İnsanlara hürriyət, millətlərə istiqlal!

İki həftəyə dünyanı silkələyəcək olay - Ukrayna ilə bağlı şok xəbərdarlıq

2439 02.05.2023 09:15 Siyasət A A

Ekspert: “May və yay ayları üçün hər iki tərəfin ciddi planları var”

Ukraynanın işğalçı Rusiyaya qarşı əks-hücum əməliyyatı hər an başlaya bilər. Dünən Ukraynaya məxsus bomba yüklü pilotsuz təyyarələr səhər saatlarında Sevastopol bazasında minlərlə ton yanacaq çənini məhv edərək Rusiya Qara dəniz donanmasına böyük zərbə vurub.

Sevastopol qubernatoru Mixail Razvajayev yanacaq çənlərinin yerləşdiyi Qazax körfəzinə hücum edildiyini etiraf edib. Prezident Volodimir Zelenski əks-hücumun ilk hədəfinin Krım olacağını açıqlayıb. Digər tərəfdən, Rusiyanın Ukrayna ilə sərhədindəki Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın artilleriya hücumları nəticəsində enerji nəqli infrastrukturunun zədələndiyini, sərhəddəki 5 rus kəndinin işıqsız qaldığını açıqlayıb. Ukraynanın Sevastopol bazasına hücumu hərbi ekspertlər tərəfindən Rusiya tərəfinin mühüm müdafiə zəifliyi kimi şərh edilib. Analitiklər Ukraynanın əks-hücuma hazırlaşmaq üçün 30 minə yaxın pilotsuz təyyarəni hazır vəziyyətə gətirdiyini xatırladır: “6 pilotsuz uçuş aparatı Rusiya tərəfinə bu qədər böyük ziyan vurursa, böyük hücum başlayanda 30 min PUA Krım yarımadasını məhv edəcək. Görünür, Kiyev administrasiyası partlayıcı maddələr daşıya bilən hər cür dronlarla kütləvi hücuma keçməyi planlaşdırır. Pilotsuz təyyarələr ərazini təmizlədikdən sonra Leopard tankları və piyada bölmələri işə düşəcək”.

Krımda Rusiya hərbi-dəniz bazasına hücum olan gün Zelenski yeni açıqlama verib. Finlandiyada çıxan “Yle” qəzetinə danışan Zelenski deyib ki, yaxın vaxtlarda başlayacaq əks-hücum çox güman ki, müharibəni bitirməyəcək: “Ancaq düşünürəm ki, bu, 2014-cü ildən Rusiyanın işğalı altında olan Krım yarımadasını xilas etməyə imkan verəcək. Ordumuz Krımı geri almaq əzmindədir. Əgər Qərb müttəfiqlərimiz tam silah dəstəyi versələr, biz 1991-ci ildə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmağı planlaşdırırıq”.

Ukraynanın planlaşdırdığı əks-hücumla bağlı Rusiyadakı muzdlu “Vaqner” ordusunun rəisi Yevgeni Priqojin də məlumat verib. Priqojin bəyan edib ki, Ukraynanın əməliyyatının mayın 15-dək başlamasını gözləyirlər. Amerikanın “New York Times” (NYT) nəşri isə həyəcanı artıran xəbər dərc edib. NYT Pentaqon rəsmilərinə istinadən yazıb: “Rusiyanın Ukrayna müharibəsində taktiki nüvə silahı istifadə etmə ehtimalını nəzərə alaraq, ABŞ Ukraynada nüvə bombasının nə vaxt partladığını təsbit edəcək cihazlar quraşdırmağa başlayıb. Ukraynaya ən kiçik nüvə bombası atılsa belə, dərhal qeydə alınacaq və Rusiyaya cavab veriləcək”, - deyə o yazıb.

Artıq gerisayım başlayıb. Cəmi İki həftəyə dünyanı silkələyəcək olay baş verə bilər? Proqnozlar nə deyir. Uğur kimin tərəfində olacaq?

Fikrət Yusifov: "Qarşıda bizi ciddi bir təhlükə gözləyir"

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov öncə informasiya savaşına diqqət çəkdi. O, sonda bu müharibənin Ukraynanın qalibiyyəti ilə başa çatacağına əmindir: “Ukrayna ordusu işğalçı rus ordusuna qarşı əks-hücuma çoxdandır ki, hazırlıq görür. Ancaq unutmayaq ki, hərbi münaqişədə informasiya müharibəsinin yeri xüsusidir. Bu müharibədə qarşıda baş verəcək hadisələrə və onların başlama vaxtlarına dair nə qədər anonslar verilsə də, real olaraq həqiqət hərbi sirr kimi gizli saxlanılır. Bu səbəbdən Ukrayna ordusunun nə vaxt əks- hücuma keçəcəyinin dəqiq vaxtını söyləmək çətindir. Lakin onun bu ilin yayına qədər baş tutacağı gözləniləndir. Krımda rus ordusunun yanacaq anbarlarına edilən hücum və bu qəbildən olan başqa hərbi əməliyyatlar indi böyük əks-hücum qabağı kəşfiyyat xarakteri daşıyır. Yəni bu lokal hücumlar baş verəcək böyük əks-hücum üçün bir hazırlıqdır. Belə hərbi əməliyyatlarla Ukrayna ordusu rusların zəif yerlərini müəyyənləşdirmək istəyir.

Müharibənin Ukrayna ordusunun qələbəsi ilə başa çatacağı heç şübhəsizdir. Ukrayna ordusu bu müharibəni 2024-cü ilin ikinci yarısına qədər tam yekunlaşdırmalıdır. Yəni gerçək olaraq Ukrayna ordusu bu vaxta qədər  öz dövlətinin 1991-ci ilə qədər mövcud olmuş sərhədlərini bərpa etməlidir.

Bu gün rus ordusu nə qədər say üstünlüyünə sahib olsa da, ürəklə savaşmaqdan uzaqdır. Ukrayna ordusu isə öz torpaqlarının azadlığı uğrunda haqq mücadiləsinə qalxıb və eyni zamanda Qərbin bütün səviyyələrdən olan dəstəyini alır. Sonda haqq qalib gələcək - buna heç kimin şübhəsi olmasın".

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşula bilər... » SenzoR.az

 Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, qarşıdakı aylarda hər iki tərəfin ciddi planları var. Ekspertin sözlərinə görə, Ukrayna-Rusiya müharibəsində hərbi əməliyyatların güclənəcəyi, hər iki tərəfin hücum taktikasını bərpa edəcəyi öncədən məlum idi: “Hazırda havaların qızması ilə quru əməliyyatlarına mane olan bataqlıqlar qurumağa başlayıb və eyni zamanda yazın gəlişi ilə müharibənin rahat aparılması üçün münbit şərait yaranıb. Belə bir zamanda ilk olaraq Ukrayna müttəfiqləri ilə birgə Rusiyaya ciddi itkilər verilməsi ilə müşahidə olunacaq əməliyyatlar keçirməyə hazırlaşır. Ən əsası isə bu əməliyyatların Rusiya ərazilərində keçirilməsinə qərar verilməsi Ukrayna rəhbərliyinin bəyanatlarından da hiss olunur. Bu istiqamətdə sərhəd boyu ərazilərdə, o cümlədən ola bilsin ki, Krım istiqamətində də əməliyyatların olacağı gözləniləndir. Belə bir perspektivin göründüyü zamanda Rusiyanın bunu müşahidə etməyəcəyi şübhəsizdir. Rusiyanın qorxduğu müharibənin uzanması və Ukraynanın məğlubiyyəti qəbul etməməsidir. Çünki müharibə uzandıqca Ukraynanın müqavimət gücü artır. ABŞ və Avropa İttifaqının göstərdiyi maddi və hərbi yardımlar hesabına bu gücün artıq hücum taktikasına çevrildiyini də yaxşı görür. O səbəbdən Rusiya çox istəyir ki, maksimum payıza qədər bu məsələni bitirsin. Bunun üçün o da bütün resurslarını cəmləşdirib. Deyərdim ki, sonuncu zərbəsini vurmağa çalışacaq. Etiraf olunmasa da, hazırda rəsmi Moskvanın gündəliyində Ukraynanın demilitrasiyası və denasifikasiyası yoxdur. Bu gün Rusiya yalnız qondarma Luqansk və Donetsk respublikalarının əlində qalması və Krımın müdafiəsi haqqında fikirləşir. Bu istiqamətdə ona təminat verən olsa, bu gün müharibəni dayandırar. Sözsüz ki, buna elə don geyindirər ki, uduzduğu yox, udduğu görünsün. O səbəbdən bu ilin yaz və yay ayları üçün hər iki tərəfin ciddi planları var. Amma məsələ ondadır ki, bu dövr ərzində mövqeləri güclənən ölkə Ukraynadır. Bura hərbi potensialının güclənməsi, beynəlxalq dəstəyin artması, əhali və ordu arasında panikanın olmaması, döyüş ruhunun günü-gündən yüksəlməsi daxildir. Eyni sözləri Rusiya ilə bağlı demək mümkünsüzdür. Üç günə Kiyevi işğal edəcəyini deyənlər bu gün sayı iki yüz mini çoxdan keçmiş canlı qüvvə və çoxlu sayda hərbi texnika itkisi ilə qarşı-qarşıyadır. Əsgərlərdə döyüş ruhu yoxdur, onlar artıq döyüşmək istəmirlər. Ona görə də TV-lərdə böyük məbləğ müqabilində müqaviləli əsgərlərin yığılması ilə bağlı təbliğat kampaniyası aparılır. Belə bir vəziyyətdə düşünürəm ki, Ukrayna tərəfi cəbhənin bütün istiqaməti boyunca, o cümlədən havadan Krım istiqamətində hücumlara başlamağa cəhd edəcək. Sözsüz ki, Rusiya da buna qarşılıq verəcək. Amma məsələnin Kreml üçün təhlükəli tərəfi odur ki, artıq Ukrayna sürətlə müdafiə olunan tərəfdən hücum edən tərəfə çevrilir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR