İnsanlara hürriyət, millətlərə istiqlal!

İçində hadisə baş verən yazı

1667 06.04.2023 09:50 Yazarlar A A

Üzeyir Hacıbəylinin bir felyetonu var, 1907-ci ildə yazıb, “Müsəlman kəndlisinin siyasi söhbəti” adlanır. Qısa olduğundan burada hamısını verirəm:

“- Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə-zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?

- Əlbəttə, vəzir böyükdür!

- Yaxşı, indi sözgəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?

- Salar!

- Vəkil də, söz gəlişi, istəsə goburnatı salar, elə dəyilmi?

- Bəli!

- Goburnat da, deməli, nəçənliyi salar?

- Bəli!

- Nəçəlnik də pristavı salar?

- Bəli!

- Pristav da yüzbaşını salar?

- Bəli!

- Yüzbaşı da, deməli, bizi salar?

- Bəli!

- Yaxşı, onda, deməli, bu gün, məsələn, vəzir istəsə, vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da?

- Salmağına salar, amma qazamatda bir elə yer olmaz.

- Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur..."

Felyetonun yadıma düşməyinin səbəbi var. Bu yaxında bir hüquqşünasla söhbətləşəndə ondan soruşdum ki, Ali Məhkəmə böyükdür, yoxsa Konstitusiya Məhkəməsi. Çünki bizim qanunlara görə, Konstitusiya Məhkəməsinin Ali Məhkəmənin qərarını ləğv eləmək, işi yenidən istintaqa göndərmək səlahiyyəti var. O zaman ortaya haqlı sual çıxır: niyə biz Ali Məhkəməyə “Ali Məhkəmə” deyirik?

Yazımın İnam müəllimin Ali Məhkəməyə sədr qoyulmasına dəxli yoxdur, təsadüfdür, bunu da xüsusi qeyd edim. Söhbət ondan gedir ki, “ali” sözünün bizim ana dilimizin izahlı lüğətində izahı “ən yüksək” kimi verilibdir. Ali Məhkəmə ən yüksək məhkəmədir. Bəs onun qərarını ləğv edən Konstitusiya Məhkəməsi o zaman nə olur?

Təzəlikcə ölkədə su ilə aşağı-yuxarı əlaqəsi olan bütün dövlət idarələrini “Dövlət Su Ehtiyatları Agentliyi” adı altında birləşdirmək fərmanı verildi. Lap gözəl. Mənasız, bürokratik, bir-birini təkrarlayan aparatları ixtisar etmək lazımdır. Ancaq elə bunun adı sual doğurur. Niyə qısaca Su Agentliyi yox, Su Ehtiyatları Agentliyi? Buradakı “ehtiyat” sözü olmasa, suyumuz gəlməyəcək?

Təxminən “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” kimi alınır. Bəyəm təbii sərvətlər ekologiyanın - ətraf mühitimizin bir tərkib hissəsi deyilmi?

Dükanlarda, iri marketlərdə polietilen torbaları pulla satmaq qərarı var və yaxşı qərardır. Təbiəti zibilləməyi müəyyən dərəcədə azaldır. Ancaq ana dilimizi zibilləməyə niyə maliyyə sanksiyaları olmasın? Vaxtilə Xəlil Rza rusca kəlmə işlədən tələbələrini 5-10 qəpik cərimə edərmiş.

Ana dilinin zibillənməsi ciddi məsələdir. Bizdə indi dəbdir, Türkiyə türkcəsini pisləyirlər, guya bizim türkcənin daha təmiz olması iddia edilir. Halbuki hazırkı Azərbaycan dili təxminən Türkiyənin Osmanlı dili kimi bir şeydir, ərəb-fars sözləri ilə xirtdəyə qədər zibillənmişdir. Ona görə camaat kitab-dəftər, qəzet-jurnal arası aça bilmir!

Zibillənmiş, artıq sözlü cümlələr çoxdur, misal göstərim. Kimsə intihar edir, jurnalist yazır: “Filankəs özünü filan mərtəbədən ataraq intihar edib”. Özünü ataraq nə deməkdir? Bunu qısaca “Filan mərtəbədən atılaraq ölüb” yazmaq olmazmı? Yazırlar: “intihar hadisəsi”. Aydın məsələdir ki, intihar hadisədir, bunu təkrarlamaq nəyə lazım? Belə zibilli ifadələr saysızdır: “yol qəzası hadisəsi”, “ölüm hadisəsi” (hadisə olmayan ölüm varmı), “hadisə baş verib” (baş verib sözü artıqdır), “ilk öncə”, “vəkil kimi işləyirdi” (kimi sözü zibildir), “vəfat edib” (guya ölüb yazmaq adamın şərəfini nəsə azaldırmış), “məlumata görə”, “belə ki”, “hansı ki” və sairə. Polis cinayətkarı tutur, xəbər verilir: “Tərəfimizdən aşkar edilib götürülüb”. “Üzərindən narkotik tapılıb” yazanda nə olur? Aydın məsələdir ki, bu sizin tərəfdən aşkar edilib. Biz aşkar eləsək biz xəbər verərdik.

Bugünlərdə xəbər lentində oxuduğum başlıq isə lap şedevr idi: “Evdən 6 nəfərin güllələnmiş meyiti tapılıb”. Sanki bu yazıqlar öncə nədənsə ölüblər, sonra bunların meyitləri güllələnib. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR