İnsanlara hürriyət, millətlərə istiqlal!

I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi olub - Fotolar

960 28.05.2022 15:23 Mədəniyyət A A

Bakı Dövlət Universitetində (BDU) birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib.

Musavat.com bildirir ki, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçirilən mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Cəngi” rəqsi ifa olunub.

Daha sonra Şuşa şəhərinin 270 illiyi və “Şuşa İli” ilə əlaqədar havaya içərisində şeirlər olan rəngli şarlar buraxılıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, BDU yarandığı gündən indiyə kimi bir çox tarixi hadisələrə şahidlik edib: "Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı da həmin tarixi günlərin sırasında xüsusi yer tutacaq. Əminəm ki, festival türk dünyasının sarsılmaz birliyinə, xüsusilə eyni mədəniyyətə, tarixə malik olan qardaş Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə verəcək.

Çox məmnunuq ki, Azərbaycanla türk dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətləri günbəgün inkişaf edir. Burada mən xüsusilə Türkiyədən gələn qonaqları vurğulamaq istəyirəm. Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər özünün ən yüksək səviyyəsinə çatıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı Azərbaycanla Türkiyənin dost və qardaş münasibətlərinin strateji inkişafının yol xəritəsidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə davam etməkdədir. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında oldu, savaşın ilk anlarından ölkəmizə ən yüksək səviyyədə mənəvi-siyasi dəstəyini ifadə etdi".

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bütün dünyaya barış, sülh arzulayıb: “Hər xalq öz doğma torpağında əkib-becərsin, mahnılar yazsın, kitablar oxusun, belə kitab bayramlarını ürək açıqlığı ilə qeyd edə bilsin”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı Aqil Abbas, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakıcı çıxışlarında birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar.

Qeyd edək ki, mayən 28-dək davam edən festivala türk dövlətlərinin tanınmış alimləri, qələm adamları qoşulub.

Tədbirin birinci günü “Şuşa Günü”, ikinci günü “Türk Dünyası Günü”, üçüncü günü isə “Dədə Qorqud Günü” adlandırılıb. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək. Festival türk dünyasının böyük mütəfəkkirləri Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirələrinə həsr edilib. Festivalda türk dövlətlərinin alimləri həmin ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər.

Tədbir çərçivəsində Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşidbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları keçirilib.

Tədbirin sonuncu günü, mayın 28-də festivalın təntənəli mükafatlandırma mərasimi təşkil olunacaq.

Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı gələn il Türkiyədə təşkil ediləcək.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR