İnsanlara hürriyət, millətlərə istiqlal!

İki dəfə Nobel mükafatı alan alim – Polinq ABŞ-da sevilməyib, SSRİ-də mükafatlandırılıb

2029 18.01.2023 15:00 Kriminal A A

XX əsrin ən görkəmli alimlərindən biri sayılan Laynus Polinq Nobel mükafatı laureatları arasında azsaylı alimlərdən biridir ki, o, bu mükafata iki dəfə layiq görülüb: birinci dəfə 1954-cü ildə kimya üzrə, ikinci dəfə isə 1962-ci ildə Nobel Sülh mükafatı. Polinq SSRİ-dən əks qütbdə, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərsə də, 1968-ci ildə kommunistlər alimdən Lenin sülh mükafatını da əsirgəməyiblər.

İstər Amerikada, istərsə də Avropa ölkələrində həmkarları Polinqin elmi fəaliyyətini həmişə yüksək qiymətləndiriblər. Hətta onun nəzəriyyələrinə, kəşflərinə qarşı çıxanlar da Polinqi nəhəng alim adlandırıblar. Onun hər bir ideyası, təklifi elm ictimaiyyətində böyük maraqla qarşılanıb. Alimin elmi jurnallarda dərc olunan məqalələrinə hər alim rəy yazmağa cürət etməyib. Albert Eynşteyndən Polinqin elmi işləri haqqında soruşanda onun cavabı qısa olub: “Polinqin işləri mənim üçün həddindən artıq mürəkkəbdir...”

Linus_Pauling_1962.jpg (68 KB)

Laynus Polinq 1901-ci ildə ABŞ-ın Oreqon ştatında, Portlend şəhərində anadan olub. Atası əcazçı olduğundan Polinq məktəb illərindən kimya fənninə böyük maraq göstərib. O, əvvəlcə Oreqonda aqrar kollecin kimya mühəndisliyi fakültəsində, sonra Koliforniya Texnologiya İnstitutunda, daha sonra isə həmin institutun aspiranturasında təhsil alıb, elmi iş müdafiə edib. Elmi və pedaqoji fəaliyyətini də bu təhsil ocağında davam etdirib. Artıq 30 yaşı olanda Polinq Amerikada kimya üzrə ən tanınmış mütəxəssilərdən biri sayılıb. Onun təbii kimyəvi birləşmələr mövzusunda tədqiqatları 1930-cu illərin sonunda həm Amerikada, həm də Avropa ölkələrində ən uğurlu elmi işlərdən biri kimi qəbul edilib.
Polinqin həm öz ölkəsində, həm də ayrı-ayrı ölkələrdəki gərgin elmi fəaliyyəti, davamlı tədqiqatları nəticəsiz qalmayıb. O, 1954-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.

231530_original-520x346.jpg (119 KB)

Polinq eyni zamanda ictimai fəal kimi də tanınıb. O, dünyada baş verən ictimai-siyasi prosesləri kənardan adi bir seyrçi kimi izləməyib. 1945-ci ildə Amerikanın Yaponiya şəhərlərinə atdığı atom bombaları isə onun siyasi baxışlarını tamamilə dəyişib, kimyaçı alim öz ölkəsinin bu addımını heç kimdən çəkinmədən sərt şəkildə tənqid edib.

Polinq bütün çıxışlarında, müraciətlərində, mətbuatdakı məqalələrində nüvə silahının tətbiqinə qarşı çıxıb. Özünün söylədiyi kimi, müharibələrin qaçılmaz olduğunu bilsə də, heç olmasa həmin illərdə keçirilən nüvə sınaqlarının qarşısının alınmasını, məhdudlaşdırılmasını vacib sayıb. Onun bu mövqeyi ABŞ rəsmilərinin heç də ürəyincə olmayıb. Hətta bir müddət rəsmilər onu Avropa ölkələrinə səfər etməyə icazə verməyib.

1790945.jpg (120 KB)

Elmi araşdırmalarda sovet alimləri Polinqin kəşflərini qəbul etmək istəməsələr də, nüvə sınaqlarının məhdydlaşdırılmasında amerikalı alimlə həmfikir olublar. Sözsüz ki, ABŞ-SSRİ münasibətlərinin gərgin olduğu bir vaxtda SSRİ-nin Polinqə xoş münasibəti Ağ Evin qıcığına səbəb olub. Polinq haqqında SSRİ-nin, kommunistlərin dostu təəssüartı formalaşıb.

Növbəti dəfə Polinq 1960-cı illərdə Ağ Evin hədəfinə düşüb. O, ABŞ-ın Vyetnam müharibəsinə müdaxilə etməsini sərt tənqid edərək prezident Lindon Consonun siyasətini qətiyyətlə pisləyib.

Təzyiqlərə, tənqidlərə baxmayaraq, Polinq öz əqidəsindən dönməyib. Mətbuatda onun haqqında məqsədli, sifarişli, qərəzli yazılar bir-birini əvəz edib. Bu cür yazılar da kimyaçı ailimi susdura bilməyib.
Polinqin dünya ictimaiyyəti qarşısında sülhə şağırışları, bununla bağlı ayrı-ayrı beynəlxalq təşkiların işində fəallıq göstərməsi Nobel komitəsinin diqqətindən yayınmayıb. Polinq 1962-ci ildə Nobel sülh mükafatına layiq görülüb. Onun bu mükafatı almasını əleydarları “Life” jurnalında “Norveçdən gözlənilməz və qəribə təhqir” kimi qiymətləndiriblər.

lajnus_poling_15_499.jpg (185 KB)

İkinci Nobel mükafatından altı il sonra, 1968-ci ildə Polinq Kreml tərəfindən Lenin sülh mükafatına layiq görülüb. Bu mükafatın ona verilməsində əsas təşəbbüskarlar Leonid Brejnev və Mixail Suslov olub.
Ayrı-ayrı beynəlxalq qurumlar tərəfindən təsis edilən fəxri adların siyahısında Polinqin də adı ön sıralara yazılıb. “Dünyanın ən böyük 20 alimi”, “Dünyanın ən böyük nəzəriyyəçiləri” siyahısında onun adı Eynşteyn kimi nəhənglərlə eyni sırada əks olunub.

Polinq dünya şöhrətli alim, tanınmış ictimai xadim olsa da, o, sadəliyi ilə ətrafdakılarını təəccübləndirib. Yaşına, nüfuzuna, titullarına baxmayaraq, kimyaçı alim ayrı-ayrı ölkələrdə nüvə silahına qarşı çıxan sıravi vətəndaşların etiraz aksiyalarına qoşulub, birinci tələbi isə ona da “Nüvə silahına yox deyirik” plakatının verilməsi olub.

1489.jpg (104 KB)

Gərgin zehni fəaliyyətinə, uzun illər təzyiqlərə məruz qalmasına baxmayaraq, Polinq uzun bir ömür sürüb. 93 il yaşayan alim ömrünün son günlərinə qədər özünü gümrah hiss edib. Bunun səbəbini isə C və digər təbii vitaminlərin daha çox istifadə etməsində görüb. Hətta onun bununla bağlı böyük oxucu auditoriyası qazanan kitabı da çıxıb.

Amerika, Fransa, Almaniya, SSRİ Elmlər Akademyalarının, dünyanın ən nüfuzlu elmi cəmiyyətlərinin üzvü olan Laynus Polinq 1994-cü ildə vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR