İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüzr mərasimlərində israfçılıq davam edəcək, “palatka biznesi” çiçəklənəcək... bəs nə etməli?

730 12.03.2022 09:40 Gündəm A A

Artıq yas mərasimlərinə də icazə verilib. Hüzn mərasimlərində həmişəki zənginlik, israfçılıq yəqin ki, yenə davam edəcək, “palatka biznesi” çiçəklənəcək. Halbuki qonşu və qardaş Türkiyədə, eləcə də İranda yas mərasimləri çox sadə keçirilir.

Azərbaycanda da yas mərasimlərinin bu cür sadə keçirilməsi üçün kifayət qədər müzakirələr aparıldı, çağırışlar edildi, tövsiyələr verildi, hətta nümunələr ortaya qoyuldu, lakin görünəni budur ki, bütün bunlar effekt vermədi. Bəs nə etməli?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, ilahiyyatçı Hacı Şahin Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, bu məsələdə yeganə yol maarifləndirmədir: “Yəni, bu istiqamətdə maarifləndirmə işləri davamlı olaraq aparılmalıdır. Dinimiz israfçılığı ən böyük günahlardan hesab edir. Quranda da qeyd olunub ki, ”israfçılıqdan çəkinin". Bəzən savab qazanmaq istəyirik, amma günah qazanmış oluruq. İnsanın fəlsəfəsi yaxşılıq etmək deməkdir. Belə ki, “ehsan” ərəb dilində “yaxşılıq” mənasını ifadə edir. Çox təəssüf ki, Azərbaycanda bəzi yas mərasimlərində ehsan öz mahiyyətini itirir. Faktiki olaraq rəqabət, şan-şöhrət predmetinə, vasitəsinə çevrilir, insanlar ehsan süfrələri ilə bir-birinin bəhsinə girir. Beləliklə də əslində dünyadan köçən insanlar faktiki olaraq unudulur. Yəni, digər insanların diqqətini cəlb etmək, təriflənmək üçün ehsan süfrələri təşkil edilir. Bu insanın fəlsəfəsinə davan-dabana ziddir. Buna görə də QMİ din xadimlərinə tövsiyə edir ki, bütün məclislərdə, mərasimlərdə bu məsələ xüsusilə vurğulansın və insanlar bu məsələnin mahiyyətini anlasın.

Hacı Şahin: Prezident dinimizə xüsusi hörmət bəsləyir - "İki sahil"

Hacı Şahin: “Bu istiqamətdə maarifləndirmə işləri davamlı olaraq aparılmalıdır”

Dünyanın hər yerində, yəni istər müsəlman,  istərsə də Qərb, Avropa ölkələrində yas mərasimləri sadə şəkildə keçirilir, yalnız  xurma və çay verilir. Əslində bu cür olmalıdır. Əgər yemək verilərsə də, bu sadə süfrə olmalıdır. Yəni bu bir vacib qayda deyil. Dünyadan köçən insanın yar mərasimində vacib olan qaydalar yalnız dünyadan köçən insana qusul vermək, kəfənləmək və dəfn etməkdir. Bundan sonra olan əməllər artıq müstəhəbdir , yəni tövsiyə olunan əməllərdir, vacib deyil. Bunun sırasına sadə ehsan süfrələri daxil ola bilər. Bu, başqa şəkildə də ola bilər, məsələn, hansısa yoxsul insana yardım etmək, tələblərin təhsil haqqını vermək olar və sairə. Bütün bunlar insanlara çatdırlmalıdır və düşünürəm ki, artıq bəzi bölgələrdə bu öz təsirini göstərib. Məsələn, bir sıra kənd və rayonlarda ağsaqqallar insanlara bunları tövsiyə edir. Bu iş davamlı olaraq aparılmalıdır".

Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa  çalışırlar

Kənan Rövşənoğlu: “Kiməsə ehsan süfrəsi açmağı qadağan etmək də doğru deyil, amma...”

Dini ekspert Kənan Rövşənoğluya görə, pandemiyadan sonrakı vəziyyət barədə nəsə demək çətindir: “Amma ümumilikdə qadağalardan sonra bir xeyli dərəcədə yas mərasimlərində israf halları azalmışdı. Doğrudur, bunun üçün bir qədər məcburetmə oldu, hökumət qurumları bu məsələdə işə yaradı. Ümumiyyətlə, xalqları adətlərdən çəkindirmək çox çətindir. Bernard Luis yazır ki, 19-cu əsrin əvvəllərində Osmanlı ordusu nizami orduya keçəndə çalmalardan imtina edir, bunun əvəzinə Mərakeş xalqının istifadə etdiyi fəs adı verilən papaq tətbiq olunur. İlk illərdə Osmanlı əhalisi fəs qoymağa qarşı çıxır, deyirlər ki, bu bizim adətlərimizə ziddir, öz milli baş geyimimiz var və sairə, amma sonra alışırlar. Təxminən 100 il sonra Atatürk Türkiyədə ”Şapka qanunu" qəbul etdirib fəsdən imtina edəndə türkiyəlilər bu dəfə yenə etiraz etdilər ki, bəs fəs bizim milli geyimdir. Yəni adətlər də dəyişir, dəyişməlidir. Yas mərasimləri sovet dövrü din qadağan olunanda insanların bir mənada dini adətləri, söhbətləri yaşatdığı yerlər olub. Ehsanlar da onda dəb olub. Amma indi artıq din azadlığı var, yasda din təbliğinə gərək qalmayıb. İnsanlar anlamalıdır ki, yemək məclisləri dünyadan köçən insan üçün edilməsi vacib bir iş deyil. Kimin nəyə gücü çatır yaxşılıq, xeyir əməl edə bilər. Kiməsə ehsan süfrəsi açmağı qadağan etmək də doğru deyil, amma bunu anlamaq lazımdır ki, ehsan məclisi hər kəsin etməli olduğu bir vacib əməl deyil".

Toyların olmaması əhalinin demoqrafik artımına mənfi təsir edəcək –  SOSİOLOQLAR NARAHATDIR (MÜSAHİBƏ) - Günün Səsi

Üzeyir Şəfiyev: “Bunu cəmiyyət olaraq  özümüz tənzimləməli, sosial mizanı yaratmalıyıq”

Sosioloq Üzeyir Şəfiyev isə hesab edir ki, təkcə pandemiya və ondan sonrakı dövrdə deyil, pandemiyadan əvvəl də kütləvi mərasimlər, tədbirlər ilə bağlı ictimai etiraz, narahatçılıq müşahidə olunub: “Əfsuslar olsun ki, Azərbaycanda hələ də toy və yas mərasimləri köhnə ənənələr əsasında, bir qədər də cəmiyyətimizdə auditoriyaya hesablanmış, ”qonşudan geri qalma" prinsipi  ilə həyata keçirilir. Yəni, sanki rəqabətə girirlər ki, kim toya daha çox adam cəlb edə biləcək və yaxud kimin hüzrünə daha çox adam gələcək. İnsanlar daha çox auditoriyaya hesablanmış məşhurluğa önəm verir. Bu düzgün yanaşma deyil. Toy və yas mərasimlərinin bu cür böyük, qələbəliklə keçirilməsi həm sosial təhlükəsizlik, həm də iqtisadi mətləblər üçün məqsədə uyğun sayıla bilməz. Ona görə də hesab edirəm ki, ictimai qınaq səviyyəsində bunun tənzimlənməsinə ehtiyac var. Sovet dövründə, eləcə də ondan əvvəl çox sadə toy və yas mərasimlərimiz olub. Yəni, insanlar bu cür mərasimlərdə daha çox bir-birilərinə dəstək olmağa, yardım etməyə çalışırdı. İndi isə insanlar borclanmaya məruz qalır və uzun müddət həmin borcu ödəyə bilmir. Nəticədə çox zaman toydan sonra ailələrdə konflikt yaranır. Ümumiyyətlə toy nədir? Toy sosial şahidlikdir, yəni, insanlar şahidlik edir ki, cütlük evləndi. Bunu böyük masştabda keçirilməsinə ehtiyac yoxdur. Məsələn, çox utancverici haldır ki, bəzən toy mərasimindən sonra toy xərclərini ödəyə bilməyənlər girov saxlanılır. Bu kimə lazımdır? Bunu cəmiyyət olaraq  özümüz tənzimləməli, sosial mizanı yaratmalıyıq. Yəni, dövlətin müdaxiləsindən əvvəl insanlar özü-özünü tənzimlənməldir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR