son açıqlamasına baxın. O, göz yaşları tökür ki, nə ermənistandakılar, nə də Qarabağdan ora gedənlər daha “Artsax”da nə baş verdiyi ilə maraqlanmaq istəmirlər. Bir sözlə, mən əminəm ki, Ermənistandan Azərbaycana qarşı dəyənək kimi faydalanmağın artıq alınmadığını necə Rusiya anladısa, 7 fevral seçkisindən sonra Qərbdəkilər də gec-tez o cür anlayacaqlar".

Paşinyanın Soçi görüşü Azərbaycanla münasibətlərində mühüm ola bilərmi? Tofiq  Abbasov ŞƏRH EDİR

Tofiq Abbasov 

Politoloq Tofiq Abbasov bu mövzuda danışarkən bildirdi ki, birincisi, bu proseslərin hamısında açıq-aşkar, aydın şəkildə kimin dost, kimin düşmən, bədxah olmasını özümüz üçün müəyyən etdik: “O qüvvələr ki, Azərbaycanın qələbəsini, haqqın, ədalətin tərəfində olmasını qəbul etmirdilər, Xankəndidəki seçki və səsvermə onların hamısına bir mesaj idi. Yəni onlara bildiriş verdiş ki, Qarabağ məsələsi artıq bitib, yoxdur! Bu məsələnin nöqtəsini qoymuşuq və heç kəs bizi haqlı yolumuzdan döndərə bilməz! Biz bilirik ki, indi Ermənistanı silahlandırırlar, bu ölkəyə fətva verirlər, yeni eskalasiya kampaniyasına sövq edirlər. Həmin qüvvələr çalışırlar ki, rəsmi İrəvan Azərbaycanla bağlı barışmaz mövqedə olsun, sülh sazişi ilə bağlı proseslər ləng getsin və sair. Bunlar imperiyapərəst qüvvələr, neomüstəmləkəçi qüvvələr tərəfindən edilir. Onlara lazım olan budur ki, Qafqaz bölgəsinə yeni dönəmdə ekspansiya etsinlər. Bu, ilk növbədə onlar tərəfindən tranzitlərə nəzarətin ələ keçirilməsi istəyi deməkdir. Eyni zamanda bu, həm də bölgədə hökmranlığı ələ keçirmək niyyətindən irəli gələn bir çalışmalar, istəklərdir”. T.Abbasov Qərb paytaxtlarının guya Rusiya və İranın ayağını Qafqazdan yığışdırmaq niyyətində olması ilə bağlı fikirlərə də toxundu: “Əslində onların məqsədi həm də Türkiyə ilə bağlı haqq-hesab çürütməkdir. Onlar Türkiyənin də əl-ayağını Qafqaz bölgəsindən yığışdırmaq istəyirlər. Çünki Türkiyə bu bölgədə mövcuddur. Digər tərəfdən, Türkiyə Qarabağ məsələsində Azərbaycanın tərəfində idi. Kimlərsə Rəcəb Tayyib Ərdoğana, digər Türkiyə siyasətçilərinə "siz niyə Azərbaycanı dəstəkləyirdiniz", deyib irad bildirəndə onlar bildirirdilər ki, Azərbaycan haqq tərəfində olduğuna, dünya qanunvericiliyinin tələblərinin keşiyində durduğuna görə biz onu dəstəkləyirik. Ona görə yox ki, o bizim müttəfiqimizdir. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad etmək, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını istəyir. Ona görə biz Azərbaycanı dəstəkləyirik. Əgər Azərbaycan işğalçı qüvvə olsaydı, biz onu dəstəkləməzdik, deyirdilər. Burada açıqa-aşkar göründü ki, hansı qüvvə, hansı dövlət hansı dəyərlərin müdafiəsində durub. Ona görə də Prezidentin öz ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi həmin dairələrə bir daha bildirişdir ki, bu məsələlər bitib və biz sizinlə başqa dildə də danışmağa hazırıq! Yəni bizə güc tətbiq etmək, təzyiq göstərmək, bizi qıcıqlandırmaq cəhdlərinin heç bir effekti olmayacaq. Odur ki, həmin çevrələr gərək bu hadisələrdən, o cümlədən 7 fevral səsvermə günündən, onun nəticələrindən nəticə çıxartsınlar". Politoloq qeyd etdi ki, 7 fevral bizim üçün tarixi bir gün oldu: “Biz gördük insanlar necə coşqu ilə meydanlara toplaşdılar. Bu, həm də bizim insanlarımızın düşmən qüvvələrə, bədxahlara cavabıdır. Xalqımızın istəyi, mövqeyi ondan ibarətdir ki, biz heç vaxt haqq mövqeyimizdən əl çəkməyəcəyik. Biz hər zaman həqiqətin yanında olmuşuq, dünya qanunvericiliyinin tələbləri, normaları səviyyəsində özümüzü sağlam qüvvə olaraq təqdim etmişik, bundan sonra da həmişə öz duruşumuzu saxlayacağıq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR