İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev tarixi gündə SENSASİON MESAJLAR verdi: “Türkiyədə seçkilərdən sonra...”

3545 30.04.2023 00:55 Siyasət A A

“Azərbaycan-Türkiyə münasibətləri elə bir səviyyəyə çatıb ki, hər iki ölkənin daxilində baş verən proseslər qarşılıqlı olaraq digər ölkədə həssaslıqla, həyəcanla, maraqla izlənilir. Bu münasibətlər həm də bölgənin istiqrarında, gələcəyimizlə bağlı son dərəcə vacib olan qərarların qəbul edilməsində də bir baza rolunu oynayır. Bu mənada cənab Prezident “Texnofest-2023” festivalında çıxışında Türkiyə ilə bağlı çox ciddi məqamlara toxundu”.

Bu sözləri Musavat.com-a açıqlamasında Prezident İlham Əliyevin Türkiyə səfərini şərh edərkən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

99719425195116b723f047a6b7afea15.jpg (54 KB)

Ekspert vurğulayıb ki, ölkə başçısı öz çıxışında çox ciddi mesajlar verdi:

“İlk növbədə Türkiyənin texnoloji nöqteyi-nəzərdən inkişafı. Hərbi müdafiə sənayesinin inkişafı - bunun hətta dünyada qəbul edilməsi ilə bağlı mesajlardan tutmuş, Türkiyənin bölgədə oynadığı aktiv rol. Prezident İlham Əliyevin ötürdüyü bu mesajlar həm də Türkiyənin gələcəyinin hansı istiqamətdə davam etməli olması ilə bağlı bir baxış idi. Digər bir məqam cənab Prezidentin Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsidir. Burada bir diplomatik eyhamı görə bilirik. Türkiyədə qaydalara görə, seçkilərdən sonra ilk səfər məhz Azərbaycana olur”.

644d368d41b33644d368d41b341682781827644d368d41b30644d368d41b32.jpg (180 KB)

Vüqar Zifəroğlu bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri regionda gedən proseslərə əhəmiyyətli dərəcədə təsir edən əlaqələr olması səbəbilə Türkiyə seçicisi özü də bu məsələdə həssas davranır:

“Son zamanlarda Türkiyə televiziya kanallarında seçkilərlə bağlı hər iki blokun, müxtəlif siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə verilişlər təşkil edilir. Həmin verilişlərdə aparıcılar tərəfindən Millət İttifaqının nümayəndələrinə verilən əsas suallar bunlar olur – əgər qalib gələrlərsə, Azərbaycan və Qarabağ məsələsinə münasibət necə olacaq? Şərqi Aralıq dənizində adalarla bağlı məsələyə münasibət necə olacaq? Yaxın Şərq siyasətində dəyişikliklər olacaqmı? Əslində bu cür sualların verilməsi təbiidir. Çünki zaman-zaman biz Türkiyə xarici siyasətində kilid olan bu istiqamətlər üzrə Cümhuriyyət Xalq Partiyasının (CHP) iqtidardan daha fərqli baxış sərgilədiyinin şahidi olmuşuq. Məsələn, Suriya, adalar məsələsində dövlət siyasətinə zidd bir mövqenin ortaya qoyulduğunu görmüşük. Eyni zamanda CHP-nin seçicilərinin içərisində erməni elektoratı da kifayət qədər var. Bu mənada Azərbaycanla münasibətlər, Qarabağla bağlı mövqe məsələsi ilə də əlaqədar müəyyən həssas və narahatverici məqamlar ortaya çıxır”.

kemal.jpg (48 KB)

Ekspertin sözlərinə görə, Türkiyədə seçkilərlə bağlı məsələdə iki əsas məqam diqqət çəkir, bu məqamlara fokuslanmaq lazımdır:

“Birinci məqam iqtisadi siyasətdir. Türkiyə iqtisadi nöqteyi-nəzərdən çox həssas dönəm yaşayır. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Türkiyə iqtisadiyyatı kifayət qədər ciddi sarsıntılardan keçib. Müəyyən kapitalın gətirilməsi ilə bağlı vədlər verilir. O kapitalın mənbəyi nə dərəcədə şəffafdır? O kapital nə dərəcədə real olaraq Türkiyə iqtisadiyyatında hansısa sektorun inkişafına obyektiv şəkildə öz dəstəyini verə biləcək?

İkinci istiqamət xarici siyasət məsələləridir. Adalar məsələsi, Cənubi Qafqaz, Azərbaycan, Qarabağ, Yaxın Şərq, son illərdə orada əldə olunan ciddi mövqelər, Liviya məsələsi Türkiyə üçün qırmızı xəttdir. Qarabağla Azərbaycan isə prioritetdir”.

susa.jpg (48 KB)

Vüqar Zifəroğlu xatırladıb ki, bundan əvvəl də Ərdoğan öz çıxışlarında Azərbaycanla bağlı məsələlərə xüsusi vurğular edirdi:

“Azərbaycanla münasibətlər hətta Türkiyədə seçkiyə də təsir edəcək gücdədir. Çünki Azərbaycan, Qarabağ türk insanı üçün həssas bir məsələdir. Onlar Azərbaycan və Qarabağla bağlı məsələləri Türkiyənin məsələsi kimi haqlı olaraq görürlər və qəbul edirlər. CHP-nin bu məsələdə müəyyən mənada aydın olmayan mövqe sərgiləməsi təbii ki, seçkilərdə onlara öz təsirini göstərə bilər. Bir neçə gün öncə Cümhuriyyət Xalq Partiyasının funksioneri 24 aprellə bağlı paylaşım etmişdi. Bu da vətəndaşlarda çox ciddi reaksiya doğurdu. Obyektiv olaraq ortaya belə bir sual çıxdı - CHP hakimiyyətə gələrsə, qondarma erməni soyqırımını tanıyacaqmı? Cümhuriyyət Xalq Partiyasının nümayəndələri bir neçə gündür televiziya kanallarına müsahibələrində Azərbaycanla, Qarabağla, Yaxın Şərqlə, adalarla bağlı Türkiyənin hazırkı dövlət siyasətini eynilə davam etdirəcəklərini bildirirlər. Bu, maraqlı bir məqamdır. Amma nə dərəcədə səmimi olduqlarını deyə bilmərəm. Bu, faktiki olaraq onu göstərir ki, Azərbaycan, Qarabağ faktoru Türkiyədə gedən seçki prosesində nə qədər ciddi bir faktora çevrilib”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR