İnsanlara hürriyət, millətlərə istiqlal!

İlginc “ağ ölüm” statistikası - son 2 ayda 38 milyon manatlıq narkotik ələ keçib

849 31.03.2022 15:03 Gündəm A A

Ölkədə 2021-ci ildə 21 min 12 məhbus olub, onlardan 5 min 108 nəfəri narkotik cinayətlərinə görə həbsə alınanlardır

2021-ci ildə Azərbaycanda toplam 21 min 12 məhbus olub. Həmin məhbuslardan 5 min 108 nəfəri narkotik cinayətlərinə görə həbsə alınanlardır. Digər cinayətlərə görə həbsə alınanların sıralaması isə belədir:

- 2 min 497nəfər təhqiredici hərəkətlərə, 2 min 218 oğurluğa, 1 min 436 yol-nəqliyyat hadisələrinə,  805 nəfər adam döymə, 446 soyğunçuluğa, 279 nəfər təcavüzə, 4 min 854 digər kateqoriyadan olan cinayətlər görə həbsdədırlər.

Ölkədə 1 məhbusa çəkilən günlük xərc təxminən 15 manat 80 qəpikdir.

Bu hesabla narkotiklə əlaqəli cinayətlərə görə həbsə alınmış 5 min 108 nəfərin saxlanılmasına Azərbaycan dövləti hər gün 80 min 706 manat 40 qəpik, hər ay 2 milyon 500 min  manata yaxın vəsait xərcləyir.

Statistik məlumatlardan göründüyü kimi Azərbaycanda həbsdə olanların böyük əksəriyyəti narkotiklə əlaqəli cinayətlərdə suçlanaraq cəzalandırılanlardır. Hazırda məhkəmələrdə baxılan cinayət işləri ilə bağlı vəziyyət də eynidir. Son 20 ildə narkotik ittihamı ilə məhkum edilənlərin sayı iki dəfədən də çox artıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2000-ci ildə Cinayət Məcəlləsinin 234-cü - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 min 989 cinayət törədilib. 2020-ci ildə bu göstərici 4 min 832, 2021-ci ildə isə bu rəqəm 5 minin üstündə olub.

2020-ci ildə narkotik vasitələrlə bağlı çıxarılan hökmlərdə təqsirləndirilən şəxslərin əksəriyyətinə - 2 min 53 nəfərə azadlıqdan məhrumetmə cəzası kəsilib. Bunun da 1 min 565-i 5 ilə qədər, qalanı isə 5 ildən 20 ilə qədər həbs cəzası olub.

2022-ci ilin yanvar-fevral ayları Azərbaycanda ümumilikdə 1914 cinayət faktı aşkarlanıb. Onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 1 ton 87 kiloqram 949,825 qram narkotik vasitə müsadirə olunub.  Psixotrop maddələrin 557 kiloqram 738,882 qramı heroin, 326 kiloqram 716,953 qramı marixuana, 112 kiloqram 668,9 qramı tiryək, 5 kiloqram 005,744 qramı həşiş, 198,940 qramı kokain, 81 kiloqram 633,069 qramı psixotrop maddələr, 3 kiloqram 987,337 qramı isə digər narkotik vasitələr olub. 2022-ci ilin ilk 2 ayı ərzində 3 min 153 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

2 ay ərzində hüquq mühafizə orqanlarının əlinə keçən narkotik vasitələrin və psixotrop maddələrin “qara bazarda” ümumilikdə dəyəri təxminən 37 milyon 827 min manat civarında olub.

İl başlayandan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 7-si İran İslam Respublikası, 1-i Rusiya Federasiyası, 3-ü Türkiyə vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kiloqram 022,362 qram və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 30 fakt aşkarlanıb və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 306 kiloqram 692,833 qram və 3153 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Bakıda “patı” satan şəxs saxlanıldı - VİDEO | No Comment

“Bakı” Hüquq Şirkətiin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, narkotiklərlə əlaqəli cinayətlərin artması 2022-ci ildə də yüksələn xətlə davam edəcək.

“Bu tendensiya dünya üzrə müşahidə olunur. Azərbaycan Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanla, suda Xəzəryanı ölkələrlə həmsərhəddir, əlverişli coğrafi mövqedədir. Ölkəmizin narkotiklərin ”istehsalçısı" olan Asiya və “istehlakçısı” olan Avropa qitələri arasında yerləşməsi, avtomobil, su, hava və dəmir yolları şəbəkəsi vasitəsilə daşınan yüklərin həcminin, nəqliyyat vasitələrinin və sərnişinlərin sayının ilbəil artması, həmçinin uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində hər il orta hesabla dünyanın 140-a yaxın ölkəsi ilə ticarət əlaqələri var.  Təbii ki, bu cür əlverişli məkan narkoqaçaqmalçıları özünə cəlb edir. Onlar bu imkanlardan istifadə etməklə, bilavasitə Əfqanıstan mənşəli narkotikləri Avropaya və digər regionlara daşımağa cəhd göstərirlər".

Az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv olunur

Hüquqşünas deyir ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniya ilə ciddi mübarizə var. Amma vəziyyət yenə də xoşagələn deyil: “Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyətdədir. Bu komissiyaya bütün nazirliklərin, komitələrini nümayəndələri daxildir. Amma aparılan mübarizə o qədər də effektiv deyil. Komissiyanın özünün də fəaliyyəti nəzərə çarpmır. Narkotiklərlə əlaqəli cinayət işlərinin 90 faizindən artığında narkotiklərin mənbəyi bilinmir. Təqsirləndirilənin ”iranlı Əhməddən almışam", “yerdən tapmışam”, “qəbiristanlıqda qəbirin yanında bağlama gördüm, götürdüm” şəklində ifadəsi ilə kifayətlənirlər. Halbuki kəndlərdə, elə şəhərlərdə də kimin narkotik satdığı, hansı növ narkotik satdığı belə yerli sakinlərə bəlli olur. Yəni narkotik alıcısını tutmaqla bu növ cinayətkarlığın qarşısını almaq mümkün deyil. Bu cür yanaşma ilə türmələri doldurmaq olar. Hazırda istintaq təcridxanalarında saxlanılanların azı yarısı narkotikə görə tutulanlardır. Əksəriyyəti də külli miqdarda narkotiklə ittiham olunur. Rəsmi statistik məlumatlara görə, hazırda Azərbaycanda 33 min 788 narkotikdən asılı olan insan var. Bu, orta səviyyəli bir şəhərin əhalisinin sayına bərabərdir. Əgər qeydiyyatdan yayınanları da bura əlavə etsək, bunun 10 milyonluq əhalisi olan bir ölkə üçün nə qədər böyük problem olduğunu daha aydın görərik.

Əslində narkotik istifadəçisinin həbs cəzalarına məhkum edilməsi bir az başa düşülən deyil. Çünki bu insanlar artıq xəstədirlər. Əksərən narkotik aludəçilərinin inzibati metodlarla cəzalandırılması onların sağalması, yaxud da onların bu yoldan imtina etməsinə səbəb olmur. Mübarizə üsulu olaraq maarifləndirmə işlərini gücləndirməliyik, belə şəxslərin həyat hekayələrini işıqlandırmalıyıq, ailədə, məktəbdə də maairfləndirmə işləri aparılmalıdır. Sual budur ki, nə üçün dövlət belə şəxslərə həbsdə olduqları müddətdə bu qədər xərc çəkməlidir? Həmin şəxslərin böyük hissəsi onsuz azadlığa çıxanda yenidən eyni işlə məşğul olacaqlar. Bu bizim mübarizə metodumuz olmamalıdır. Ölkədə günbəgün narkotik qəbul edənlərin sayı artır. Eyni zamanda narkotacirlərin sayı artmaqdadır".

VİRTUAL AZƏRBAYCAN

Hüquqşünas deyir ki, Azərbaycan qanunvericiliyinə görə, narkotik maddənin - konkret olaraq heroinin çəkisi 2 qramdan çox olarsa, artıq külli miqdar hesab olunur və cinayət məsuliyyəti yaranır: “Azərbaycan Cinayət Məcəlləsinin 234.1 - satış məqsədi olmadan narkotik vasitələr və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, daşıma maddəsində 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Məcəllənin 234.4.3 - satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama maddəsinin sanksiyasında isə cəza daha ağırdır - 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu baxımdan 2 qramdan artıq heronlə tutulanlar 234.4.3 maddəsi ilə ittiham olunurlar. Nəticədə narkotik istifadəçiləri də narkotik alverçisi kimi həbsə gedir. Son illərdə bəzən birinci instansiya, daha çox isə apelyasiya və kasasiya instansiya məhkəmələrinin təqsirləndirilən şəxsin ittiham maddəsini 234.4.3-dən 234.1-ə tövsif etməsi halları artıb. Narkotiklərlə real mübarizə narkotiklərin mənbəyi ilə bağlı araşdırmadan keçir. Yəni araşdırılmalıdır ki, təqsirləndirilən şəxs narkotiki haradan əldə edilib?"

Əliməmməd Nuriyev: “Yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir”  - 10.04.2021, Sputnik Azərbaycan

Əliməmməd Nuriyev

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev hesab edir ki, narkotik maddə alverçilərinə münasibətdə qanunvericilik daha da sərtləşdirilməli, narkotacirlərlə narkotik istifadəçiləri arasında ciddi fərq qoyulmalıdır: “İstifadəçilərə münasibətdə tibbi-sosial yanaşma tətbiq edilməli, onlar həm də müalicə olunmalıdır. Bir sıra hallarda istintaq materiallarında yazırlar ki, ”naməlum mənbədən əldə olunan". Əsas məsələ elə mənbəni tapmaqdır. Bəzən istintaq keyfiyyətli aparılmır, bəzən əsası olmadan şəxslərin məsuliyyətə cəlb olunması hallarını da müşahidə edirik".

Şura sədri deyir ki, son illərdə ölkədə sintetik narkotik maddələrin dövriyyəsi genişlənib. Bu maddələr daha çox kənardan, özəlliklə İrandan qaçaqmalçılıq yolu ilə daşınır. Narkomaniya sürətlə yayılır. Həmçinin narkomanların əl atdıqları cinayətlər də çoxalır.

Bu il martın 10-da Milli Məclisin Səhiyyə komitəsinin iclasında  külli miqdarda narkotiklə bağlı sanksiyaların sərtləşdirilməsi müzakirə olunub. Milli Məclisə birinci oxunuşda narkomaniya ilə bağlı “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər, həmçinin narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə gəldikdə isə bildirilib ki, sənəddə satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin cinayət məsuliyyətinə səbəb olmayan hallarda, yəni az miqdarda törədildikdə inzibati xəta kimi müəyyən edilməsi təklif olunub. Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində prosessual normaların təkmilləşdirilməsini nəzərdə tutur.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR